“Onu incitməyiblər, döyməyiblər”

onu-incitmeyibler-doymeyibler
Oxunma sayı: 672

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov AzadlıqRadiosuna bildirib ki, Zeynal Bağırzadə həbsdə hər hansı formada işgəncələrə məruz qalmadığını deyib: «Zeynal Bağırzadə bizim əməkdaşlara bildirib ki, o, qeyri-insani rəftara məruz qalmayıb. Onu incitməyiblər, döyməyiblər. Xahiş edib ki, onun qardaşına bu barədə çatdıraq. Zeynal Bağırzadə yalnız onun barəsində qaldırılmış ittihamları əsassız hesab etdiyini deyib».

Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy isə onun qardaşının bu cür açıqlama verməsinə inanmadığını deyir: «Qardaşım heç bir işgəncəyə məruz qalmayıbsa, niyə həbsindən 2 gün sonra - dekabrın 28-də mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilib? Naxçıvanda bizim inandığımız 4 hüquq müdafiəçisi var. Görüşə icazə verilirsə, qoy onlar görüşsün».
Naxçıvandakı hüquq müdafiəçilərindən Məlahət Nəsibova isə deyir ki, onlar Zeynal Bağırzadə ilə görüşmək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər: «Naxçıvanda çox az QHT var. Amma Zeynal Bağırzadə ilə görüşənləri nə biz - hüquq müdafiəçiləri, nə də Zeynal Bağırzadənin yaxınları tanıyır. Biz əvvəldən proseslərin içindəyik, dəfələrlə görüş üçün müraciət etsək də, heç bir nəticə olmayıb. Amma bu prosesləri izləməyən, yaxınlarının tanımadıqları adamlara icazə verilir».

Zeynal Bağırzadə barəsində CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluqla külli miqdarda ziyan vurma) maddələri ilə cinayət işi qaldırılıb. Dekabrın 26-da Naxçıvan şəhər Məhkəməsi Zeynal Bağırzadə haqqında 3 aylıq həbs qərarı verib.