Oxucu əminliyinin dozası

oxucu-eminliyinin-dozasi-
Oxunma sayı: 646

Məqalənin bir yerində yazmışam, Tovuz rayonundan gələn bir xanım mənə söylədi ki, şəhərdə yolla tək getmək mümkün deyil. Gənclərdən tutmuş yaşlı kişilərə qədər, adamın yanında maşın saxlayıb sənə intim təkliflər edirlər. Bunun başqa variantlarını da küçədə səninlə üz-üzə gələn piyadalar eləyir. Qadına adi kompliment də deyə bilmirlər. Adamı, mütləq, təhqiramiz baxışlarla əzir, eybəcər sözlərlə təhqir eləyirlər. Ən yaxşı halda isə yanından keçərkən heyvan kimi səslər çıxarırlar. Belə heyvanlardan şikayət eləyəndə polis onlara bəraət qazandıraraq deyir, elə geyinmək lazımdı ki, sataşmasınlar.

Yazıya çoxlu sayda oxucu rəyi yazılıb. Maraqlıdır, oxucuların arasında polisin bu sözünə bəraət qazandıranlar da var. Yazırlar ki, polis düz deyir, qadınlar müsəlman kimi geyinməlidir. Belə oxucular, yəqin, qadınlarımızın hamısının İrandakı, Əfqanıstandakı kimi qara çadralara bürünməsini umurlar. İnternetdən istifadə eləyən, 21-ci əsrdə yaşayan bu zəkaların qadını hələ də nəyəsə büküb gizlətmək arzusunu heç cür başa düşə bilmirəm.

Özünü Avroasiyada hiss edən bir şəhərdə, Avropa qanunları ilə idarə olunmağa iddialı bir ölkədə qadını qara parçalara bükmək istəyən zəkaya nə deyəsən? Niyə belə adamlar çürük beyinləri ilə vurub-çıxıb hesab edir ki, çadraya bürünməyən qadın mütləq pozğundur? Yaxud bir qadın pozğundursa, nə üçün o, mütləq sənin kimi geri zəkalı ilə yatmalıdır? Axı modaya uyğun geyinən, yaxud çadrasız gəzən qadın sənin kimi çürük təfəkkürü heç vecinə də almır. Belə xanımlar nəinki sənin ona əlini vurmağını, sənin onunla bircə kəlmə kəsməyini belə istəməzlər! Sənin dinin, imanın kimisə təhqir etmək, zorlamaqdısa, belə ruhaniyyətçiliyin nəyi ilə fəxr eləyirsən? Sənin imanın bir qadının açıq baldırına baxmaqla azırsa, qadın üzünü göstərməklə dinin əldən gedirsə dünəndən getsin! Bütün fikir-zikrinizi qadının müxtəlif əzalarına bağlamaqla məşğulsunuz. Sizin kimiləri dəstəmaz alıb namaz qılmaq, həccə getməklə könül təmizləyə bilməz!

Siz, guya, çadraya bürünənə dəymirsiniz? Ürəyinin ən dərin guşəsində sevgilər bəslədiyin, dərdindən öldüyün şiə imperiyası olan İranda qadınlar başdan-ayağa çadralara bürünür. Bəs orda niyə hər dəqiqə çadralı qadınlara sataşırsınız? Xəlvətə düşəndə, çadraya bürünmüş qadının arxasını niyə çimdikləyirsiniz İranda?

Oxucuların biri öz rəyində lap gül vurub! Yazının bir yerində yazmışam ki, qadınlara sataşan maşınlı adamlara bir söz deyən yoxdur, çünki cəmiyyətimiz polisin də bəraət qazandırdığı harınlardan qorxaraq vicdanının ağzına daş basıb. Oxucu gözünə döndüyüm, yazıb, ay Murad Köhnəqala, mən yüz faiz bilirəm ki, belə şeyləri görüb susanlardan biri elə sən özünsən! Bəh-bəh-bəh! Ağıla bax, dərrakəyə bax, hikkəyə bax, əminliyin faizinin yüksəkliyinə bax, hücuma bax, tanımadığı adamı birbaşa şərləməyə bax, fəhmin gücünə-dozasına bax! Bu çox hörmətli oxucunun yazdığına görə, sən demə, mən, yazını yazandan sonra əlimə bir mətbəx bıçağı götürüb küçəyə çıxmalı, harada qadına sataşmaq üçün maşın saxlayan varsa tapıb onu bıçaqlamalıyammış! Çox möhtərəm oxucu da evdə oturub çay içə-içə internetdən xəbər oxumalı imiş ki, deməzsənmi, filan küçədə qadına sataşan kişini yazarımız qanına boyadı. Sən demə, mən həm cəmiyyətdəki eybəcərliklərdən yazmalı, həm də zəhmət çəkib, eybəcərlik yaradanları cəzalandırmalıyammış! Bəlkə elə, yazdığım məqalələrimi də qapı-qapı düşüb adamlara özüm şəxsən oxumalıyam?!

Ay möhtərəm oxucum, adı çəkilən yazım belə olaylara biganə qalmamağımın sübutu deyilmi?!

teleqraf.com