“Onun intihar etməsi mümkün deyil”- Etiraz

onun-intihar-etmesi-mumkun-deyil-etiraz
Oxunma sayı: 2275

Bakı Islam Universitetinin şəriət fakültəsinin dekanı Firudin Məmmədov üçün verilən yas mərasimində kimlər yox idi. Mağar doluydu. Onlarla insan bayırda var-gəl edirdi. Hamı ondan, necə insan olduğundan danışırdı. Insanlar Hacı Firudinin gördüyü işləri sözə çəkirdi.

Səhhətində ciddi problemlər var idi

Bizi qarşılayan evin böyük oğlu Zamir Məmmədov oldu. Ilk sözü “yazın, camaat bilsin ki, atam necə oldu ki, dünyasını dəyişdi” oldu. Mağardan kənarda tələbələri gözə dəyir. Onlara yaxınlaşırıq. Söhbət edirik. Tələbələri müəllimlərinin intihar xəbərini yaxına buraxmaq belə, istəmirlər. Bunun mümkünsüz olduğunu deyirlər.
Mərhumun oğluyla söhbət edirik. Zamir deyir ki, atasının səhhətində ciddi problemlər var idi: “Onun damarlarında ”tromb” əmələ gəlmişdi. Tez-tez damarları şişirdi. Bu zaman o, damarı əliylə bərk sıxırdı. Bir neçə dəqiqədən sonra şiş keçirdi”.
Zamir atasının damarlarını kəsərək intihar etməsi barədə xəbəri onu istəməyənlərin yaydığını söyləyir: “Buna başqa ad tapa bilmirik. Axı bu insan intihar etməyib. Bu xəbər məqsədli şəkildə yayılıbsa, deməli, bunu onu istəməyənlər edə bilər. Lakin biz bilmirik ki, bu adamlar kimdir”.
Yeri gəlmişkən qeyd edək ki, Firudin Məmmədovun ölümü barədə Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.


Ölümündən bir gün əvvəl ürəyi tutub

Zamir Hacı Firudinin ölən gününü belə xatırlayır: “Ölümündən bir gün əvvəl, yəni noyabrın 3-də universitetdə halı pisləşib. Hətta ürəyi getmişdi. Dərman verib onu ayağa qaldırıblar. Evə gəldi, vəziyyəti pis idi. Ancaq yenə işdən qalmadı. Səhəri universitetə getdi. Dünyasını dəyişən gün axşam ailəvi dostluğumuz olan Malik Məmmədovla görüşdülər. Maşında yenə damarları şişib. O, damarları əvvəlki qaydada yenə sıxsa da, heç nə alınmayıb. Xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Mərkəzi Neftçilər Xəstəxanasının girişində dünyasını dəyişib”.
Zamir deyir ki, hadisədən sonra xəstəxanaya polis gəlib: “Damarlarında qan görüb, elə zənn edib ki, intihar edib. Ona görə belə bir şayiə yayılıb. Ekspert də rəy yazıb. Rəydə damarın zədələnməsi və qanaxma nəticəsində dünyasını dəyişməsi qeyd edilib”.
“Hacı Firudin televizorda intiharla bağlı hər hansı bir xəbəri eşidirdisə, çox pis olurdu. Allahın onları bağışlaması üçün dua edirdi” - bu sözlərin də müəllifi Zamirdir.
Iş yoldaşı Rüfət Qarayevlə söhbət edirik. Rüfət Hacı Firudinin ölümündən bir gün əvvəl ürək tutmasının şahidi olub. Onun sözlərinə görə, noyabrın 3-də mərhumun halı qəflətən pisləşib: “Dərhal ona dərman verdilər. Dərmanları qaytardı. Özündən getdi, ayılandan sonra onu xəstəxanaya aparmaq istədik, razı olmadı. Evə getdi”.
“Biz böyük bir alimimizi, eyni zamanda böyük bir insanı itirdik. Firudin müəllim həm alim, həm də bir insan kimi bütün tələbələrin sevimlisi idi. Universitetdə hamı ona hörmətlə yanaşırdı” - bunu da müəllimlər deyir.

Övladı universitetdə oxusa da bunu heç kim bilmirdi

Islam universitetinin müəllimi Dilavər Əzimli bizimlə söhbətə belə başlayır: “Yetimlərin atası öldü. Çox gözəl insan idi. Həyatımda bu cür insana rast gəlməmişdim. O, həmişə insanlara kömək edirdi. Psixoloji problemi olan insanlarla daim söhbət edirdi, onlara yardım əlini uzadırdı. Həmişə 18 oktyabrda, 28 mayda müəllimlərdən xahiş edirdi ki, müstəqillik, respublika günləriylə bağlı tələbələrə danışsınlar. Ən ağır vəziyyətlərdə belə, dərsdən qalmırdı”.
Iş yoldaşları ilə söhbət əsnasında məlum olur ki, mərhumun övladlarından biri universitetin tələbəsi imiş. Ancaq bu vaxta qədər onun övladı olduğunu heç kim bilməyibmiş: “Bu qədər sadə idi. O, öz övladını başqalarından fərqləndirməzdi”.
Universitetin gənc kadrlarından olan Mübariz adlı müəllim isə dərsə gecikməyindən danışır: “Hacı Firudin müəllim dekan idi. Dərsə gecikirdik, ancaq bir söz demirdi. Insanla heç vaxt şikayət dilində danışmazdı”.
Iş yoldaşı Ilkin Əlmuradov da Hacı Firudinlə bağlı fikirlərini deyir: “Onun intihar etməsi mümkün deyil. Bu məlumat sadəcə yalan və böhtandır. Hacı və yüksək səviyyədə dini təhsili olan adamın intihar etməsi çox gülüncdür. O, insanlara həmişə kömək edib, pis yollardan çəkindirib. Dində də buyrulub ki, intihar etmək günahdır. O, heç vaxt belə günaha batan insan deyil”.

***

Suriyada ali dini təhsil alan 1961-ci il təvəllüdlü Hacı Firudin Məmmədovun bu il dekabrın 31-də 50 yaşı tamam olacaqdı. Ancaq olmadı. Yubileyinə 57 gün qalmış, bu dünya ilə sağollaşdı.
Iş yoldaşları ilə ayrılanda onlardan biri çox gözəl söz dedi: “O, bu dünyada çox əziyyət çəkirdi. Millətin faciəsini ürəyində daşıyırdı, bu faciələrlə barışa bilmirdi. O biri dünya onu çox şeydən azad etdi”.

azadliq.info