Onlar birlik qərarı verdilər - Fotosessiya, Yenilənib

onlar-birlik-qerari-verdiler-fotosessiya-yenilenib
Oxunma sayı: 681

Bu gün KXCP-nin mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis olunma mərasimi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, mərasimdə KXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlbəyli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Açıq Cəmiyyət partiyasının sədri Vaqif Mahmudov və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib. Tədbirdə yeni yaranmış hərəkatın əsasnaməsi imzalanıb. M. Mirəlioğlu Müqavimət Hərəkatının yaradılmasında əsas məqsədinin Azərbaycanda demokratik seçki mühitinin yaradılmasıdır. Onun sözlərinə görə, Azərbaycan Liberal Demokratik Partiyasının sədri ilə görüşün hərəkatın təsis olunmasını sürətləndirdi.

Azadlıq Partiyasının Ə. Oruc çıxışında qeyd edib ki, 2013-cü ildə hansısa avtoritarın hakimiyyətə gəlməməsi üçün mümkün adddımlar atılacaq: “Biz bütün demokratik qurumlarla əməkdaşlığa hazırıq. Hətta hakimiyyət daxilində real vəziyyətdən bezmiş qüvvələr də bizə qoşula bilər”.

İclasa on-line qoşulan hazırda ABŞ-da olan eks-spiker Rəsul Quliyev Azərbaycanın dünyada mövcud olan 10-15 ən çox problemli ölkələrdən biri olduğunu deyib: “Hər kəsə elə gəlir ki, Azərbaycan xalqı taleyi ilə razılaşıb. Ancaq son vaxtla xalqla təmas göstərir ki, Azərbaycan xalqı problemlərin tez bir zamanda həllini istəyir. Bizim iki əsas problemimiz var: Dağlıq Qarabağ və korrupsiya. Qarabağ probleminin həlli ölkədə demokratik şərait yaranmadıqca mümkün olmayacaq. Çünki Ermənistan Azərbaycandakı real şəraitdən istifadə edərək ölkəmizin imicini zədələyir. Rüşvət bu ölkənin inkişafının qayçısıdır. Ərəb baharından sonra 5-6 yol polisini həbs etməklə korrupsiyaya qarşı elan etdikləri mübarizəni bitmiş hesab etdilər. Bu çox gülməlidir. Bu problemlər həll olunmadıqca Azərbaycan inkişaf etməyəcək. Azərbaycanda seçkilərin saxtalaşmasının qarşısı alınmalıdır. Bu hərəkat da ona xidmət etməlidir. Şablon sözlərlə yox konkret işlərlə bunu etməlidir. Avtoriteti yüksək olan insanlardan bu hərəkata qoşulmağı xahiş etmək lazım deyil. Çünki Azərbaycanda əhəmiyyətli insan yoxdur, mən də daxil olmaqla. Azərbaycanda əhəmiyyətli insan olsaydı o, bu günə qalmazdı”.

Rəsul Quliyev hesab edir ki, hərəkatın mütəmadi iclasları keçirilməlidir və iclaslar gənclər tərəfindən aparılmalıdır: “Tarix boyu inqilabların əsas qüvvəsi gənclər olub. Onlara xüsusi diqqət vermək lazımdır”.

Hərəkatın təsis olunması ilə bağlı imzalanma mərasimində Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və ACP sədri Vaqif Mahmudov da öz fikirlərini bildiriblər.

Təsis toplantısında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının bəyanatı qəbul olunub. Bəyanatda deyilir: “Azərbaycanda yaranmış mövcud ictimai-siyasi və iqtisadi vəziyyətin daha da ağırlaşması, vətəndaşların əsas təməl haqlarının kobud formada pozulması, demokratik təsisiatların işləməməsi və eyni zamanda ölkədəki idarəetmə sisteminin müasir dövlət prinsiplərinə cavab verməməsi, korrupsiya və rüşvətxorluğun tüğyan etməsi vətənimizin gələcəyi üçün böyük təhlükə yaradır.

Respublikamızda 1993-cü ildən başlayaraq azad və şəffaf seçkilər keçirilməyib və bununla bərabər demokratik seçki mühiti üçün heç bir münbit zəmin yaradılmayıb. Nəticədə xalqın nümayəndələrinin parlamentdə təmsil olunma haqqı tamamilə pozulub. İdarəetmə sistemində inhisarçılıq hökm sürdüyündən, hakimiyyətin qlobal demokratik qaydada, sərbəst şəkildə fəaliyyət göstərməkdən məhrum olub. Xalqın bütün təbəqələri anti demokratik sistemin şərtlərilə qeyri azad mühitdə yaşamağa məcbur edilir və ölkədə vətəndaş cəmiyyətinin qurulması istiqamətində addımların atılmasını tələb edənlərə qarşı zor tətbiq edilərək, qanunsuz yollarla həbs edilir.

Dövlət aparatına ictimai nəzarətin qəsdən aradan qaldırılması siyasəti ölkədə məmur özbaşınalığı, iqtisadi inhisarçılıq, qanunların işləməməsi, insanların sosial durumunun pisləşməsi, total korrupsiya və rüşvətin vüsət almasına gətirib çıxarıb. Aparılan siyasətin doğurduğu şərait vətəndaşların mülkiyyət hüquqlarının kobud formada pozulmasını, sosial şəraitlərinin pisləşməsini, təhsil, səhiyyə, mədəniyyət və digər sferalardakı haqlarından istifadə imkanlarını dözülməz şəkildə çətinləşdirib.

Biz hesab edirik ki, xalqımızın köklü problemlərinin həlli hakimiyyət dəyişikliyindən keçir. Hakimiyyət dəyişikliyinin isə yeganə yolu azad və ədalətli seçkilərdir. Bunun üçün isə ilk növbədə demokratik seçki mühiti yaradılmalı, kütləvi informasiya və sərbəst toplaşmaq azadlıqları real təmin olunmalıdır.

Bütün bunları nəzərə alaraq və yuxarıda sadalanan demokratiyaya zidd proseslərin varlığı və həmin prosesin sistemli şəkildə cəmiyyətin inkişafına, tərəqqisinə və gələcək müqəddəratına güclü zərbə vurulmasının qarşısını almaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar, ictimai-siyasi birliklər, gənclər təşkilatları birləşərək Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yaradılmasını vacib sayır.

Bütün bunları nəzərə alaraq, biz aşağıda adları qeyd edilən ölkənin siyasi partiyaları və ictimai-siyasi qurumalar Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis edilmsəini qərara aldıq”.

Sədan Bünyadova