“Onların arzusu, planları məhvə məhkumdur”

onlarin-arzusu-planlari-mehve-mehkumdur
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, bunu son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətlərində hiss edirlər. Ə. Həsənov bildirib ki, Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır: “Əgər bu iradəyə cavab vermirlərsə, onların istənilən arzusu, istənilən planları məhvə məhkumdur. Ona görə də biz heç zaman Azərbaycanın xaricində baş verən hadisələrlə Azərbaycanın daxilindəki prosesləri eyniləşdirmirik. Onlar arasında əlaqə axtarmırıq, çünki heç bir əlaqə yoxdur. Məsələn Qazaxıstanda hansısa kiçik bir münaqişənin olması, yaxud da Rusiyada daxili ictimai-siyasi proseslərdə yaşanan hansısa halları Azərbaycana nə aidiyyatı var?”.

Onun sözlərinə görə, hər bir ölkənin öz daxili tənzimləmə mexanizmi var və bu hakimiyyət-xalq münasibətidir: “Əgər xalqın iradəsinə söykənən hakimiyyət onun ictimai, iqtisadi ehtiyacın, istək və arzularını ifadə edirsə, o hakimiyyət möhkəmdir, sabitdir. Belə cəmiyyətdə kiminsə araqarışdırma cəhdləri məhvə məhkumdur. Bu gün Azərbaycanda iqtidarla xalq arasında yekdillik var. İqtidar Azərbaycan xalqının iradəsinə söykənir”.

Əli Həsənov Azərbaycanın avtoritar ölkə siyahısına salınmasına da müunasibət bildirib: “Təəssüflər olsun ki, son zamanlar bu kimi təsnifatları aparan beynəlxalq təşkilatların çoxu obyektiv meyarlardan, təhlillərdən çıxış etmirlər, hansısa mərkəzlərin, təşkilatların, qurumların və yaxud dövlətlərin sifarişini yerinə yetirirlər. Bunların da məqsədi var. Dünyada qloballaşmanın vüsət aldığı bir dövrdə dünyada baş verən proseslər və dövlətlər bu proseslərdə iştirakının müxtəlif vasitələrini, yollarını, metodlarını müəyyənləşdirir. Və hər bir dövlətin yürütdüyü siyasət kimlərisə qane etmir, onun iqtisadi , siyasi, sosial sahədə həyata keçirdiyi layihələr kimlərinsə maraqlarına cavab vermir. Bu baxımdan Azərbaycan bu təsnifatların çoxunu subyektiv dəyərləndirir və faktiki olaraq onlara bir o qədər də reaksiya vermir. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsinə söykənir və bunun əsas meyarı da Azərbaycan xalqının dinc, firəvan həyatıdır, ölkənin dünyada öz maraqlarının, təhlükəsizliyinin təmin etməsidir”.