Oruc tutun, sağlıq qazanın

oruc-tutun-sagliq-qazanin-
Oxunma sayı: 673

Orucun insana bir çox maddi və mənəvi faydaları var. Oruc tutan insan nəfsinin istəklərinə qalib gəlmiş olur. Yeməmək və içməmək mələklərə xas xüsusiyyətdir. Bir ay ərzində hətta halaldan da çəkinən insan xislət etibarı ilə mələklərə bərabər, bəzən onlardan da üstün olur. Bu cür yaşam tərzi Allahın buyurduğu: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin surəsi, ayə 4) hikmətinə boyun əyməkdir.

İnsan Allahın ən gözəl əsəridir. İnsanda bütün ziddiyyətlər bir-birilə birləşib, mükəmməl bir vəhdət əmələ gətirib. Bədənlə ruh, maddə ilə məna insanda iç-içədir. İnsanın xoşbəxtliyi də bu fərqli anlayışların bir arada tutulmasına bağlıdır. İnsanda ziddiyyətlərin və tənasüblərin bir araya gəlib hikmətə boyun əyməsinə işarə edən böyük şairimiz İmadəddin Nəsimi də məşhur olan şeirində bu mənanı göstərmiş olurdu:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənən, kövnü-məkana sığmazam.

Laməkanın (Məkansız olan Yaradanın) gövhəri olan insanın bədənində iki fərqli anlayışlar iç-içədir. Ruh və bədən, cicm və can, maddə və məna. Nəsimin işarə etdiyi həmin iki cahanın bir arada sığışması insanı cahana sığmayacaq qədər kamil edir. Bu ziddiyyətlər vəhdətinin birinin çatışmazlığı insanı insan olmaqdan çıxarır. Bədənsiz ruh, cismsiz can, maddəsiz məna mövcud ola bilməz. Bunu əksi baş verəndə isə insan artıq insan olmaqdan çıxır, bütün başqa canlılardan birinə çevrilir. Ruhu, canı, mənası olmayan insan özünü “Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!” (Tin surəsi, ayə 5) şəklinə salar.

İnsanın maddi cəhəti daha konkret oldugu üçün ruhi istiqaməti kölgədə qoymaq və ona qarşı çıxmaq çabasındadır. Bu mücadilə insanın ruhunun kamilləşməsinə əngəl olar. Bu baxımdan bədənin ruha boyun əyməsi üçün bədənin gücünü konkret sərhədlər çərçivəsinə salmaq, ruhun hüdudlarını genişləndirmək lazımdır. İnsanın ruhi dəyərini artırmaq üçün ən gözəl vasitələrdən biri məhz orucdur. Orucluqla insanın nəfsi istəkləri insan ruhuna boyun əymiş olur.
Orucun hikməti təkcə ac qalmaq deyil. Doğrudur, ac qalmaq imkanlı olan insanlarda sosial mahiyyəti dərk etmək imkanı qazandırır. Yəni ac qalan ac qalmağın dəyərini anlayır. Amma oruc tutmaqla mədəsini ac saxlayan insan eyni zamanda, dilini, əlini, gözünü, qulağını haramdan qorumalıdır.
Bir ay boyunca dilini gözəl sözlərə alışdıran, gözünü haramdan çəkən, əlini-ayağını haramdan qoruyan insan bundan sonra da bütün il boyu gözəl vərdişlər qazanmış olur. Bu vərdişi özündə aşılayan insan Nəsimin işarə etdiyi mənaya yüksəlib uca mərtəbə əldə edə bilir:

Tanıyan nəfsini tanır Xudasın,
Dəxi yarlıq edər şahi-zamanım.

Allah nəfsini (özünü) tanımaqla Yaradanı tanıyan hər bir müsəlmanın orucunu qəbul etsin!
Amin!