“Ola bilsin ki, prezidentə bu barədə onun yaxın ətrafı məlumat vermir”- Müsahibə

ola-bilsin-ki-prezidente-bu-barede-onun-yaxin-etrafi-melumat-vermir-musahibe
Oxunma sayı: 705


- Niyaməddin bəy, bildiyiniz kimi, parlamentin son iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı BAXCP sədri Qüdrət Həsənquliyev magistraturada təhsil alan gənclərə möhlət hüqunun verilməsi təşəbbüsünü dəstəkləyib. Ümumiyyətlə, Qüdrət bəyin bu qanun layihəsilə bağlı fikirlərini necə şərh edərdiniz?

- Hesab edirik ki, bu məsələdə hakim partiya Azərbaycan təhsilini tapşırdıqları insanlara etimad göstərməlidir. Çünki rektorlar prezident tərəfindən təyin olunur. Bütün rektorların yekdil fikri bundan ibarətdir ki, magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətdən möhlət verilməlidir, onların möhlət hüququ olmalıdır. Onlar magistraturanı başa vurduqdan sonra xidmət edə bilərlər. Qüdrət bəy parlamentdəki çıxışı zamanı bildirdi ki, Azərbaycan ordusunda bütün hərbi texnikanın, tankların, artelleriya qurğularının idarə olunması peşəkar hərbçilərə, yüngül atıcı silahlar isə müvəqqəti olaraq hərbi xidmətə çağırılmışlara verilməlidir. Çağırış müddəti də 1 il 6 aydan 1 ilə endirilməlidir. Yüngül atıcı silahlardan istifadəyə yiyələnməkdən ötrü maksimum 1 ay da vaxt lazımdır. Buna görə də müddət 1 ilə endirilməlidir. Əgər hər hansı bir əsgər pul ödəyərsə, onun xidmət müddəti 6 aya qədər azaldıla bilər. Magistraturanı qurtaranlar isə yalnız 6 ay hərbi xidmətdə olmalıdırlar ki, bu texnikadan istifadə qaydalarına yiyələnə bilsinlər. Azərbaycan müharibə şəraitində yaşadığından onun peşəkar ordusu olmalıdır. Güman edirik ki, Milli Məclisin növbəti iclaslarının birində bu məsələ müzakirəyə çıxarılacaq.
Digər tərəfdən isə ildə 4 dəfə hərbi xidmətə çağırış hərbi hazırlığın keyfiyyətini aşağı salır. Hələ sovetlər dövründə də ildə iki dəfə çağırış var idi. Yeni gələn əsgərlər karantin deyilən hazırlıq kursu keçdikdən sonra ələ silah alırdılar. Yəni orduya yeni gələnlərlə təlim keçmək üçün yetərincə vaxt var idi. İndi isə hər üç aydan bir çağırış olduğundan yeni əsgərlərə hərbi təlimlər keçmək üçün vaxt qalmır. Bir təlim başa çatmamış o biri başlayır. Bu da düzgün deyil.


- Rusiyada baş verən son siyasi prosesləri necə qiymətləndirirsiniz?

- Tək Rusiyada deyil, bir neçə gün öncə Qazaxıstanda da ciddi hadisələr baş verib. 15 nəfər həlak olub, onlarla insan yaralanıb. Bunun baş vermə səbəblərindən biri də həm Rusiyada, həm də Qazaxıstanda qanunun aliliyi ilə bağlı problemlərin mövcudluğudur. Bu problemlər öz həllini tapmadığından kəskinləşib və nəticədə belə xoşagəlməz hadisələr baş verib. Medvedyev Vahid Rusiya Partiyasının rəhbərliyilə görüşündə dedi ki, artıq köhnə idarəçilik sisteminin cəmiyyətə verə biləcəyi töhfələr tükənib. Köhnə idarəetmə sistemiylə yeni dövrdə yaşamaq mümkün deyil. Ona görə də Rusiya yeni bir siyasi mərhələyə qədəm qoymalıdır. Bu da təbiidir, çünki cəmiyyət inkişaf etdikcə idarəçilik təcrübəsi də təkmilləşdirməlidir. Rusiyada siyasi, intellektual səviyyə yüksək olduğundan on minlərlə insanın iştirak etdiyi mitinq insidentsiz ötüşdü. Hakimiyyət də imkan verdi ki, insanlar sakitcəsinə öz etirazlarını bildirsinlər. Qazaxıstanda isə çox təəssüf ki, qəddarcasına davrandılar. Bu da siyasi mədəniyyət səviyyəsinin aşağı olması ilə bağlıdır. Həm də Rusiya hakimiyyəti özünə daha çox əmin idi. Artıq cəmiyyətlər köhnə qaydalarla yaşamaq istəmirlər. Buna görə də yeni idarəetmə sistemi lazımdır. Etirazların kökündə bu dayanır. Aşağılar köhnə qaydada yaşamaq istəmir, yuxarılar isə köhnə qaydanı idarə edə bilmirlər. İnsanları gülləbaran etməklə Qazaxıstanın siyasi rəhbərliyi böyük səhvə yol verdi. İnsanların qəlbində hakimiyyətə qarşı nifrət formalaşanda o nifrət hakimiyyətin məhvinə gətirib çıxarır. Bu zamana bağlı olan məsələdir, nə vaxtsa baş verməlidir.


- Necə düşünürsünüz, bu proseslərin Azərbaycana hər hansı bir təsiri ola bilərmi?

- Ümid edirik ki, proseslərin bu həddə gəlib çıxmasına imkan verilməyəcək. Qonşuda və dünyada baş verən proseslərdən düzgün nəticə çıxarılacaq, idarəetmə təkmilləşdiriləcək, islahatlar sürətləndiriləcək. Azərbaycanın hər bir vətəndaşı buna inanmalıdır və çalışmalıdır ki, qarşıdurma baş verməsin. Azərbaycan cəmiyyətində müəyyən bir narazılıq var. Ola bilsin ki, prezidentə bu barədə onun yaxın ətrafı məlumat vermir. İstənilən dövlət başçısı istəyir ki, onun ölkəsində vəziyyət yaxşı olsun, əhali hakimiyyətdən razı olsun, firavan yaşasın. Bu prezidentlərin istəyidir. Amma prezidentlərin bu istəyini çox vaxt onlara real vəziyyət kimi çatdırırılar. Hər şeyin onun arzuladığı kimi olduğunu deyirlər. Hesab edirik ki, prezidentin komandası ona real vəziyyətlə bağlı həqiqəti deməlidir. Ölkədə bir çox məsələlərlə bağlı – mənzillərin sökülməsi, prezidentin sənədləşdirilməmiş mənzillərin qeydiyyata alınması ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməməsi, qanun aliliyi ilə bağlı çox ciddi problemlər var. Məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmalıdır. İnsanlar pozulmuş hüquqlarını məhkəmələrdə müdafiə edə bilmədikləri təqdirdə cəmiyyətin problemləri dalana dirənir. Təəssüf ki, Azərbaycanda nəyin bahasına olursa- olsun, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr var. Bu qüvvələr ermənilərlə də saziş imzaladılar. Bu qüvvələr İranla da əməkdaşlığa hazırdırlar. İctimai Palataya fikir versəniz, görərsiz ki, onu yönləndirən saqqallılardır. İctima Palatanın özündə də bəzi insanlar artıq başa düşürlər ki, onları yönəldən qruplar siyasi hakimiyyət naminə prosesləri sona qədər düzgün hesablamadan şeytanla da əməkdaşlığa hazırdırlar. Başa düşmürlər ki, onlar bu əməkdaşlıqla özləri hakimiyyətə gəlməyəcəklər, şeytanı hakimiyyətə gətirəcəklər. Şeytan da gəlib bu xalqa zülm edəcək. Bu xalqı, dövlətçiliyi təhlükə altında qoyacaq. Bəziləri rus mətbuatına açıqlama verir, Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmamasından danışırlar. Amma bunun səbəblərini izah etmirlər. Demirlər ki, əgər münasibətlərdə hər hansı bir problem varsa, bunun yeganə səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Rusiyanın təcavüzkar Ermənistanı himayə etməsidir. Şübhəsiz ki, vəziyyət onlar dediyi kimi deyil, iki ölkə arasında münasibətlər çox normaldır. Bu adamlarsa deyirlər ki, biz hakimiyyətə gələriksə, Azərbaycan-Rusiya münasibətləri daha yaxşı ola bilər. Vaxtilə Avropa Komissiyasında çıxış edəndə də anti-Azərbaycan xarakterli fikirlər səsləndirirdilər. Deyirdilər ki, «müharibə ehtimalı yalnız o zaman aradan qalxa bilər ki, həm Azərbaycanda, həm də Ermənistanda demokratik qüvvələr hakimiyyətə gəlsinlər. Yəni, indiki hakimiyyət torpaqları müharibə yolu ilə də azad edə bilər, amma biz müharibə aparmayacağıq». Bu adamlar bir yandan Aşura gününün qeyri-iş günü olmasını tələb edirlər, bir yandan isə deyirlər ki, din dövlətdən ayırıdır. Yəni bu insanlar nə istəsən etməyə hazırdırlar, kimlə desən əməkdaşlığa gedərlər, təki hakimiyyətə gəlsinlər. Belə qüvvələrin mövcudluğunun əsas səbəblərindən biri də məhz iqtidarın yürütdüyü siyasətdir. Konstruktiv müxalifətlə normal əməkdaşlığın olmaması, ümumiyyətlə müxalifət partiyalarının dövlət idarəetmə sistemində tanınmaması buna gətirib çıxarıb ki, parlamentdə heç bir komitə və yaxud da vitse-spiker postunda müxalifətçi təmsil olunmur. Hesab edirik ki, Azərbaycan vətəndaşı hər bir çağırışa diqqətlə yanaşmalıdır. Azərbaycan iqtidarı da yubanmadan islahatlar aparmalıdır. Bütün sahələrdə bu proses həyata keçirilməlidir. İstər kadr islahatları sahəsində, istərsə də dövlət idarəetmə sistemində.