“Bölgələrdən Bölgələrə” Ağcabədidə - Fotolar

bolgelerden-bolgelere-agcabedide
Oxunma sayı: 1050

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirak etdikləri festival Heydər Əliyev Meydanında keçirilib.

“Qafqazinfo” xəbər verir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Ağcabədi, Ağdam və Laçın rayonlarının rəhbərlikləri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və minlərlə ağcabədili iştirak edib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.


Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.

Festivalın zəngin proqramını yaddaqalan edən anlardan biri isə “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin ifasında bir-birindən maraqlı rəqslərin nümayiş etdirilməsi olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı, “Qarabağ” şikəstəsi, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi digər mahnılar da səsləndirilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. Bu festival iki ay davam edəcək.