Bölgədə Rusiyanı istəmirik

bolgede-rusiyani-istemirik
Oxunma sayı: 639

Hər halda bu gün Rusiya bölgədə təhlükə altına düşmüş dayaqlarını möhkəmləndirmək, tamamlilə itirilmiş mövqelərini yenidən qazanmaq üçün yeni həmlələr etdiyini gizlətmir. Azərbaycan ictimaiyyəti isə susur, hələ də nələr baş verdiyini anlamaq üçün prossesləri izləyir, analiz edir.

Əslində fikrimcə bu şəraitdə nəyisə gözləmək özü də düzgün qərar deyil. Məncə Azərbaycanı sevən, ölkənin geriyə addım atmasını istəməyən hər kəs bu gün Rusiyanı bölgədə istəmədiyini açıq-açıq ifadə etməlidir. Çünki Rusiyanın bölgəni yenidən maraq mərkəzinə gətirməsi belə artıq Azərbaycanda etnik azlıqların narazılığı fonunun yaradılmasına, özünü super güc hiss edən bəzi maddi varlı, mənəvi kasad insanların Azərbayacan sahiblik iddialarının qabarmasına, vor zakonların, avtoritetlərin Bakıya toplanmasına gətirib çıxardı. Bunları gördük. Hesab ediəm ki, dövlətin və millətin taleyindən narahat olan hər kəs “Bölgədə və Azərbaycanda Rusiyanı istəmirik”deyə mövqeyini ortaya qoymalıdır.

Bəli, ola bilər ki, bizim bəzi sovet təhsili, sovet tərbiyəsi görmüş ziyalılarımız əks mövqe nümayiş etdirsin. Amma bilməliyik ki, həyatlarının böyük qismini kommunist olaraq yaşamış insanlarda milli ruh oyatmaq mümkün deyil. Onlar həmişə içlərində “böyük qardaş” sevgisini yaşadacaqlar.

Və ya bəziləri Azərbaycanın dövlət başçısı İlham Əliyev haqqında Qərb mətbuatında gedən yazıların Rusiya sifraişi ilə yazıldığından ruh alaraq, sevinə bilərlər. Amma əmin olun ki, Rusiya bölgədə yenidən hakimi düşüncə idxalçısı olarsa vəziyyətimiz bundan qat-qat daha pis olacaq. Üstəlik açıq fikirli, demokratik düşüncəli, milli ruhlu hər kəsin “ipi kəsiləcək”. Məncə bunu əsaslandırmaq üçün heç bir sübuta ehtiyac yoxdur. Azərbaycanı özünün far-postu kimi görmək xülyalarını heç vaxt gizlətməyən Rusiya elə həmin “böyük qardaş” sevgisi sönməyən, beyni Sovet düşüncəsindən arınmayan fikir babalarını bu gün əsas oyunçulara çevirməyə çalışır. Çox təhlükəli vəziyyətdir, 20 il əvvəllə müqayisədə biz daha incə bir xəttin üstündəytik. Hakimiyyətin apardığı “kütləşdirmə siyasəti” bu gün təhsili, maarifləndirməni elə vəziyyətə salıb ki, insanlardan rasional düşüncə, sağlam fikir gözləmək çətindir.

Burda hər bir ziyalının boynuna böyük yük düşür. Hər kəs öz məsuliyyətinin fərqində olmalıdır. Neçə ildir müxalifət olaraq təbliğat maşınına çevrilə bilmədik, heç olmasa dövlətimizi qorumaq üçün bu funksiyanı yerinə yetirək və hər yerdə, hər kəsə bu fikri açılayaq: “Azərbaycanda Rusiyanı istəmirik!”