“Onların çıxışları lağlağıdan ibarətdir”

onlarin-cixislari-laglagidan-ibaretdir
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Bütün diplomatik fəaliyyətin məhz nəticənin əldə olunmasına yönəldiyini deyən Həsənov bildirib ki, əgər bir nəticə olmayacaqsa, dünyanın indiki gərgin ictimai-siyasi, maliyyə vəziyyətində üç aparıcı ölkə neçə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmazdı.

Ermənistanın indiki siyasətinə rəhbərlik edənlərin qeyri-ciddi insanlar olduğunu vurğulayan Həsənov, Ermənistanın rəsmi şəxslərinin çıxışlarını nümunə gətirərək müstəqil dövlətin prezidentinin, nazirlərinin bu formada mülahizələr irəli sürməsindən təəssüfləndiyini deyib. "Onların çıxışları lağlağı, qeyri-ciddi fikirlərdən ibarətdir. Biz qeyri-ciddi bir ölkə ilə üz-üzəyik. Bu qeyri-ciddi siyasət yalnız Azərbaycana, işğal olunmuş ərazilərdəki əhaliyə ziyan gətirmir, bütün Ermənistan əhalisini girovluqda saxlayır. Erməni xalqı faktiki olaraq hərbi rejimin girovuna çevrilib, neçə illərdir regionun, dünyanın inkişafından təcrid olunub. Ermənilər bir militarist qrupun biznes maraqlarının girovunda saxlanılır. Onlara qarşı ciddi tədbirlər görülməsə, bu insanlardan hər şey gözləmək olar", - PA rəsmisi deyib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünə toxunan Həsənov qeyd edib ki, Ermənistan dezinformasiya siyasətinə əl ataraq guya Kazan görüşündə Azərbaycanın yenilənmiş Madrid prinsiplərinə yeni düzəlişlər irəli sürdüyünü və bunun nəticəsində danışıqların heç bir razılaşma əldə olunmadan başa çatdığını iddia edib. Onun sözlərinə görə, Kazan görüşündə Ermənistan yenilənmiş Madrid prinsipləri əsasında ilkin sülh sazişinə dair sənədlərin imzalanmasına mane olub.

Münaqişənin həlli istiqamətində görüşlərin artması, müzakirələrin intensivləşməsi məsələsinə toxunan şöbə müdirinin sözlərinə görə, bu, münaqişənin həlli ilə bağlı yeni vəziyyətin yaranmasından xəbər verir. "Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bu məsələ dinamik şəkildə müzakirə olunan, dünyanın gündəminə gətirilən, həlli vacib hesab edilən məsələlər sırasına qaldırılıb. Yeni vəziyyət budur", - o deyib.

Trend