“Onlar imkansız xəstənin cibinə göz dikməsinlər”

onlar-imkansiz-xestenin-cibine-goz-dikmesinler
Oxunma sayı: 669


- 7 aprel Ümumdünya sağlamlıq gününüdür. Bu günün qeyd edilməsinin əhəmiyyəti və cəmiyyətə müsbət təsirləri varmı?

- Əlbətdə ki, insanın gücü, xoşbəxtliyi və çalışqanlığı onun birbaşa sağlamlığı ilə bağlıdır. Sağlam insan sağlam ailə, sağlam ailələr isə sağlam cəmiyyət yaradır. Sağlam cəmiyyətlərdə isə həmişə inkişaf olur, vətəndaşlar azad, firavan, xoşbəxt yaşayırlar. Bu gün elm, təhsil, yuksək texnologiya məhz belə cəmiyyətlərin bəşəriyyətə verdiyi nailiyyətlərdir ki, bundan da bütün insanlıq istifadə edə bilir. Bu baxımdan sağlamlıq gününün qeyd edilməsini olduqca əhəmiyyətli hesab edirəm və düşünürəm ki, vətəndaşlarımızın sağlamlığı üçün tədbirlər həyata keçirməliyik. Ölkəmizdə bu istiqamətdə müəyyən işlər həyata keçirilsədə bu kifayət deyil. Vətəndaşlarımızın sağlamlıqla bağlı ciddi problemləri qalmaqdadır. İstər ana və uşaq ölümlərinin sayına görə, istərsə də gənc və orta yaşlı insanlarda daha çox xəstəliklərin artması və bu xəstəliklərdən ölüm hallarının çoxalması müşahıdə olunur. Ümumdünya səhiyyə təşkilatının hesabatına görə Şərqi Avropada hər 1000 uşağa düşən ölüm sayı 6-9 nəfər təşkil edirsə, olkəmizdə bu rəqəm hər 1000 nəfərə 36-nəfərdir. Kubada bu rəqəm sıfırdır.

- Sizcə ölkəmizdə bu rəqəmin kifayət qədər böyük olmasının səbəbi nədir?

- Doğrudan da narahatlıq doğuran məsələ budur ki, həm təbii coğrafi iqlim şəraitinə görə, həm sağlam qida mənbəyinə görə, içməli suyun və təbii qidaların tərkibinə görə yer kürəsinin ən yaxşı yerlərindən biri bizim ölkəmizdir. Lakin, insanlarımızın sağlamlığı ilə bağlı problemlər günü-gündən artır. Burada əlbətdə ki, əsas səbəb kimi tibbi və sosial səbəblər üstünlük təşkil edir. Regionlarda yeni-yeni xəstəxanalar tibb mərkəzləri inşa edilsə də, əhalinin bu mərkəzlərə müraciət etmələri çox aşağıdır. Həmçinin sosial vəziyyəti ağır olan vətəndaşlarımızın sayı olduqca yüksəkdir və bu üzdən insanlar yalnız xəstəliklərinin ən ağırlaşdığı vaxt həkimə müraciət edirlər. Unutmaq olmaz ki, xəstəliyə tutulmamağı, xəstələndikdən sonra müalicə alıb sağalmaqdan üstün tutmaq lazımdır. Təəsüf ki, bu gün sosial vəziyyəti ağır olan insanların müalicə alması, xəstəlikdən daha ağrılı bir bəlaya çevrilib. Mən partiyanın regionlarda mövcud olan yerli təşkilatlarından bu məsələlərlə bağlı mütəmadi olaraq məlumatlar əldə edirəm. Dövlət qurumlarınin yerlərdəki fəaliyyəti qənaətbəxş deyil və mövcud vəziyyətin yaxşıya doğru dəyişməsinə nail olunmalıdır.

- Vətəndaşlarımızın sağlıq durumu ilə bağlı nə kimi təkliflərimiz var.

- Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə mütəmadi olaraq bu məsələlərlə bağlı Milli Məclisdə çıxış edib, dövlət büdcəsinin müzakirəsi zamanı, hökumətin hesabları zamanı məsələ qaldırıb və ictimaiyyətin diqqətini bu istiqamətə yönəldib. Qarabağ döyüşlərində yaralanmış, sağlamlıqlarını itirmiş on minlərlə vətəndaşımız ciddi sağlıq təhlükəsi ilə üz-üzədir. Pensiyası yalnız yemək puluna çatan qocaların, sosial yardımla ancaq övladlarına çörək ala bilən yüz minlərlə insanın, həbsxanalarda ağır xəstəliklərdən əziyyət çəkən və azadlığa çıxdıqdan sonra da müalicə olunmaq imkanları olmayan insanlarımızın sayı kifayət qədərdir. Son 10-15 ildə bir dəfə də olsun həkimə müraciət edə bilməyən gənc qızlarımız, gəlinlərimiz, səngərlərə oğul böyüdüb göndərən əsgər anaların sağlamlığı hər bir vətəndaşımızı narahat edən məsələ olmalıdir. Hökümət qurumları təcili tədbirlər görməli, xəstəliklərin proflaktikası üzrə yerlərdə proqramlar həyata keçirilməli, maarifləndirmə işini təşkil etməlidirlər. Vətəndaşların icbari tibbi sığortası ilə bağlı qanun qəbul olunmalıdır. Həkimlərin əmək haqqı yüksək həddə qaldırılmalıdır ki, onlar imkansız xəstənin cibinə göz dikməsinlər. Həm dövlət nəzarəti, həm də ictimai nəzarət mexanizmləri hazırlanmalıdır. QHT-lər tərəfindən vətəndaşlar arasında maarifləndirici layihələri həyata keçirilməlidir. Biz Ümid partiyası olaraq bu məsələlərdə bütün maraqlı tərəflərlə əməkdaşığa hazırıq.