“Onun haqqı yoxdur”

onun-haqqi-yoxdur-
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, mitinqlərin keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar var: “Bununla belə, hesab edirəm ki, mitinqlərin harada keçirilməsi deyil, onun insanlar tərəfindən nə dərəcədə dəstəklənməsi daha vacibdir. Dünyanın istənilən yerində mitinqin harada keçirilməsi uğrunda deyil, o mitinqlərə daha çox insan gətirmək uğrunda mübarizə aparılır. Bununla da mitinqləri təşkil edənlər ictimai dəstəklərinin nə dərəcədə olmasını ortaya qoymuş olurlar. Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir, oraya da maksimum 500 adam toplaşır”.

Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarına da münasibət bildirən Ə. Əhmədov bildirib ki, onun dediklərində ədalətli mövqe yoxdur: “Almaniyanın bəzi mətbuat orqanları Azərbaycanla bağlı qərəzlərini gizlətmirlər. Bu və ya digər bəhanələrlə Azərbaycandakı prosesləri ciddi şəkildə təhrif edir, bu təhriflər əsasında kampaniya aparırlar. Azərbaycanda da bəzi kütləvi informasiya vasitələri buna cavab veriblər. Hesab edirəm ki, iki ölkənin KİV-ləri arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxilə etməsinə heç bir lüzum yox idi, bu, yersiz və yolverilməz idi. Düşünürdüm ki, Almaniya səfiri bu hadisələrin fövqündə dayanan bir mövqe seçəcək. Amma təəssüflə bildirmək istəyirəm ki, səfir tərəflərdən birinin mövqeyini tutdu, Almaniyanın bəzi KİV-lərinin qərəzli mövqeyinin tərəfini tutdu. Beləliklə də özünü bu prosesin içində göstərdi. Ona görə də bundan inciməyə, buna başqa cür qiymət verməyə onun haqqı yoxdur”.