Bostonda Xocalı qurbanları anılıb - Foto

bostonda-xocali-qurbanlari-anilib
Oxunma sayı: 907

Fevralın 26-da Bostonda təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə Boston şəhərində yerləşən “Hilton” otelində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən “Qafqazinfo”ya verilən xəbərə görə, tədbirdə 60-a yaxın tələbə, azərbaycanlı və türk icmalar, habelə digər yerli nümayəndələr iştirak edib. İştirakçılar arasında Türkiyə Cümhuriyyətinin Bostondakı Baş Konsulluğunun nümayəndəsi Kemal Yüksektepe də olub.

Tədbirdə çıxış edən Mirkamran Abdullayev Xocalı sakinlərinin məruz qaldığı qətliam, Azərbaycanın üzləşdiyi təcavüz və işğal haqqında iştirakçılara məlumat verib. Eyni zamanda, Xocalı faciəsinin Azərbaycan tarixi üçün vacibliyini, hazırda ölkədə bununla əlaqədar aparılan işləri qeyd edərək Azərbaycanın bu sahədə apardığı ədalətli mübarizəsinə hər bir dəstəyin önəmli olduğunu və bunun üçün birgə işlər görməyin, məlumatların sosial şəbəkələrdə işıqlandırılmasının əhəmiyyətliliyini vurğulayıb.

Sonra tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlardan sonra “Zülmətdən qaçış” (“Running from the darkness”) sənədli filmi nümayiş etdirilib. Film böyük maraqla qarşılanıb.