“Ötən il bunu cənab prezidentə göstərdik” – Müsahibə, Eksklüziv

oten-il-bunu-cenab-prezidente-gosterdik-musahibe-ekskluziv
Oxunma sayı: 729


“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağanın “Qafqazinfo”ya müsahibəsi.

- Ali bəy, bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da bir daha bəyan etdi ki, “Azercell”in 3G lisenziyası almasına barmaqla sayılası günlər qalıb. Gözləyirdinizmi?

- Bu mənim üçün də çox şad xəbərdir. Nazir bu gün bir daha dedi ki, “Azercell”in 3G lisenziyası almasına sayılı günlər qalıb. Lisenziyalaşdırma işlərindən həmən sonra inşallah 3G əməliyyatlarına başlayacağıq. Biz bunun olacağını bilirdik, amma müddətin tez bir zamanda bitməsi üçün hər iki tərəf əlimizdən gələn qədər çalışırdıq. Nazirin söylədiklərindən belə qərara gəldim ki, oktyabr ayı müddətində lisenziyalaşdırma işləri bitəcək.

- Bu ay lisenziyalaşdırma işlərini bitirdikdən sonra “Azercell” 3G-ni noyabrda Bakıda keçiriləcək “BakıTel” sərgisində təqdim edə biləcəkmi?

- Onun müddətini öyrənməyimiz lazımdır. Oktyabr ayında işlər başa çatarsa, noyabrda dolayısı ilə təqdim etmək mümkün olacaq. İnşallah o zamana çatdırarıq. Böyük ehtimalla ilin sonunadək “Azercell” istifadəçiləri 3G-dən yararlana biləcəklər.

- “Azercell” “3G problemi”ni həll etdi deyə bilərik. Qarşıda hansı planlarınız var?

- Sadəcə, 3G planı deyil, ondan sonra hədəfdə 4G planı var. Biz iki ildir 4G-yə də hazırıq. Ötən il “BakuTel” sərgisində cənab prezidentə bunu göstərdik. “Azercell” tək texniki deyil, commersion olaraq da 4G-yə hazırdır. 4G xüsusən Azərbaycanda internetdən istifadənin artmasında çox önəmli texnologiyadır. Ən böyük planımız budur. Onunla bərabər bir çox kampaniyalar da nəzərdə tutulub. Yaxında hamı görəcək.

- Tarif planınızda da yeniliklər gözlənilirmi?

- Tarif planı bizdə çox dinamikdir. Bir çox endirimlər edirik. Yeni kampaniyalar keçiririk. Bu il ən böyük işimiz konturdan manata keçməyimiz oldu. Dövlət orqanlarında çalışanlara endirimli kampaniyalarımız var. İnternet qiymətləri düşür. Rouminq xidmətlərində, TeliaSonera ölkələri arasında ən ucuz operator bizik. Beynəlxalq data paketlərində ən ucuz bizik. 3G gələndən sonra da ölkə daxilindəki data tariflərinə uyğunlaşdırılacaq. Dayanmadan işləyirik. İldə 30, 40, bəzən 100-ə yaxın kampaniya keçiririk. Bunların bəzilərini KİV-lər vasitəsilə yaysaq da, bəzilərini sadəcə SMS vasitəsilə bildiririk. Yeniliklərimiz davam edəcək.

Nigar Məmmədli