“Onlar şəxsi maraqlarından çıxış edir” – Şərh

onlar-sexsi-maraqlarindan-cixis-edir-serh
Oxunma sayı: 663

Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin təşkilat işləri üzrə müavini Billur Hümbətov cəmiyyətdə müxalifətin birliyinə yönəlik inamsızlığın səbəblərini şərh edərkən deyib. O, bildirib ki, acınacaqlı haldır ki, hətta ümumi maraqlar da qarşısına Azərbaycanın demokratikləşməsi məqsədini qoymuş müxalifət partiyalarını bir araya gətirə bilmir: “Əlbəttə ki, müxalifət daxilində birliyin baş tutmamasının müəyyən səbəbləri var və təəssüflə bildirməliyəm ki, həmin səbəblər daha çox subyektiv xarakterlidir. Açıq danışsaq, etiraf olunmalıdır ki, bəzi siyasətçilər və onların rəhbərlik etdikləri müxalifət partiyaları həlledici məqamlarda düşərgənin deyil, şəxsi və təşkilatı maraqlardan çıxış edərək, mümkün birliyin yaradılmasını əngəlləyiblər. Yəni burada söhbət prezidentliyə vahid namizədin müəyyənləşməsi və başqa hansısa ciddi məsələnin həllindən getmir. Nəzərdə tutduğum siyasətçilər və partiyalar ölkədə demokratik mühitin yaradılması istiqamətində də birgə fəaliyyətin təmin olunmasına mane olmağa çalışırlar. Müxalifət daxilində bu çərçivədə baş verənləri cəmiyyət də davamlı müşahidə edir və nəticənin olmadığını görüb, müxalifət qüvvələrinin mümkün birgəliyinə şübhə ilə yanaşır. Amma Vətəndaş və İnkişaf Partiyası olaraq hesab edirik ki, müxalifətin təmərküzləşməsi, düşərgə daxilində bir neçə sabit, dayanıqlı birliyin formalaşması imkanları mövcuddur və bunlardan maksimum istifadə olunmalıdır. O zaman cəmiyyətin də müxalifətdaxili inteqrasiya ilə bağlı tərəddüdləri müəyyən qədər aradan qalxacaq. Buna çalışmaq lazımdır”.