Övlad istəmək “günahı” – Həkim qurbanları - VI

ovlad-istemek-gunahi-hekim-qurbanlari-vi
Oxunma sayı: 1187

Məlumatsızlıq, biliksizlık qəbahət deyil, amma insanların bu xüsusiyyətindən istifadə edib onların həyatı ilə zarafat etmək isə cəhalətdən də pisdir. Heyif ki, aramızda belələri var, hətta çoxluq təşkil edir.

Azərbaycan həmişə qohum evliliyinin sayına görə, dünya ölkələri eləcə də Qafqazda öndə durub. İllərdir bu evliliklərin sayı azalmaq əvəzinə daha da artır. Ailələr boşanma faktlarının artması səbəbindən qohumluq nikahlarına üstünlük verirlər. Yerli mütəxəssislərin bir qismi insanları gələcəkdə xəstə, şikəst uşaqlar dünyaya gəlməsin deyə qohum evliliklərindən çəkindirən bəyanatlar verir. Bir qisim həkimlər isə əksinə irsi xəstəliklərin olmadığı təqdirdə yaxın qohum (əmiqızı-əmioğlu, dayıqızı-bibioğlu, xalaqızı-xalaoğlu) nikahlarında hər hansı riskli vəziyyətin olmadığını qeyd edirlər.
Sahnaz. Ə. (26yaş) da 3 il əvvəl doğma əmisi oğlu ilə ailə həyatı qurub. Evliliyinin ilk mərhələsində hamilə olduğunu dəqiqləşdirən kimi Sabunçu rayon Klinik Xəstəxanasında vəziyyətiylə bağlı ginekoloq Arzu həkimin qəbulunda olub .Həkim qayda üzrə pasiyentini qanın müayinəsi üçün müvafiq yerlərə göndərib. Pasiyentin qan analizlərini gözdən keçirən həkim onun qanında mikrob olduğunu ,amma müalicənin mümkünlüyünü deyib. Həkimin təyin etdiyi çoxlu sayda dərmanları qəbul edən xəstə hamiləliyinin 3-cü ayında övladını itirib. Adıçəkilən həkimdən əlini üzən xəstə bir müddət sonra Respublika Klinik Xəstəxanasının ginekoloqu Məlahət həkimlə görüşüb. Bu həkimin də qan müayinəsinə, özü də dəfələrlə əməl edən pasiyent növbəti dəfə yeni dərman reseptləri ilə “təltif olunub”. Çarəsiz xanım bu müalicəni də etdirib .Amma yenə də növbəti hamiləliyi (4-cü ayda) pozulub. Şahnazın sözlərinə görə, artıq yaxşı həkim axtarışı onu yorsa da ,ailəsinin təkidi ilə 8-ci kilometrdə yerləşən 7-saylı Qadın poliklinikasına müraciət edir.Ginekoloq Zenfira həkimin nəzarətinə götürülən ana olmaq istəyən xanım növbəti qan müayinəsinə göndərilir. Bu həkim isə qohumluq əlaqələri səbəbindən(qanda rezus uyğunsuzluğu) onun ana olmaq şansının az olduğunu, eləcə də Şahnazın anemiyadan əziyyət çəkdiyini deyib. Qalaq –qalaq resept vərəqələri ilə evə dönən Şahnaz bir az da “övladının olmayacağı xəbəri” ilə üzülür. Amma həkimin təyin etdiyi müalicəni edir, növbəti qan analizini nəzərdən keçirən həkim bu dəfə pasiyentin vəziyyətində irəliləyiş görmədiyi üçün onu, özəl klinikalardan birində işləyən həmkarı Elxan adlı həkimin yanına göndərir. Bu dəfə bu həkim pasiyentin müalicəsi üçün ona “cəzbedici” pul məbləği söyləyir. Həyat səviyyəsi çox da yuxarı olmayan Şahnaz artıq ana olmaq fikrini birdəfəlik unutmaq qərarına gəlir.

Bir müddətdən sonra yaxın qonşusunun təkidi ilə Bakıxanov qəsəbəsində yerləşən Doğum evinin həkimi Fidan xanıma müraciət edir. Mütəxəssis (bizdə bu titul xəstəsi çox olan adama verilir)sayılan həkim-ginekoloq pasiyentinin bütün müalicə müddəti ilə tanış olur, qalaq-qalaq qan müayinəsi kağızlarını təəccüblə vərəqləyir və pasiyentinə zarafatla “sənin bu qan analizlərin ömrünün sonunadək bəsdir” deyir. Həkim qanında bir neçə mikrob aşkarlanan Şahnaza 2 qutu həb təyin edir və onun tezliklə ana olacağı müjdəsini verir. Hazırda həkimin nəzarətində olan pasiyent tezliklə dünyaya sağlam övlad gətirmək sevincini yaşayır. Amma o vaxtiylə firma faizləri ilə dolanan həkimlərin təyin etdiyi dərmanlar ucbatından mədəsində ciddi problemlə yaşayır. “Heç nədən, çoxunu borcla aldığım 2000 manatdan çox dərman yemişəm ,belə də olmalıydı”-deyir.
Nə deyək, Allah naşı ola-ola özünü alim hesab edən “həkim”lərə insaf versin! Xəstə üçün özünü həlak edənlərinsə canını sağ etsin!

P.S. “Qurbanlar” silsilə məqalələri özündən şübhələnən bir qisim həkimlərin internetdən istifadəyə başlamasına təkan verib. Ürəkaçan nəticədir.

Raminə Eyvazqızı