“Ölkəmi və dövlətimi bu barədə sayıq olmağa səsləmişdim...”

olkemi-ve-dovletimi-bu-barede-sayiq-olmaga-seslemisdim
Oxunma sayı: 701


- Nuridə xanım, sizin çox geniş diaspora fəaliyyətiniz var idi, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti idiniz, Almaniyada “Yeni Körpü” adlı alman-azərbaycan dilində jurnal buraxırdınız. Niyə birdən-birə dispora fəaliyyətinə son verdiniz?

- Mən diaspora fəaliyyətinə 1995-ci ildə Berlində başladım. O zaman ki, Berlində nə səfirlik, nə komitə var idi. Gördüyüm işləri sadalamaq fikrində deyiləm, amma bilirəm ki, onların hamısı tarixdə qalacaqdır. Lakin sonra səfirlik, komitə fəaliyyətə başladı. Bilirsiniz, mənim Almaniyada 16 illik təcrübəm var. Mənim fikirlərim, təkliflərim və haqlı iradlarım doğru qəbul edilmədiyindən mövqeyimi deyil, yerimi dəyişdim. Təcrübələr və görülən işlər göstərir ki, mən bütün iradlarımda, məsləhət və tövsiyələrimdə haqlı olmuşam.

- Sizcə xaricdə Azərbaycanın tarixini araşdırmaq daha vacibdir, yoxsa diaspora fəaliyyəti? Axı Azərbaycanda yetərli qədər görkəmli tarixçilər var. Sizə ehtiyac olduğuna əminmisiniz ?

- Mən belə fikirləşirəm ki, bu gün xaricdə Azərbaycanın tarixini araşdırmaq daha vacibdir və tariximizin problemləri daha çoxdur. Beynəlxalq ədəbiyyat, mədəniyyət və mətbuat aləmində tanınan və dəyər verilən bir şəxs olaraq mənim daşıdığım məsuliyyətlər daha çoxdur. Əlbəttə ki, Azərbaycanda çox dəyərli tarixçilərimiz vardır. Lakin bir həqiqət vardır ki, yaşlı nəslin tarixçiləri xarici dilləri bilmirlər, kompüterdən istifadə edə, dünya elminin ən son yeniliklərini operativ izləyə və tədqiq edə bilmirlər. Gənc nəsil də çox zaman tarixə meyl göstərmir. Artıq Azərbaycan qapalı bir ölkə deyildir. Elmin inkişafını saxlamaq, gizlətmək, təhrif etmək mümkün deyildir. Beynəlxalq tədqiqat qrupları bütün ölkələrdə fəaliyyət göstərir və əsl tarixi üzə çıxarırlar. Bu anlamda doğru yolda olduğumu və öz tədqiqatlarımla Azərbaycan tarixinə yalnız başucalığı gətirəcəyimə əminəm.

- Qafqaz amazonlarının 15 ildir davam edən tədqiqatı hazırda nə yerdədir. Bu işin öhdəsindən gələcəyinə əminmisiniz?

- Əlbəttə. Əmin olmadığım bir işə heç zaman girişmirəm. İlk yolu açmaq çox çətindir, gələcək amazonşünasların bu qədər çətinliklərlə üzləşməyəcəyinə əminəm. Məhəmməd Əsəd Bəylə bağlı tədqiqatlarımda olduğu kimi. İndi Əsəd bəyi tədqiq edən bütün tədqiqatçılar mənim “Yüz ilin sirrləri” adlı kitabıma müraciət edir. Çünki Əsəd bəyin arxiv sənədlərini, əlyazmalarını, məktublarını hətta son əlyazma romanı olan “Sevgidən anlamayan kişi” romanından bir parça dünyada ilk dəfə olaraq bu kitabda toplanmışdır və bunu heç kəs də inkar etmir. Bu yaxınlarda 15 illik tədqiqatlarımın nəticəsi olaraq “Qafqaz amazonları- Miflər arxasındakı gerçək tarix” adlı azərbaycan-rus, alman, ingilis dillərində ilk kitabımı buraxdım. Kitab beynəlxalq elm aləmində çox ciddi qarşılandı və gözlədiyim müsbət nəticəni verdi. Bu mövzuda elmi işim artıq müdafiəyə hazırdır. Bu, qafqazşünaslıqda ilk elmi iş və monoqrafiya olacaqdır. Qafqaz amazonlarının tarixi haqqında teatr əsəri, film ssenarisi, sərgi və beynəlxalq konfransın keçirilməsi haqqında çoxlu beynəlxalq təkliflər alıram. Dünyanın böyük nəşriyyatları bu barədə kitab yazmağım üçün mənə təkliflər göndərirlər. Mən elə bir tarix yazıram ki, onu yazmağa indiyə qədər heç kim cəsarət etməyib. Bu, Qafqaz amazonlarının əsl tarixidir.

- Yeri gəlmişkən rus prodüseri Tatyana Borş Azərbaycanda amazonlar haqqında film çəkdi. Hamı gözləyirdi ki, siz onu məhkəməyə verəcək, hüquqi orqanlara şikayət edəcəksiniz. Susmağınızın səbəbi nədir?

- Doğrusu, mənim düz 15 ildən artıq bu mövzuda heç bir dəstək, nə maddi, nə mənəvi yardım almadan tədqiqat aparmağıma baxmayaraq, ona verilən dəstək mənə etimad edilmədi və qıyılmadı. Moskvadan durub mənim tədqiqatımın izi ilə Bakıya gələn xəbərsiz, heç bir öz tədqiqatı olmayan xam bir prodüser xanımın birdən-birə dövlət səviyəsində bütün maddi və mənəvi dəstəklərə nail olması çox təəccüblüdür.
Film çox savadsız bir film olduğu üçün onu ciddiyə almıram və boşuna zaman, enerji xərcləməyi artıq çoxdan buraxmışam. Qafqaz amazonları haqqında film çəkmək üçün mənə Almaniyanın, Avropanın ən məşhur televiziyaları və rejissorları müraciət edirlər. Xanım Tatyana Borşun çəkdiyi “Amazonki” filmi isə Avropa səviyyəsində bir film deyil və mən daha ciddi və daha əzmlə öz araşdırmalarımı davam etdirirəm. Nəticələri və uğurları hamı görəcək.

- Azərbaycanın Avropada hazırkı imici sizi qane edirmi? Almaniya mətbuatında “Eurovision”la əlaqədar tez-tez mənfi yazılar gedir. Sizcə buna səbəb nədir və bunları necə aradan qaldırmaq olar?

-Təbii ki, qane etmir. Doğrudan da “Eurovision”la əlaqədar alman mətbuatında son zamanlar tez-tez qanqaraldıcı yazılar yer alır və bu məni çox narahat edir. Bütün bunların səbəbkarı muzdlu lobbiçilərin gülünc siyasətləridir. Alman siyasətində üzdən-gözdən salınan, kənarlaşdırılan insanların gəlib, birdən-birə Azərbaycana nədən belə aşiq olmaları əlbəttə ki, ağı-qaradan yaxşı ayırmağı bacaran alman ictimaiyyətinin gözündən yayına bilməz. Onlar gözəl anlayırlar ki, bu insanların öz şəxsi maraqları vardır. Bir də ən gülüncü orasıdır ki, onlar ölkənin mədəniyyətini, tarixini, mentalitetini, əsl problemlərini bilmədən savadsız və gülünc təbliğatlar aparırlar. Mən hələ 3-4 il bundan qabaq Azərbaycan mətbuatında ölkəmi və dövlətimi bu barədə sayıq olmağa səsləmişdim və bunların alman mətbuatında üzə çıxacağını və ölkənin imicinə düzəlməsi mümkün olmayan zərərlərin vurulacığını yazmış, xəbərdarlıq etmişdim. Təssüf ki, biz çox zaman konstruktiv işləməyi bacarmır, ölkənin, dövlətin mənaveyini qorumaqdan daha çox ədavətə, şəxsi intriqalara qapılırıq ki, ən sonda da zərər çəkən ölkə, dövlət və xalq olur.

- Siz Almaniya P.E.N mərkəzinin üzvü, Almaniya Jurnalistlər Birliyi Berlin şöbəsində komitənin sədr müavinisiniz. Bu onu göstərir ki, sizi Almaniya ədəbiyyat və mətbuat dairələrində tanıyırlar və sizə etimad edirlər. Siz ölkənin mədəniyyətinə, xaricdə layiqli tanınmasına necə çalışacaqsınız?

- Bilirsiniz, mən heç bir çətinliyə, problemlərə baxmayaraq, öz işimlə məşğulam. Xoşagəlməz intriqalar məni hərdən məyus etsə də, daha inadcıl, daha savaşkar, daha mübariz edir. Onun üçün mənə mane olmaq istəyən adamlara hər zaman minnətdar oluram. Ağıllı, obyektiv insanlar bunu Almaniyada da, Azərbaycanda da görür, dərk edir və mənə daha çox dəstək verir və məni daha da ucaldırlar. Bir də mən bilirəm ki, muzdlu lobbiçilər, müvəqqəti diplomatlar və ya intriqant məmurlar xalqın tarixində qonaqdırlar, mən isə ev sahibi. Mənim gördüyüm işlər, yazdığım kitablar tarixə və gələcəyə xidmətdir və gələcək nəsillər məni daha çox anlayacaqlar.
Məhsəti Gəncəvini zamanında əxlaqsız Azərbaycan qadını adlandırırdılar və hətta onu dünyalar qədər sevdiyi doğma Gəncə şəhərindən qovmuşdular. Bu gün kim bunu dilinə gətirir? Məhsəti ədəbiyyat tariximizdə bir dahi deyilmi?

- Doğrudanmı bütün bu xidmətlərin əvəzində sizə heç bir dəstək verilmir?

- Bilirsinizmi, 1-2 məmur hətta 10 məmur da dövlət demək deyil. Mən yaşadığım bir neçə ədalətsizliyə, haqsızlığa görə nə dövlətimə, nə də xalqıma heç vaxt arxa çevirmərəm. Əlbəttə, mənim çoxlu millət vəkili dostlarım var, bir çox yüksək rütbəli dövlət rəsmilərindən, aparıcı mətbuat təmsilçilərindən və ədalətli ziyalılardan hər zaman dəyərli məsləhətlər və dəstək alıram. Ən böyük dəstəyi isə Azərbaycan Milli Elmlər Akademiyasından alıram. Baxmayaraq ki, mən dəfələrlə akademiyanı tənqid etmişəm, Prezident Mahmud Kərimova mətbuat vasitəsi ilə müraciətlər etmişəm. O isə bunun əvəzində mənim dövlət səviyyəsində keçirilən Beynəlxalq Konfransa dəvət olunmağıma mane olmadı. Diaspora üzrə Dövlət Komitəsi və Səfirlik isə isə bunu etdi. Məni akademiyaya doktorant qəbul etdilər. 80 nəfərdən ibarət ölkənin tanınmış alimləri, arxeoloqları, tarixçiləri Prezidiumun iclasında mənim qəbul olunmağıma səs verdilər. Bunlar böyük etimaddır və mən akademik Mahmud Kərimovun böyüklüyü, alicənablığı, elmə, istedada və görülən işlərə verdiyi qiymətin qarşısında sadəcə baş əyirəm.

Lakin mən Qafqaz amazonları sərgisi və beynəlxalq konfrans təşkil edilməsi haqqında rəsmi müraciətlər etmişəm. Amazonlara aid edilən 500 eksponatın yerini müəyyən etmişəm ki, bunlar muzeylərin depolarında, zirzəmilərində və yaxud da arxeoloqların kolleksiyalarında yığılıb qalıb və indiyənəcən heç bir sərgidə nümayiş etdirilməyib. Bütün bunlara Azərbaycanın mədəniyyəti, tarixi baxımından və beynəlxalq dəyərini anlamaq baxımından qiymət verə bilənlər, başa düşə bilənlər çox təəssüf ki, hələ çox azdır.

ANN.Az