Bombaların yağdığı gün...

bombalarin-yagdigi-gun
Oxunma sayı: 1772

Elxan Xanəlizadə

Hər il avqust ayı gələndə ruhuma qəribə, səbəbini anlamadığım bir süstlük çökür. Ətrafda hamı cansıxıcı istidən gileylənsə də, mənə elə gəlir ki, daxilən vücudum titrəyir, canıma üşütmə düşür. Bəlkə də avqust itkilərimin ayı olduğuna görə, ən xoşlamadığım aydır. (Bəlkə də dünyada çoxunun xoşlamadığı hansısa bir ay var. Mənimki avqustdur!) O mənhus avqust günü bombaların ətrafa yağdığı bir vaxtda valideyinlərimin mənimlə bağlı mübahisələri gəlib gözlərimin önünə dikilir. Həmin il cəmi on üç yaşım vardı.

Şərqi Almaniyada sovet əsgəri olan qardaşım “öz təyyarələrimiz” tərəfindən bombalanan könüllü topçular batalyonunda tikə-tikə olduğuna görə hospitalda nə vəziyyətdədi xəbərimiz yox, müstəqil ölkəmizin əsgəri olan qardaşım da hansı cəbhədə döyüşdədi bilmirik. İşğal başlayıb və valideyinlərimlə mən öz kəndimizdən çıxıb, Arana - Araz çayı sahilinə gəlmişik.

Bombaların səsinin atıcı silahların səsini batırdığı həmin avqust günündə atam hansısa uzaq qohumumuz olan bir ailəylə anamı İmişliyə ata evinə göndərirdi. Anam ağlayaraq məni qucaqladı. “Uşağım hardadısa mən də orda qalıram”, dedi. Atam özündən çıxdı. “Zalım qızı, böyüklərdən xəbərimiz yoxdu, sən balacanın dərdini çəkirsən”, dedi.

Anam onu maşınla aparacaq ailəyə də yalvardı ki, uşağı qucağımda saxlaram. Onlar da dedilər ki, maşında yer yoxdu. Anam çarəsiz baxışlarını mənə zilləyərək, əlləriylə üzümü oxşadı. Ağlaya-ağlaya atama dedi ki, qoy, uşaq getsin, biz qalaq. Atam razılaşmadı. Beləliklə, anam getdi və mən atamla qaldım.

İkimiz piyada Araz çayı sahilində olan kəndə getdik. Axşama yaxın silah səsləri lap yaxınlaşdı. Qadınların fəryadı, kişilərin qarmaqarışıq hay-küyü insanları daha da vahimələndirdi. Hamı özünü Araz çayına vurdu. Biz də hamı kimi Arazı keçməliydik. Atam qabaqda, mən də onun arxasınca suya girdik. Çay atamın qurşağından, bəzən də daha dayaz idi. Qarışqa kimi suya doluşan adamların sıxlığına baxmayaraq, əllərim boşalan an boğazımdan olan su məni apardı. Halbuki o cür basabasda axmamalı, kiməsə ilişib qalmalıydım. Ən azından kimsə məni tutub saxlamalıydı. Amma mən çayda su köpüyü kimi batıb çıxırdım. Atam mənə çatan kimi qucağına alıb çaydan çıxardı.

Gecə səhərə qədər yaş paltarlarımız əynimizdə qurudu. Səhər atışma səsləri bizi qorxutmayacaq dərəcədə azalmışdı. Artıq olan olmuşdu. Yenidən çayı keçdik. Yenə islandıq. Həm də ayaqqabım Arazda qalmışdı. İmişliyə qədər ayaqyalın, piyada yol getdik. Tikanlı kol-kos, daş-kəsək ayaqlarımı ayaqlıqdan çıxarmışdı. Bəhrəmtəpə dairəsində mindiyimiz traktor bizi İmişli rayon mərkəzinə apardı. Anam ayaqlarımı yuyanda qucaqlayıb ağladı. Məni özüylə gətirə bilmədiyinə görə, çox təsirlənmişdi. Anamın anası da ona acıqlandı ki, “kəs səsini, böyüklər ölməsin, bu balacadı, ölsə də heç nə olmaz.” (Guya ana üçün övlad ölümünün böyüyü-kiçiyi var.)

Aradan 13 il keçəcək və avqust yenə öz bildiyini edəcəkdi. 2006-cı ilin o mənhus avqust gününə bir həftə qalırdı. Hər şey adi bir ağrıdan başladı və cəmi yeddi gün çəkdi. Həkimlər ilk gün dedilər ki, bağırsaqları pozulub. İkinci gün dedilər ki, problem mədəsindədi. Üçüncü gün dedilər ki, qaraciyərindən şübhələnirik. Dördüncü gün dedilər ki, mədəaltı vəzi də ola bilər. Beşinci gün dedilər ki, sən demə xərçəngmiş, gec başa düşmüşük. Altıncı gün dedilər ki, şiddətli ağrıları sakitləşdirmək üçün morfi vurmalıyıq. Yeddinci gün (səhər saat 6-da) dedilər ki, orqanizmi dözmədi.

Bu gün Füzuli rayonunun işğalından 23, anamın vəfatından 10 il keçir. Avqust ayıdı. Bir insan kimi mənim üçün dəyərli olan torpaq və bir övlad kimi mənim üçün əvəzsiz olan ana itkisinin ayı... Füzuli rayonunda dörd yol var. Bu həmin dörd yoldur ki, işğal günü anamdan orada ayrılmışdım. O gün erməni işğalından xilas olmaq, yaşamaq üçün torpaqlarını məcburi tərk edənlərin bir çoxu sonralar dünyasını dəyişəndə, həmin dörd yoldakı məzarlıqda dəfn olunublar. Hər il dönümündə o məzarlığa gedəndə, doğma torpaqlarımın işğalı öz amansız qəddarlığıyla gözlərim önündə canlanır. Bir də, işğal günü anamdan ayrıldığım dörd yola anamı ziyarətə getməyim bütün varlığımı sarsıdır. Hər il yaşlandıqca bir az da uşaqlaşır, anamdan uzaqlaşdığım o əzablı anları təkrar-təkrar yaşayıram.