“Bölgələrdən bölgələrə” bu dəfə Saatlıda - Fotolar

bolgelerden-bolgelere-bu-defe-saatlida
Oxunma sayı: 1148

Saatlıdakı Olimpiya İdman Kompleksində “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin məsul işçiləri, rayon icra hakimiyyətinin rəhbərliyi, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Festival iştirakçıları əvvəlcə Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də dekorativ tətbiqi sənət sahələri üzrə ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış incəsənət nümunələri ilə tanış olublar. Həmçinin Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi qurulub.

Festivalda Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər. Müğənni və xanəndələr tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli rəqs nümunələri ilə çıxış ediblər. Musiqiçilər çıxışlarında simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər.

Bundan başqa, Sabirabad Rayon Mədəniyyət Mərkəzinin Həşimxanlı kənd Mədəniyyət evinin “Cəngavər” Pəhlivanlar qrupu maraqlı  və  cəsarətli çıxışları  ilə festivalı  ziyarət edənləri heyrətləndirə biliblər.