Ölümə gülmək

olume-gulmek-
Oxunma sayı: 701

Müharibənin odu-alovu çoxdan geridə qalıb-ölümün “ucuzlaşdığı” o dövrlərdə biz hələ uşaq idik. Ölüm yenə bahalaşıb. İndi də ölümü ucuzlaşdırmaq istəyənlər var...
Meksikada “ölümə gülmək” kimi xüsusi bayram keçirirlər.

Həmin vaxt meksikalılar ölümlə əlaqədar hər şeyi yumor obyektinə çevirirlər. Hətta qəbirstanlıqlarda, qəbirlərin üzərində əsl vakhanalıya yaradırlar və bütün bunlar yalnız bir şeyə-ölüm qorxusuna qalib gəlməyə xidmət edir.

Ölümün “bahalaşdığı” indiki dövrdə bizə çox ağır itki üz verdi. 20 yaşı yenicə tamam olmuş Turalımız avtomobil qəzasında həlak oldu. Tural İrkutsk Dövlət Universitetinin hüquq fakültəsində oxuyurdu. Bu il 4-cü kursda oxuyacaqdı... İdmançıydı-boyu 1.96 idi. Nəslimizin gözü idi Tural... İndiyə kimi bir adamı özündən incik salmamışdı. Bilgəh qəbirstanlığında torpağa əmanət etdik onu... O cür oğul itirməyimiz bir yana...
Hüzr mərasimlərinin ağlaşma aparan molla arvadları az qalırdı ki, bu boyda ağrını bizə unutdura...
Turalın üç mərasimi idi. Məclisin lap yuxarı başında tatuaj qaşlı, yekəpər, əlləri və ağzı lombarda oxşayan, başına muncuqlu tül yaylıq bağlamış molla arvad hüzrdə olduğunu sanki tamamilə unutmuşdu. 2 mobil telefonuna gələn zənglərin ardı-arası kəsilmirdi. Və bu zənglər getdikcə məclisə yığışan, dərdimizə şərik olmağa gəlmiş qadınların əsəblərini tarıma çəkməkdə idi. Molla ledi oxuduğu quranı, mərsiyəni yarıda kəsib klient “tutmağa” başlayırdı. Cənub ləhcəsi ilə üç günə yeddi-səkkiz klient “tutdu”. Bizim məclisə başqa bir məclisdən çıxıb gəldiyi üçün bir yanını qaçaq qoymuşdu-gün batmamış bir məclisi də “idarə etməli” idi. Aramsız gələn zənglər- “klient yağışı” bu molla arvadı ( özlərinə də “hacıxanım” dedizdirirlər ifritələr) necə sevindirmişdisə, harda olduğunu da unutmuşdu. Arada halva ilə çay içməyin dərdindən həmdisurəmizi ağzımzıda yarımçıq qoyurdu-tez-tez fatihə verirdi... Son “ov”un zəngindən sonra pulunu alıb sevinə-sevinə uzaqdan-yaxından gələnlərə sağollaşıb məclisi bizim dilsiz-ağızsız qadınlarımızın öhdəsinə buraxıb qaçdı...
Turalın anası hüzrdə “Tural” deyib quzu kimi mələyirdi. Bu tükürpədici hadisə ən daşürəkli adamı da ağladardı. Belə şeylərə öyrəncəli olan molla arvadın nəinki gözlərindən yaş çıxmadı, əksinə həmin vaxt telefonla başqa bir həmkarına yalvarırdı ki, çörəyinə bais olmasın-sabahkı məclis bir sözlə, onluqdur...

Turalın yeddi mərasimində başqa bir “hacıxanım” çağırdıq. Əvvəlki bunun yanında toya getməli oldu. Tatuaj qaşlı bu molla arvad da hər dəqiqə telefonla danışa-danışa camaatın səbr kasasını daşırdı. Hörmət əlaməti olaraq, kimsə dillənməsə də, hamı bu mütrübün rədd olub getməsini istəyirdi. Mütrüb molla növbəti məclisi əldən
buraxmamaq üçün tez-bazar pulunu alıb itildi...
O biri məclislərimiz də bu minvalla keçdi...
Yas mağarının yuxarı başında Turalın qara-qırmızı lentlə haşiyəyə alınmış çərçivədə əlləri qoynunda, sarı koftadakı şəkili gülümsəyirdi. Şəkili rəhmətə getməmişdən iki gü əvvəl anası çəkmişdi. Bilmirəm, bəlkə də Tural bu tatauaj qaşlı, qızıldiş mollaların puldan ötrü özlərini bu sifətə qoymasına gülürdü...
Bilmirəm, bəlkə də meksikalılardan fərqli olaraq ölümə gülmək elə budur...