“...Onda əclafların hamısı mömin olardı” – Suallara cavab

onda-eclaflarin-hamisi-momin-olardi-suallara-cavab
Oxunma sayı: 681

Azərbaycanın eks-spikeri Rəsul Quliyev rəsmi bloqunda oxucuların suallarını cavablandırıb. “Qafqazinfo” sualları və cavabları təqdim edir. Suallar qısa ixtisarla təqdim olunur:

Şahin Öztürk


- Demokratiya ikili standartlar çərçivəsində olmur, demokratiya qanunla yazılmış demokratik qanunlar əsasında hər bir vətəndaş üçün bərabər formada tətbiq olunur… Dinindən, milliyyətindən, əqidəsindən və dəstəklədiyi partiyadan asılı olmayaraq, demokratiya uğrunda müqavimət hərəkatında birləşib, gələcəyimizin qarantı olan, həqiqi demokratiya uğrunda mübarizə aparmalıyıq. Yoxsa, heç bir dahi siyasətçi bizlərin daimi qarantı ola bilməz.

Rəsul Quliyev

- Siyasətçinin dahiliyini ancaq bir faktor müəyyənləşdirir. Hər bir insan kimi görkəmli siyasətçinin də müəyyən potensialı var. O, potensialını həyata keçirəndən sonra xalqa yeni bir şey verə bilməyəcəyini bildiyi üçün siyasətdən gedir. O siyasətçilərin hamısı dahi siyasətçilər hesab edilir. Adətən heç bir potensialı olmayanlar hakimiyyətdən yapışdısa, əl çəkmirlər. Onların hamısı hakimiyyətdə olan dövrdə “dahi”, “ulu öndər” adlandırılır, hakimiyyətdən qovulandan və ya öləndən sonra xalqın düşməni elan edilir. Birincilərə ölümündən 10-100 illər sonra da heykəllər qoyulur. O birilərin heykəlləri uçurdulur. 20-ci əsrdən bir dəfə də tarixin bu qanunauyğunluğu pozulmayıb. Həmin proses Azərbaycanda da baş verəcək. Siyasətçinin dahiliyini göstərən bir əsas faktor da vardır. Prezident Vaşinqton ABŞ-ı yaratmaq üçün özünün və arvadının bütün pullarını xərclədi, prezidentlikdən gedəndən sonra kasıb bir adam idi. Çörçill baş nazir vəzifəsindən gedəndə borcun içərisində üzürdü, sonradan yazdığı kitablar və çəkdiyi şəkilləri satmaqla maliyyə vəziyyətini düzəldə bildi. Mən sadəcə iki misal çəkdim. Bu qəbildən yüzlərlə adamın adını sadalaya bilərəm. 1993-cü ildə hakimiyyətə gələndə bir kostyumunun, evinin olmadığını elan edən əliyevlərin bu gün cah-cəlalı yerdə qalan 9 milyonun var-dövlətindən çoxdur. Bu arqumentin qarşısına arqument qoya bilən başda Əliyev olmaqla adam varsa, çıxsın üzə. Hər bir azərbaycanlı bunları bilməlidir və onları belə şərəfsiz həyat yaşamağa məcbur edənlərə qətiyyət və cəsarətlə yox deməlidir. Reallıq ondadır ki, biz ellikcə Müqavimət Hərəkatına qoşulub onların üzərinə yeriməliyik.

Kənan

- Rəsul bəy, diqqətinizə görə Sizə təşəkkür etməyə bilmərəm. Amma mən ünvanladığım suala hələ də cavab ala bilmədim. Yəqin bu barədə danışmağın hələ tez olduğunu hesab edirsiniz. Sizin sualınıza isə cavab verirəm. Mən Azərbaycan türküyəm, tariximi də az-çox oxumuşam. Bir azərbaycanlı kimi də sizi tam olaraq əmin edə bilərəm ki, Dərbənddən tutmuş Zəngəzur mahalı, İrəvan xanlığı…düz Təbrizə kimi yaddaşımdan heç biri silinməyib...
Ona görə nikbin olub konkret, real addımlar atmağa çalışmaq lazımdır. Sözdə deyil, əməldə. Hər şey yaxşı olacaq, sadəcə çalışmaq lazımdır. İqtidar, müxalifət, bitərəf-hamımız Azərbaycan naminə bir olmalıyıq. Var-dövlət gəldi, gedərdi, Azərbaycan isə əbədi olmalıdır. Rəsul bəy, Sizə bu il Azərbaycana dönə bilməyi arzulayıram. İqtidara da güzəştə getməyi. Xarici qüvvələrə qarşı güc birlikdədir!

Rəsul Quliyev

- Bir daha diqqətlə mənim sözlərimə qulaq asmağınızı xahiş edirəm. Mən sizin və sizin kimi min yox, azı on min gəncin olduğuna şübhə etmirəm. Ancaq on min gənc Azərbaycan xalqı demək deyildir. Mən sizə azərbaycanlıların unutma mexanizmini göstərməklə Qarabağ problemini həll etməyi tezləşdirməyin vacibliyini qeyd etdim. Mən gənc deyiləm, ancaq vaxtımı sərf edib 1500-cü ildən bu tərəfə tariximizi unutmamaq üçün ”Qarabağ Faciəsi” kitabını yazmışam. Siz məni hərəkata çağırmayın, mən bu hərəkatı yaradanam orada aktiv iştirak etməyə başlayın. Ümumiyyətlə, vəzifəyə varlanmaq vasitəsi kimi baxanları ən keyfiyyətsiz insanlar hesab edirəm, onları nəinki vəzifədə, işdə saxlamaq olmaz, onları cəmiyyətdən izolyasiya etmək lazımdır. Mənim rüşvət almaq imkanım 24 yaşımdan başlanıb. Yəni tabeliyimdə olan 30 adamın bəzilərinə artıq pul yazıb bölüşə bilərdim. Sizi əmin edə bilərəm ki, onda da, indiyə qədər də heç vaxt belə bir iş görməmişəm, çünki o tipli adamlardan həmişə iyrənmişəm.
Sizin “Hamı bir olmalıdır” tezisinizi özünüz anlayırsınızsa, izah edin. Çünki xalqı kölə şəklində saxlamaq istəyən iqtidar da Azərbaycan naminə bir yerdə olmaqdan danışır həmişə.
Cənubi Azərbaycanı unutmadığınızı qeyd edirsiniz. Çox yaxşı. Ancaq çalışmaq lazımdır ki, onlar bizi unutmasın, çünki onlar 32 milyondur, biz 9. Onlar ildə 350 min nəfər artır, biz 90 min.

Azər

- Rəsul bəy, inciməyin, prezident postu sizcə naxçıvanlıların və ya qərbi azərbaycanlıların boyuna biçilib?

Rəsul Quliyev

- Azər müəllim, siz də inciməyin, gərək bilərdiniz ki, prezident postu Azərbaycan xalqının seçdiyi şəxs üçün biçilib, onun haradan olub-olmamasını konstitusiya müəyyənləşdirməyib. Mənim yaratdığım Müqavimət Hərəkatının məqsədi də bildiyiniz kimi, Azərbaycanda azad seçkilərin keçrilməsinə yönəldilib. Bir daha inciməyin, əgər ancaq atmaca söz atmaqla məşğul olub heç bir iş görməyəcəksinizsə, hələ uzun müddət hər halda ən azı sizin ömrünüzün axırına qədər o regiondan “prezident” görəcəksiniz.

Haci Əli

Salam, Rəsul müəllim! Zəhmət olmasa, mənim sualımı cavablandırın: Əvvəla, hakimiyyətdən getməyinizdə özünüzü nə qədər təqsirli hesab edirsiz? Sonra da, bu keçən illər ərzində hakimiyyətdən xalqa daha çox xeyir vermək olardı, yoxsa, okeanın o tayından? Hakimiyyətdə olarkən elə etmək olmazdımı ki, sizin hakimiyyətdən getməyiniz qaçılmaz olanda, xalq bir nəfərə kimi ayağa qalxıb Sizi müdafiə edərdi? Bir sözlə, mənə elə gəlir ki, Siz vaxtından qabaq istefa vermisiniz.

Rəsul Quliyev

- Əlbəttə, vəzifədən istefa verməyim normal ölkələr üçün yeganə düzgün addım idi. Ancaq H. Əliyev rejiminin sonrakı inkişafı göstərdi ki, bu addım çox səhv addım olub. Bilirsiniz, insanın yalan danışması, başqalarını aldatması lap gənc yaşlarından formalaşır, birdən ortaya çıxmır. İnsanda əgər belə ləyaqətsiz xarakter varsa, bu xüsusiyyət o istər 5 nəfərin, istərsə də ölkənin başında dayansın, özünü göstərəcək. Xoşbəxtlikdən mən belə naqis, xarakteri olmayan adamlardanam. Biz H. Əliyevlə bir komandadan idik. O, prezident seçiləndən sonra bir neçə dəfə məndən kimi parlamentə sədr qoymağı soruşdu. Mən ilk növbədə Lalə xanımın adını çəkdim. Əliyev dedi ki, Lalə xanım deputat deyil. Mən dedim, o bir problem olmaz, çoxlu vakant deputat yeri var, bir dairədən namizədliyini verib seçilə bilər. Razılaşmadı. Sonra mən Rəhimzadənin, Cəlilovun və yadımda deyil, daha kimlərin adını çəkdim, o hamısının namizədliyinə müəyyən səbəblər gətirərək “yox” dedi. Hətta kimlərə hansı səbəbdən “yox” dedi, onu da deyə bilərəm, ancaq ehtiyac yoxdur. Sonradan birlikdə işlədiyimiz dövrdə onu daha dərindən tanıdıqca başa düşdüm ki, elə birinci gündən o mənim parlamentə sədr olmağımı istəyirmiş, sadəcə olaraq, mənim özümün belə bir xahiş etməyimi gözləyirmiş, sonra qəhrəmanlıqla belə bir işi həll etməyin mümkün olmadığını, amma məsələni həll etdiyini deyib minnət qoysun. Nəhayət, “Niyə sən olmayasan” deyəndə mən güldüm, dedim məndən parlament sədri olar? Ömrüm boyu bir dəfə də Azərbaycan dilində iclas aparmamışam. Konkret həmişə real işlərlə məşğul olmuş mən deputatların məntiqli, çox vaxt da məntiqsiz müzakirələrinə necə səbrlə qulaq asa bilərəm? İstəmirəm, heç baş nazir müavini də işləməyə bilərəm. Bir sözlə, məni bir neçə günə dilə tuta bildi. Sonra başladı ki, gərək deputatlarla iş aparasan, sənə səs versinlər. Baş nazir müavini təyin olunanda da elə bir təklif edilmişdi mənə. Hər iki halda cavab eyni oldu. Heç bir deputatla bu barədə danışmaq dilə tutmaq niyyətim yoxdur, çıxıb qabaqlarında suallarına cavab verəcəyəm, xoşlarına gələr səs versinlər, seçməyəcəklər, daha yaxşı. Buna baxmayaraq, Əliyev dedi ki, mən təcrübəliyəm, özüm gəlib deputatlarla söhbət edəcəyəm. Nə isə, seçildim, sonra bir, ya iki dəqiqəlik çıxış etdim. Dedim ki, çox sağ olun, mənə etimad göstərmisiniz, mən prezident Əliyevlə bir komandadayam. Əgər onun apardığı siyasətlə tam razılaşa bilməsəm, istefa verəcəyəm. 1996-cı ilin may ayında artıq istefa vermək qərarına gəlmişdim. Çünki Əliyev siyasətinin tam əleyhinə idim. Yəni bu, belə də olmalı idi. Seçiləndə də demişdim. Sonrakı hadisələr göstərdi ki, gərək qalıb, ona qarşı əsl müxalifət hərəkatı təşkil edərdim. Sözsüz, o məni aradan götürmək üçün yüz üsullara əl atacaqdı. Ancaq mən də sadə adam deyildim, hər halda fikirləşmirəm ki, o məni asanlıqla yıxa bilərdi. Prezident qalmağın xatirinə bir çox məsələlərdə geri çəkiləcəkdi. Ona görə atdığım o addımı sivil ölkə üçün düzgün addım hesab edirəm. Çünki bir problem yox idi, sivil ölkə olsaydı, Azərbaycanda 1998-ci il prezident seçkilərində iştirak edərdim, Əliyev heç 10 faiz səs yığa bilməzdi. Heç altı ay keçməmiş məni Azərbaycanın görkəmli oğlu adlandıran Əliyev əleyhimə qondarma cinayət işi açdırdı.

Kənan

- Sizin qeyd etdiklərinizin hamısı ilə mən yaxından tanışam. Qarabağ isə heç vaxt yaddaşlardan silinə bilməz. Mən Rəsul bəyin bu mövzuda qısa, lakonik fikrini eşitmək istərdim. Torpağını itirmiş indiki Azərbaycan mənəviyyatını, turklüyünü də itirir, dövlət kimi əriyirik, dilinə, dininə belə sahib çıxa bilmir. Bu, faciədir! Sağlam düşüncəli beyinlər buna biganə qala bilməz, əgər Azərbaycan duyğusu zərrə qədər varsa onlarda. Biz yenicə əldə etdiyimiz müstəqilliyimizi düzgün qiymətləndirməliyik. Bizim bəlkə də heç haqqımız çatmır ki, indiki vəziyyətdə bayram keçirək. Biz isə bir-birimizi təbrik edirik. Hər bir Qarabağsız ilimizi uğurlu il hesab edirik.

Rəsul Quliyev

- Qarabağdan qat-qat böyük olan Dərbənd və İrəvan xanlığını yaddaşından silən azərbaycanlıların Qarabağı unutmayacaqlarını nəyə əsaslanıb belə cəsarətli və qətiyyətli elan edirsiniz? Yaddan çıxacaq, daha doğrusu, yaddan çıxmaq üzrədir. Burası gündə torpaqlar uğrunda müharibə gedən Fələstindir sizin üçün, bunu unutmayın. Bu dəqiqə sizdən soruşsam, DQ və işğal olunmuş rayonların kənd və qəsəbələrinin heç 5 faizinin adını sadalaya bilməzsiniz. Bu gün həmin torpaqlardan qaçqın düşmüşlər o yerlərin yaşayış məntəqələrinin heç 15 faizini saya bilməz. Bu torpaqlar yaxın vaxtlarda azad olmasa, unudacağıq. Ona görə azad etmək barədə düşünmək lazımdır, “Qarabağ” mahnısına qulaq asıb “unutmayacağıq” deyib ağlamağa yox.

Mübariz

- Rəsul müəllim! Yeni il təbriki üçün təşəkkür edirəm! Sizin də 2012-ci iliniz mübarək!
Məlumat vermək istəyirəm ki, bir çox azərbaycanlı kimi, mən də 1993-cü ildən Rusiyada yaşamağa məcbur olmuşam. Ancaq Azərbaycanda və onun ətrafında baş verənləri diqqətlə izləyirəm. Son vaxtlar məni Dövlət Müstəqilliyimizin itirilə biləcəyi təhlükəsi ciddi narahat etməyə başlamışdır. Ona görə, xahiş edirəm aşağıdakı suallarımı cavablandırın:
- Nə üçün məhz Siz H.Əliyevin prezidentliyi dövründə ermənilərlə atəşkəs barədə məlum sənədi imzaladınız?
- Azərbaycanımızın Siyasi sistemində Naxçıvan Respublikasının yerinə, o cümlədən, onun Muxtariyyat statusuna münasibətiniz necədir?
- Əgər xalqımız Sizə etimad göstərib Azərbaycanımıza Prezident seçərsə, onda itirilmiş torpaqlarımızı hansı müddətdə geri qaytara bilərik?
Öncədən təşəkkür edirəm!!!

Rəsul Quliyev

- Siz yəqin ki, Bişkək protokolunun imzalanmasını nəzərdə tutursunuz. Birincisi, qeyd etmək istəyirəm ki, parlament sədrlərinin Bişkekdə keçirilən iclasında mən iştirak etməmişəm. Sadəcə olaraq, cəbhə bölgələrində vəziyyətin ağır olması mənim ölkədən çıxmağıma imkan vermirdi. Cəbhə bölgələrində vəziyyət ağırlaşanda oralara məndən başqa gedən yox idi. Çünki ağır vəziyyətdə məsuliyyəti üzərinə götürüb qərar qəbul etmək lazım idi, ona da cəsarət edən adam yox idi. Müharibədə qərar qəbul etmək öz xalqını repressiya qərarı qəbul etmək kimi asan deyildir. Ona görə başqaları tərəfindən imzalanmış protokol cənab Kazimirov tərəfindən Bakıya gətirildi. Mən o sənədə prezidentin qəbul otağında Şuşanın icra başçısı ilə birlikdə qol çəkdim. Bu sənəd bizə lazım idi. Türk zabitləri intensiv Azərbaycan ordusunu hazırlayırdılar. Təqribən 2-3 aya 10 minə yaxın əla təlim görmüş qoşun yetişməkdə idi. Şəxsən mən avqusta qədər Azərbaycan ordusunu axırıncı qətiyyətli döyüşə hazırlayırdım. Əminliklə deyirəm ki, 1994-cü ilin avqustunda biz Ermənistan ordusunun “xrebetini” qırıb, ya onları bütövlüklə Qarabağdan qovacaqdıq, ya da biz istədiyimiz sülh müqaviləsinə imza atdıracaqdıq. Parlament tərəfindən qəbul olunmamış protokolun heç bir hüquqi qüvvəsi yox idi. Həm də mən protokola DQ Azərbaycan icmasının da qolunu qoymaqla o vaxtı Qarabağın adından danışan erməniləri də qeyri-legitim etmişdim, çünki onlar DQ adından təklikdə danışa bilməzdilər. Belə bir sənədə imza atmamaq əbləhlik olardı. Ermənilər də bu protokolun heç bir hüquqi qüvvəsinin olmadığını bildiyi üçün hökumətin belə bir sənədə imza atmasını tələb edirdilər. Bişkek protokolundan fərqli olaraq, ilk hüquqi sənəd , uzağı 1 həftəyə hökumətlərin timsalında müdafiə nazirləri tərəfindən imzalandı. Buna görə mənim etirazıma Əliyev siyasi manevr etməyindən danışdı, ancaq mən ona “Əgər atəşkəs barədə sənədə imza atacaqsınızsa, atəşkəsin vaxtı avqustun axırına qədər ola bilər”,-dedim. Mənim xəbərim olmadan bir, ya iki aydan sonra Əliyevgil həmişəlik atəşkəs müqaviləsinə qol çəkəndə şoka düşdüm. Əliyevlə bizim aramızda çox xoşa gəlməyən söhbət baş verdi. Mən onun bu qərarının xalqa xəyanət olduğunu və heç vaxt torpaqlarımızı qaytara bilməyəcəyimizə yol açdığını söylədim. O isə növbəti dəfə asanlıqla ”Xaricilərlə danışıb, neft kontraktına imza atandan sonra Qarabağı bizə qaytaracaqlar. Onlar deyib ki, belə bir sülh müqaviləsi imzalasanız imiciniz tamamilə dəyişəcək və bizim üçün bu işi görmək asan olacaq”,-deyib mənim ona inanmağıma nail oldu. Bilirsiniz, 71 yaşlı adamın ölkədə özünün şəxsi hökmranlığını və korrupsiya rüşvət rejimi yaratmağın xətrinə, gələcəkdə oğlunu hakimiyyətə gətirməsi naminə bu səviyyədə özünü qeyri-səmimi aparmasına inanmamaq mənim üçün çətin idi. Sonra baş verənlərdən xəbəriniz var.
İkinci sualınızla əlaqədar nəzərinizə çatdırmaq istəyirəm ki, bu reseptin nədən ibarət olduğu vaxtından qabaq yazılmamalıdır.

Muhaddin

- Salam, Rəsul bəy. Çox şadam ki, sizə məktub yaza bilmək imkanım oldu.
1992-93 illərdə mənim yaşım az olsa da, sizin rəhbər vəzifədə olduğunuz mənə çox maraqlı idi.
Azərbaycan dövləti kiçik bir dövlət olsa da, problemləri həddindən artiq çoxdur.
1. Qarabağ problemi;
2 . İslama azadlıq;
3. Millətçilik problemləri- turk olmayan xalqlar: dilini ,mədəniyyətini tələb edənlər;
4. Demokratiya, insan azadliği;
Siz bu problemlərə necə baxırsız və necə həll edərdiniz?

Rəsul Quliyev

- Qarabağ Azərbaycanın torpaqlarıdır, bu torpaqlar əldən getsə Azərbaycanı parçalamaq prosesinin başlamasının qarşısını almaq mümkün olmayacaq. 1918-ci ildə Osmanlı imperiyasının məsləhəti və təzyiqi ilə Azərbaycanın 30 min kv. km-ə yaxın ərazisini onlara bağışladıq ki, Ermənistan yaratsınlar. Bolşevik inqilabından sonra 10 min kv.km sahəmizi də ermənilərə hədiyyə ediblər. 1991-1993-cü illər ərzində əlavə 19 min kv.km-lik ərazimiz də əlimizdən alındı. 1996-cı ildən aparılan danışıqların nəticəsində Azərbaycan faktiki olaraq DQ və Laçın rayonunu verməyə hazırdır. Sadəcə olaraq ermənilərdən xahiş edir ki, gəlin, müqaviləyə qol çəkək siz qoşunları o biri rayonlardan çıxarın, 5 ildən sonra referendum keçirib DQ-ni götürün. Ermənilər isə DQ və Laçını müqavilə imzalanan kimi onlara verməyi, o biri rayonları isə sonradan boşaltmağı tələb edirlər. Bütün danışıqların məğzi bundan ibarətdir. Danışıqları bu səviyyəyə gətirib çıxaran şəxsin Azərbaycanın prezidenti olmağa haqqı varmı? İstəyirəm biləm, bu Azərbaycan xalqına nə etsələr, etiraz səsini çıxardacaq? Qarabağ problemini həll etmək üçün birinci bu rejimdən xilas olmalıyıq-bu, əsas şərtdir. İkincisi, xalqın seçdiyi adam prezident olmalıdı. Arxasında Azərbaycan xalqı dayanmış adamla zəif ermənilər heç vaxt belə ikrahla danışmağa cəsarət etməzlər. Bizim hökumətin xalqa olan “siz kimsiniz, bir sürü qul” münasibətinə oxşar münasibəti erməni liderləri bizim hökumətin rəhbərlərinə göstərirlər.

İndi qayıdaq dinlə əlaqədar sualınıza.

İslam dini dünyanın ən gənc dinlərindən biridir. Buddizm, təqribən 1500 il, iudaizm 1000 və xristianlıq 200 islamdan öncə yaranmış dinlərdir. Xristianlıq əslində İudaizmin qadağan olunmuş bir qolu kimi inkişafına başlayıb və bir din kimi İsa peyğəmbərin ölümündən 400 il keçəndən sonra Roma imperatoru tərəfindən formalaşdırılıb. O vaxtdan təqribən 225 il sonra İslam dininin formalaşması başladı. İslam dini yeganə dindir ki, Məhəmməd peyğəmbər yaşadığı dövrdə başlayıb və vəfat edəndə artıq böyük bir ərazidə qəbul olunub. İndiyə qədər alimlər 625-ci ildə başlayıb və 12 il müddətində dünyanın ən qüdrətli dinlərindən birinə çevrilən İslamın belə vüsət almasının səbəblərini izah edə bilmirlər. İslam dininin banisi Məhəmməd peyğəmbər (bu da sirr olaraq qalır) Quranın bütün ayələrini əzbərdən deyibdir və ətrafındakılar yazıblar. Quran ona qədər yazılmış bütün dini kitablardan, o cümlədən Bibliyadan daha proqressivdir. Ona görə də qısa bir müddətdə İslam Hindistandan İspaniyaya qədər çox böyük bir ərazini əhatə edib. Məhəmməd peyğəmbərin Quranda yazılmış elmin inkişafına yol açan müddəları qısa bir zamanda bütün antik Yunan fəlsəfəsini ərəb dilinə çevirməyə və öyrənməyə gətirib çıxarıb. Müsəlmanlar bu kitablardan aldıqları elmi inkişaf etdirib ilk dəfə ali riyaziyyatı yaratdılar. Ərəb xilafətinin yaratdığı elm 11-ci əsrdə İspaniyanı ələ keçirən avropalıların qarşısında elə imkanlar yaratdı ki, 400 ildən sonra artıq Avropanı tanımaq mümkün deyildi. Paradoks ondadır ki, Avropanın inkişafına güclü təkan verən İslam 11-ci əsrdən başlayaraq müxtəlif adamların xilafətdə hakimiyyəti ələ keçirmək üçün dini müxtəlif qollara parçalamaq cəhdləri dini zəiflətməyə başlayıb. Müxtəlif qolların əsasında xilafət dağılmağa başlayıb. Sünnilik, Şiəlik,Vəhhabiçilik və sair tamamilə bir-birinə zidd ideyaların mənfi rolunu qeyd etmək lazımdır. Hər bir qol Quranı özü bildiyi kimi izah etməklə onun mənəvi və əxlaqi dəyərlərinə zərbə vurub. Bununla yanaşı, İslamda heç vaxt xristianlıqda olduğu kimi, inkvizasiya məhkəməsi kimi günahsız insanların qanlarını tökən təşkilatlar olmayıb. 15-ci əsrdən başlayaraq xristianlıqda daha liberal istiqamətlər yarandığı halda İslamda fundamentalist meyllər güclənib. Fikirləşirəm ki, dini İslam dini olan dünyanın görkəmli teoloqları və din xadimləri simpozium təşkil edib Məhəmməd peyğəmbərin yaratdığı Müqəddəs Quranı qarşılarına qoyub müəyyən bir kompromisə gəlməli və öz aralarındakı düşmənçiliklərə xitam verməlidirlər. Mən bütün dinləri kifayət qədər dərindən öyrənmişəm. İstənilən səviyyədə, istənilən yerdə İslamın daha proqressiv din olduğunu sübut edə bilərəm. Ancaq bununla yanaşı, bir çoxlarının Quranı anlaması, özü bildiyi kimi izah etməsi İslama ziyandan başqa bir şey gətirmir. Məsələn, adi bir məsələyə baxaq: çoxarvadlılıq. O dövrdə qonşuları ilə müharibə aparan müsəlmanlar kütləvi şəkildə həlak olurdular, nəticədə insanların sayı azalırdı-bu bir, ikincidə bir kişiyə dörd qadın düşürdü. Qəti surətdə o qanunu bu günə aid etmək olmaz. Quranda da belə bir şey yoxdur. İndi fikir verin, 30 milyonluq Səudiyyə Ərəbistanında 15 milyon qadın 15 milyon kişi yaşayır. Səudiyyə Ərəbistanının 2 milyon varlısı 8 milyon qadınla evlənsə, 13 milyon kişiyə cəmi 7 milyon qadın qalar. Məgər İslam dininin əsas prinsipi haqsızlığın qarşısını almaq deyilmi? Ona görə doqmatiklər bu gün dinə zərər vururlar. Dindar adamla din deyib çığır-bağır salanları fərqləndirməyi bacarmaq lazımdır. Dinin əsas prinsipi odur ki, haram çörək yemək olmaz. İndi deyin görüm, özünü din xadimi adlandıran və ya bizim hökumətdə işləyənlərin arasında neçə müsəlman var? Tək namaz qılmaq və ya Məkkəyə getməklə müsəlman olmaq mümkün olsaydı, onda əclafların hamısı mömin olardı. Ona görə dindar adamlara hörmət etmək lazımdır. Çünki o, haram çörək yeməz, başqasına paxıllıq etməz, közü öz qabağına çəkməz, yalan danışmaz, vətən yolunda şəhid olmağı özünə şərəf bilər və sair. Dini adət-ənənələrə gəldikdə, onlara hörmət etmək hər birimizin borcudur. Məsələn, məndən soruşurlar ki, hicaba münasibətiniz necədir? Hicabı heç kim qadağan edə bilməz, bu insanların konstitusion hüququnu pozmaq olar. Ancaq mən 18 yaşına qədər hicab geyməyin əleyhinəyəm, çünki uşaqlar arasında bir-birlərini ələ salmaq, kənarlaşmaq meylləri arta bilər. Uşaq uşaqdır. Hicabın Quranın qanunu olduğunu da sübut etmək mümkün deyil. Bir çox din alimlərinin fikrincə, bu, o vaxt düşmənin, kafirin qarşısında üzüaçıq olmamaqdan qaynaqlanıb. Yəni cavan qızların gözəlliyini düşməndən gizlətmək məqsədi güdüb. Bir sözlə, din və onun müsbət rolu barədə bütöv bir kitab da yaza bilərəm.

Millətçilik barədə.

Millətçilik həmişə hakimiyyəti ələ keçirib diktatura yaratmaq istəyənlərin əlində ən güclü silah olub. Millətçilikdən həmişə başqa əraziləri işğal etmək, adamlarda izafi aqressivlik yaratmaq üçün istifadə ediblər. Faktiki olaraq millətçilik 19-cu əsrin axırlarında öz aktuallığını itirib. 1923 və 1933-cü illərdə italyan və alman millətçilərinin hakimiyyəti ələ keçirmələri 50 milyon adamın öldürülməsi ilə qurtardı. Millətçilik ideyaları üzərində uzağa gedə bilmərik. Türkçülük məsələn, universal türk dili yaratmaq, ümumi türk tarixi yazmaq, türk dövlətlərinin iqtisadi inteqrasiyasını yaratmaq və bu işləri görmək lazımdır. Ancaq böyük Türk milləti ideyaları ilə insanların beynini xarab etmək olmaz.