Bomba xəbərini yayan məmur oğlu çıxdı - Foto

bomba-xeberini-yayan-memur-oglu-cixdi-foto
Oxunma sayı: 1003

“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, dünən saat 16.00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapayıb.

Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilib və o saxlanılıb.

Saxlanılanın şəxsiyyəti haqda “Azadlıq” qəzeti maraqlı məlumatlar əldə edib. Bəlli olub ki, Rəşadət Əzizov rayonda çox tanınmış nəslin nümayəndəsidir. Onun əmisi, professor Vəsadət Əzizov ötən çağırış Milli Məclisin deputatı olub. Atası Əmanət Əzizov isə sonuncu konfransa qədər YAP-ın Masallı rayon təşkilatının sədri olub və ötən il müəmmalı şəkildə partlayan Masallı Telekommunikasiya Qovşağının müdiri işləyib, hazırda Lənkəran Telekommunikasiya Qovşağı müdirinin müavinidir.