“Onlarda İslama qarşı nifrət var” – Müsahibə

onlarda-islama-qarsi-nifret-var-musahibe
Oxunma sayı: 801

“Qafqazinfo” ilahiyyatçı Elşad Mirinin “Kaspi”yə verdiyi müsahibəni təqdim edir:



- Elşad bəy, İranın bəzi din xadimləri Azərbaycan dövlətinin adına olmazın həqarətlər yağdırır, xalqımız və dövlətimizə xitabən müxtəlif ultimativ xəbərdarlıqlar edirlər. İlk növbədə iranlı din xadimlərinin bu addımlarına münasibətinizi öyrənmək istərdik.

- Qurani-Kərimdə belə bir anlayış var: siz başqalarının tanrılarına söyməyin ki, onlar da bilməyərəkdən qayıdıb sizin Allahı söysünlər. İslam dini hazırda da bu prinsipi qoruyur. Ancaq İran rejimi bu prinsipin əleyhinə hərəkət edir. İran hər vəchlə Azərbaycanın əleyhinə mənfi rəy formalaşdırmaq istəyir. İranda yaşayan azərbaycanlılar arasında ölkəmizin mənfi imicini yaratmağa cəhd edir. Bununla oradakı soydaşlarımıza deyirlər ki, Azərbaycan sizin kimilərin yaşaya biləcəyi yer deyil. Digər tərəfdən, İranın daxilində özbaşınalıq var. Bu ölkədə ali dini liderlə yanaşı, müəyyən ayətullahlar da var. Həmin o ayətullahlar özlərini müstəqil bir şəxs kimi aparırlar. Yeri gəldi-gəlmədi Azərbaycandakı ictimai-siyasi prosesləri tənqid edir, hər şeyə qara yaxmağa çalışırlar. Bütövlükdə belə adamların Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir. İrandan fərqli olaraq, Azərbaycan dünyəvi, müstəqil, demokratik bir dövlətdir. Belə olan halda İranın bizə insan hüquq və azadlıqlarından dərs keçməsi gülünc görünür. İranlı ayətullahlar Azərbaycandakı proseslərə məzhəbçilik prizmasından da yanaşırlar. Onlar Azərbaycanda məzhəb anlayışını ortaya ataraq, həm daxildə ayrıseçkilik yartmağa çalışır, həm də özlərinə yaxın insanları ölkə əleyhinə ayağa qaldırmaq istəyirlər. Bu gün Azərbaycanda müəyyən insanlar var ki, hər hansısa bir məzhəbin tərəfdarıdır. Həmin o məzhəb tərəfdarları özlərinin təqlid etdikləri şəxslər də bu gün ya İranda, ya da İraqda oturanlardır. Yəni üçüncü bir başqa alternativ olmadığından onlar hansısa bir başqa ölkədə yaşayan insanların fikirləri ilə oturub-dururlar. İslam dininə etiqad göstərən azərbaycanlı mömin İrandakı ayətullahlardan birini özü üçün alim seçir, onun dediyi hər bir sözü qeyd şərtsiz qəbul edir. Və hətta yeri gələndə, bu adam imkanı daxilində qazancının 5-də birini xüms adı altında həmin ayətullahların ya Azərbaycandakı nümayəndələrinə, yaxud da İranda olan dəftərxanalarına hansısa formada göndərir. İrandakı ayətullahlar həm də bu bazarı itirmək istəmədiklərindən, bəzi insanlarımızı təsir altında saxlayırlar.

- İranlı mollalar dini, siyasi proseslərə münasibət bildirməklə yanaşı, “Eurovision-2012” musiqi yarışmasının dinimizə zidd olduğunu əsas gətirib bu beynəlxalq tədbirin boykot edilməsi barədə də fikirlər səsləndirilər. Sizcə hər hansı iranlı din xadiminin bu kimi bəyanatlarla çıxış etməsi nə dərəcədə düzgündür?

- Qurani Kərimdə belə bir ayə var: Sizə biri xəbər gətirdiyi zaman onu araşdırın. Amma ayətullahlar bu amili nəzərə almadan hərəkət edirlər. Bunlara deyən lazım ki, sən araşdırma aparmadan insanlar arasında necə belə bir fitnə-fəsad törədə bilərsən? Ümumiyyətlə, İranın özündə siyasət və din anlayışı bir-birindən ayrı deyil. Ölkənin prezidentini qəbul edən Ali dini liderdir. Ölkə prezidenti seçilir, seçiləndən sonra onun prezidentliyini qəbul edən şəxs İranın ali dini lideri olur. İranda siyasət dinin tərkib hissəsinə çevrilib. Bu ölkədə din ayrı, siyasət ayrı deyil. Azərbaycanda uzun illərdir özlərini İrandakı ayətullahların davamçıları kimi görən şəxslər cümə namazı qılmırlar. İndinin özündə də bu belədir. Niyə? Çünki qeyd edirlər ki, cümə namazının xütbəsində birinci tərəf dini olmalıdırsa, ikinci tərəf siyasi olmalıdır. Bunun necə bir acınacaqlı vəziyyət olduğunu özünüz təsəvvür edin. Ona görə də İranda hər hansısa bir məsələyə ayətullahların müdaxilə etməsi onlar üçün adi hal alıb.

- Həqiqətənmi İran, İslam respublikası olaraq müsəlman qardaşlarının təəssübünü çəkir?

- Dünyada 5 ölkə var ki, adlarının qarşısında İslam yazılıb. Belə dövlətlərdən biri də İrandır. Tarixə nəzər salsaq görərik ki, dünyada İslam ilk dəfə Ərəbistan yarımadasında meydana gəlib. Hazırda həmin yerdə Səudiyyə Ərəbistanıdır. Yəni, İslamın meydana gəldiyi ərazidə hazırda krallıq var. Ərəbistanda İslam dini yaranandan sonra Sasanilər dövləti darmadağın edildi, iranlılar müəyyən bir müddət Əməvilərin, ardınca Abbasilərin hakimiyyəti altında qaldılar. 1979-cu ildən sonra isə adlarını dəyişib etdilər İran İslam Respublikası. Gəlin baxaq görək, dövlətin adını İslam etməklə, həqiqətənmi İslama xidmət etdilər? Əlbəttə ki, xeyir. Bu gün İranda həyata keçirilənlərin İslama heç bir aidiyyatı yoxdur. Qadınların siğə adı altında alçaldılması, hüquqlarının tapdanması İslam deyil. Eləcə də İslamda olmayan ayətullah sisteminin ortaya çıxarılaraq, insanların maddiyatının əlindən alınması da dinimizlə bir araya sığmır. İslamda zəkat anlayışı qırxda bir dəfə olduğu halda, xüms adı altında insanların qazancının beşdə birini alıb öz cibinə qoymaq, yaxud da bununla dolanıb insanlara guya ki, yaxşılıq eləmək dindarlıq deyil. Əhalisinin böyük əksəriyyəti müsəlman olan, İslam dininə etiqad göstərən qonşu dövlətin ərazisi xristian Ermənistan tərəfindən işğal olunarkən, buna etiraz etməmək də İslam həmrəyliyinin əleyhinə çıxmaq deməkdir. Müsəlman qardaşına kömək etmək əvəzinə, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanı dəstəkləmək, ona hərtərəfli yardım etmək İslam anlayışında yoxdur. Bu gün İran sadəcə İslam adından istifadə edərək, özü üçün bir ideologiya formalaşdırıb. Həmin ideologiyanın adını hər nə qədər teokratik qoymasa da bu formada həyata keçirir. Ancaq nəzər yetirəndə görürsən ki, İranın atdığı hər hansı addım İslamda dəstəklənmir. Onların etdikləri əməllər nə peyğəmbərin, nə də səhabələrin həyatlarında yoxdur.

- Söylədiklərinizdən belə qənaətə gəlmək olarmı ki, İran İslam ölkəsi olmasına rəğmən, bu dinə xristian bir qurum kimi zərbə vurmaqla məşğuldur?

- İranın baş verən proseslərə yanaşması tamamilə fərqlidir. İran İslamı qəbul edəndən bu günə kimi ancaq dini parçalamaqla məşğuldur. Niyə? Ona görə ki, onlarda İslama qarşı bir kin var, nifrət var. Səbəbi də budur ki, İslamın yayıldığı ərəfədə farsların 224-cü ildə yaratdıqları Sasanilər dövləti Xəlifə Ömər tərəfindən 639-642-ci illərdə dağıdıldı. Məhz bu səbəbdən həmin dövrdən başlayaraq, İslamla bağlı nə qədər məsələ varsa, orada parçalanma yaratmağa çalışıblar. Guya İslam başqa yerdə yaranmasına baxmayaraq, İran rejimi bu dinə bütün müsəlmanlardan daha yaxşı itaət edir, İslamı hamıdan yaxşı yaşadır. Amma reallıq tamam başqa məqamlardan xəbər verir. Hazırda Suriyada ölkə rəhbəri öz hakimiyyətini qorumaq üçün öz vətəndaşlarını qətlə yetirir. Belə bir ərəfədə İran rejimi Suriya iqtidarına hərtərəfli dəstək verir. Terrorçu təşkilat kimi tanınan Hizbullah da İran tərəfindən maliyyələşdirilir. Bu həmin Hizbullahdır ki, Suriyadakı qətliamdan qaçıb canını qurtarmaq üçün sərhəddi keçmək istəyən günahsız insanları gülləbaran edib. Hələ bu təşkilatının törətdiyi digər çoxsaylı terror aktlarını demirəm. Bax bütün bunları İran İslamla necə əlaqələndirə bilər?

- Elşad bəy, hər hansı dini məsələnin süni şəkildə şişirdilərək böyük bir problemə çevrilməsi nə dərəcədə düzgündür?

- Hər hansı məsələ ilə əlaqədar müəyyən bir problem varsa, bu problemin sivil qaydada həlli yolları da var. Azərbaycan dünyəvi dövlətdir. Buranın özünün bir ədliyyə sistemi, məhkəmələri var. Bir vətəndaş olaraq mən bu məhkəmələrdə hər hansı bir qüsur görürəmsə, haqqım tapdanırsa, digər bir məhkəmə instansiyasına müraciət edə bilərəm. Əgər növbəti məhkəmə instansiyalarında da haqqım qorunmazsa, o zaman Avropa məhkəmələrinə çıxa bilərəm. Amma İranda bu sahədə ciddi problemlər var. Mən azad bir ölkənin vətəndaşı kimi məscidlərə gedir, ibadətimi edirəm. Bu və ya digər dini, yaxud sair məsələ ilə bağlı təkliflər verir, yeni təşəbbüslərlə çıxış edir, iradımı bildirirəm. Ancaq bu o demək deyil ki, mən əlimə daş alıb hansısa pəncərəni sındırmalı, hay-həşir salmalıyam. Hər şeyin qayda-qanunu var axı. İslam dinində hakimiyyətə qarşı gəlmək qəbul edilməzdir. Çünki hakimiyyətə, dövlətə qarşı gəlməklə, ölkənin idarəetmə mexanizminə problemlər yaradılır. Bəzən vətəndaş üzləşdiyi problemi həll edə bilməyəndə günahı hakimiyyətdə görür. Amma İslamda qeyd olunur ki, sən necəsənsə, o cür də idarə olunarsan. Yəni, günahı özündən yuxarıda deyil, ilk növbədə özündə axtarmalısan. Əgər mən düz olsam, ətrafımdakı insanlarla düzgün rəftar etsəm, cəmiyyətlə düz olsam, həmin cəmiyyəti idarə edən dövlət də güzgü kimi eyni şəkildə mənimlə davranacaq. Bu səbəbdən hər hansı məsələ ilə bağlı tədbir görərkən ilk növbədə maariflənmə işi aparılmalıdır.

- Sizcə, İslam dinini dərindən mənimsəmək üçün inanclı insanlar kimdən nümunə götürməli, kimin arxasınca getməlidirlər?

- Çox təəssüf ki ölkəmizdə də dindən istifadə edən müəyyən qruplar və ya qruplaşmalar var. Siyasi qurumlarla əlbir çalışan şəxslər var ki, onlar da İranda aldıqları təhsilin, həmçinin bilavasitə İranın təsiri ilə Tehrandakı rejimin ideologiyasını burada yaymağa çalışırlar. Bəziləri öz siyasi çəkisinin olmadığını dərk edib, dindarlardan, İslamın fəlsəfəsini tam dərk etməyən, lakin dinə qarşı həssas olan insanlardan istifadə edirlər. Bununla bir güc formalaşdırıb hakimiyyətə qarşı müxalifətçilik edirlər. Bütün bunlar tamamilə yanlış bir addımdır. Keçmişdə ateizm dövrü olanda insanlar “Urra” sədası ilə kütləvi şəkildə ateist oldular. Müstəqillik illərində isə yaranan sərbəstlik özü ilə bir boşluq gətirdi. Bu dəfə də adamlar kütləvi şəkildə İslam dininə etiqad göstərməyə başladılar. Bax burada kortəbiilik var. İslam kortəbiiliyi, təqlidçiliyi qəbul eləmir. İslam tədqiqi, araşdırmanı, məsələyə daha geniş yanaşmağı təbliğ edir. Misal üçün, kontekstdən çıxarılmış hər hansı Quran ayəsi ilə, peyğəmbərlərdən birinin bir kəlmə sözü ilə İslamı yaşamaq olmaz. İnsanlar var ki, öz dar düşüncələrini dinə gətiriblər və dindar deyil, dini dar insanlar olublar. Amma adamlar da var ki, həmin o dindarlığı həqiqi mənada universal, modern şəkildə, texnoloji imkanlarla birləşdirərək insanlara haqqı, ədaləti çatdırmağa çalışırlar. Bax Azərbaycanda əsas problem budur. Təəssüf ki, Azərbaycanda din deyəndə ölülər, yaxud da başqa məsələlər yada düşür. Halbuki, din deyiləndə elmli, orta və ali məktəb savadlı, dünyaya baxışı geniş olan ilahiyyatçılar təsəvvür edilməli, dini müzakirələr onlarla aparılmalıdır. Bütün qazancları yas məclislərindən gələn, başqa heç bir işlə məşğul olmayan şəxslər həqiqi dindar sayıla bilməz. Belələri möminlər üçün də nümunə ola bilməzlər.

Kaspi.az