“Onun başındakı əmmamə yox, kəfəndir” - Müsahibə

onun-basindaki-emmame-yox-kefendir-musahibe
Oxunma sayı: 1987






Milli Məclisin üzvü Cavanşir Paşazadənin “Qafqazinfo”ya müsahibəsi

- Bu günlərdə Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik etdi. Hansı zərurətdən edilir bu dəyişikliklər?

- Bu qanuna əlavə və dəyişiklik mənim üzvü olduğum İnsan haqları komitəsində qəbul olunub. Azərbaycanda ilk dəfədir ki, bu qanuna belə dəyişik edilir və bunun sonuncu olduğunu demək olmaz. Hələ dəyişikliklər çox olacaq. Bu dəyişiklikləri dövlətçiliyin qorunmasında, eyni zamanda siyasətin din üzərində, yaxud dinin siyasət üzərində qurulmasından asılı olmayaraq, hər kəsin hüququnu tanıyan bir sənəd kimi qəbul etmək olar.

- İslam təmayüllü dini icmalar bundan sonra Qafqaz Müsəlmanları İdarəsində hesabat verəcəklər. Sizcə, bu dini icmaların nəzarətə götürülməsi demək deyil?

- Yox, məsələ belə deyil. Azərbaycanda din dövlətdən ayrıdır. Lakin dindarlar dövlətdən ayrı deyil. Onlar icra strukturlarına hesabat verməlidir. Bu icra strukturlarının dövlətə aid olması şərt deyil. Sahibsiz heç nə ola bilməz. Qafqaz Müsəlmanları İdarəsinin özü də hesabat verir. Din dövlətdən ayrı olduğu üçün bu hesabatı Hesablama Palatasına verə bilmərik. Yəni bu normal bir haldır. Burada qeyr-adi heç nə axtarmaq lazım deyil.

- Siyavuş Novruzovun Milli Məclisdəki dini məsələlərlə bağlı çıxışı mətbuatda geniş yayılıb. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Mən deməzdim ki, o, haqlıdır. Burada eyni zamanda, onun kiməsə toxunmaq istəyi ilə bu çıxışı etdiyini də deməzdim. Qanuna edilən dəyişiklik hansı çatışmazlıqların olub-olmadığını göstərəcək. Ola bilsin Siyavuş Novruzov o qanunları yaxşı bilmir, bu səbəbdən də belə bir çıxış edib. Qanun da ondan ibarədir ki, dini icmalar hesabatı dövlətə deyil, öz kollektivlərində yaratdıqları dini şuralara verəcəklər.

- Siyavuş Novruzov çıxışında din xadimlərinin İran mollaları kimi əmmamə qoymasına etirazını bildirib. Sizcə, belə bir açıq mesajla o nə demək istəyir?

- Yenə də deyirəm ki, mən inanmıram ki, Siyavuş Novruzov bu sözləri xüsusi məqsədlə desin. Siyavuş müəllim də, media da, hər kəs də bilməlidir ki, əmmamə təkcə İranda deyil. Əmmamə bütün ərəb ölkələrində var. Dində forma anlayışı yoxdur. Düzdür, katoliklərdə hər ibadətin öz geyimi var. Bizdə isə belə bir qayda yoxdur. Hər il Həccə nə qədər insan gedir və heç biri də əmmamə qoymur. Buradan da belə nəticəyə gəlirik ki, dində geyim forması mütləq deyil. Gözəllik üçün geyim seçmək olar, lakin İslamda bu geyim mütləq geyiniləcək deyə konkret bir qayda yoxdur. Bəli, Peyğəmbərimiz (s) başına əmmamə qoyub və deyibdir ki, bu mənim kəfənim olacaq. Bunu da insanlar sonradan Peyğəmbərə (s) hörmət əlaməti olaraq başlarına qoyublar. Ola bilər ki, Siyavuş müəllim bunu bilməsin, bu da təbiidir. Yəni mahiyyət etibarı ilə bu əmmamə deyil, kəfəndir.

- Bu Siyavuş Novruzovun QMİ-nin ünvanına səsləndirdiyi yeganə ittihamlar deyil, belə bir faktla keçən il də rastlaşmışdıq.

- Siyavuş Novruzov keçən il nəzir qutuları barədə fikri bildirmişdi. Yenə də deyirəm ki, qanuna edilən sonuncu dəyişiklik çox geniş mahiyyət kəsb edir və müsbət nəticələr verəcəyinə əminəm.

- Millət vəkilinin Şeyxlə münasibətlərində başqa məqamlar ola bilər?

- Yox, ola bilməz. O, hər zaman şeyxin hörmətini saxlayıb. Hər kəsin bir fikri var, o da öz fikrini bu cür ifadə edib. Bu hansısa elm sahəsi deyil ki, hamının dəqiq xəbəri olsun. İndi elə insanlar var ki, hər şey barədə fikir bildirilər. Amma fakt odur ki, bir insan hər şeyi bilə bilməz, çünki buna imkanı çatmaz.

- Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasına münasibətinizi bilmək istərdik. İndi məsələ nə yerdədir?

- Bizdə dinlə bağlı komitə olduğu kimi Gürcüstanda da belə bir komitə yaratmaq əsas məqsəd olub. Bu hələ tam həllini tapmayıb.

- Bu qurum QMİ-nin imicinə zərbə vurmayacaq ki?

- Mən hesab edirəm ki, heç bir zərbə olmayacaq.

- Amma Rusiya, Cənubi Qafqaz ölkələrinin mediası bunu birbaşa olaraq Saakaşvili tərəfindən QMİ-nin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə atılmış bir addım kimi xarakterizə edirlər.

- Belə deməzdim. Bu qurumun yaradılmasına hələ Saakaşvili razılıq verməyib. Xüsusi təhlükə yaradacaq bir şey yoxdur.

- “Təzə Pir” Məscidinin təmir və bərpa işlərinə rəhbərlik edibsiniz. Bu sahədə yeni işlər varmı?

- “Əjdər bəy” Məscidinin təmir işləri gedir. İri məscid kompleksidir, bir-iki aya təhvil verilməsi gözlənilir. Orada İslam ölkələrinin səfirləri ibadət edir. Cənab prezidentin tapşırığı və ayırdığı maliyyə ilə bu ibadət ocağında mükəmməl işlər görülüb. Dövlət başçısı bu məsciddə həm sünnilərin, həm də şiələrin namaz qılması faktını nəzərə alaraq tapşırıq verib ki, məscid yüksək səviyyədə təmir-bərpa olunsun. Ümumiyyətlə, Azərbaycanda ibadət ocaqlarına, məscidlərə dövlət səviyyəsində qayğı və sayğı var.