“Onlar cəzasız qalmayacaqlar”

onlar-cezasiz-qalmayacaqlar
Oxunma sayı: 683



Məclisin sədri Arzu Səmədbəyli partiya rəhbərliyinin adından dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü və Müsavatın 100 illiyi münasibətilə məclis iştirakçılarını təbrik edib. Daha sonra şəhidlərin xatirəsinə bir dəqiqəlik sayğı duruşu elan edilib, partiyanın himni oxunub. Məclisin toplantısında təşkilatı məsələlərə baxılıb, yeni seçilmiş rayon təşkilatı sədrlərinin səlahiyyəti təsdiq edilib. 2 aprel aksiyasında həbs olunaraq məkkum edilən YAP üzvü Ülvi Quliyevin Müsavata qəbul olunmaq üçün həbsxanadan göndərdiyi müraciətə baxılıb və ona müsbət cavab verilib. Daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər mövcud ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib.

İsa Qəmbər bir çox məsələlər barədə fikir bildirərkən 2 aprel məhbuslarının məhkəməsinin gedişinə xüsusilə toxunub. İsa Qəmbər məhbusların dəyanətini və vəkillərin fədakarlığını xüsusi qiymətləndirərək deyib ki, bu gün meydana yeni vəkillər ordusu çıxıb və onlar hakimiyyətin repressiyasından. Vəkillər Kollegiyasının absurd qərarlarından çəkinməyərək insan haqlarının keşiyində ləyaqətlə dayanırlar. Vicdan məhbuslarının söz sözlə çıxış etmələrindən bəhs edən İsa Qəmbər deyib: "Arif bəyin çox parlaq çıxışını dinlədik. Tural bəyin gözəl çıxışı göstərdi ki, artıq Azərbaycanda yeni, gənc siyasi liderlər yetişir. Fuad bəy olduqca maraqlı və fədakar bir çıxış etdi. Məhəmməd Məcidlidən də parlaq, tutarlı çıxış gözləyirik". İsa Qəmbər bildirib ki, o, "müxalifətçilər heç nə üstündə yatırlar" fikri ilə razı deyil: "Onlar əbəs yerə həbsə düşməyiblər. Bu bəylər azadlıq uğrunda mübarizə aparırlar və repressiyaya məruz qalıblar. Demokratiya tarixinə baxanda görürük ki,onun bir ölkədə bərqərar olunması üçün mütləq mübarizə aparmaq lazım gəlir və siyasi liderlərin yolu həbsdən keçir. Bu baxımdan dostlarımız öz fədakar, ləyaqətli davranışları, parlaq çıxışları ilə gənc nəslə nümunədirlər". Müsavat başqanı müxalifətçiləri istintaq və mühakimə edən dövlət məmurlarının ünvanına da sərt ifadələr işlədib: "Onlar bəzən etiraf edirlər ki, vicdan məhbuslarının əməlində heç bir cinayət tərkibi yoxdur və onlara bəraət verilməlidir. Ancaq sonra əlavə edirlər ki, yuxarıdan verilən sifarişə uyğun hökm çıxarmalıdırlar. Və belə də edirlər, şəxsiyyətsiz, ləyaqətsiz hərəkət edir, alçaqlığa qol qoyurlar Sən necə hakimsən, necə prokurorsan ki, sifarişlə iş aparır, hökm çıxarırsan?" İsa Qəmbər bu cür şəxslərin gələcəkdə cəzalandırılacağına inandığını bildirib: "Onlar cəzasız qalmayacaqlar. İnanıram ki, vicdan məhbusları da tezliklə azadlıqda olacaqlar və hər biri Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinə verərək qalib gələcəklər, məruz qaldıqları qanunsuz həbsə görə maddi təzminat alacaqlar. Biz məsələ qaldıracağıq ki, həmin təzminat dövlət büdcəsindən yox, ölkəni ziyana salan həmin prokuror və hakimlərin maaşından tutulsun".

musavat.com