Öylə bir keçər zaman ki...

oyle-bir-kecer-zaman-ki
Oxunma sayı: 996

Sezon finalına çıxandan sonra Antalyada, Bələkdə, Kəmərdə, Quzey Kıprız tərəflərdə geninə-boluna dincələn aktyor və aktrisalar işlərinin başına dönüblər. Deməli xanımlarımızın bayramı qapının lap ağzındadı. “Fatmagülün suçu nə?”, “Küçük sırlar”, “Adını Feriha qoydum”, “Doktorlar” bundan sonra bütün söz-söhbətlərin baş mövzusuna çevriləcək. Hələ yeni serialları demirəm. “Al yazmalım”, “Seni bana yazmışlar”, “Ay tutulması” sıraya durublar. Xanımlarımız üçün bundan yaxşı bayram, bundan gözəl hədiyyə? Həftənin bütün günləri göz qabağında. Doyunca bax, sevin, həyəcanlan, ağla, aradabir lap qarğış da elə.
Ötən mövsüm “Öylə bir keçər zaman ki...” öylə bir tozanaq qopardı gəl görəsən. Bütün rekordların qol-qıçını qıran bu serial sezon finalından yaman iddialı qayıdır. Serialın yaradıcıları qadın tamaşaçılara əməlli-başlı sürpriz hazırlayıblar. Növbəti bölümlərdə dəhşətli olaylar olacaq. Siyasət meydanında sandığı açıb pambığı yerə dağıtmağı xoşlayan türk qardaşlarımız seriallar məsələsinə çox həssas yanaşırlar, sirr verməklə araları heç yoxdu. Mən özüm “Öylə bir keçər zaman ki...” serialının növbəti bölümlərində baş verəcək hadisələri min bir zülmlə öyrənə bilmişəm. Dostumun tanışlarından birinin yerlisi “Öylə bir keçər zaman ki...” serialının çəkimlərində sürücü işləyir. Xanımların əzbər tanıdığı serial qəhrəmanlarının paltarlarını çəkiliş meydançasına həmin sürücü daşıyır. Əslində bu faktın özü də artan nüfuzumuzun göstəricisidi. Heç gör bir erməni sürücü belə bir serialın çəkimlərinə yaxın buraxılar? Nə isə. Siyasətə çox qarışmayaq. Türk seriallarında baş verənlər siyasi olaylardan daha maraqlıdı. “Öylə bir keçər zaman ki...” yenidən yayıma başlayan kimi Qəddafi, Hüsnü Mübarək, Bəşər Əsəd yaddan çıxacaq. Obamanın zadı düşəcək, nədi o zəhrimarın adı? Hə, yadıma düşdü, reytinq. ABŞ prezidentinin reytinqi düşəcək. Çünki...
“Öylə bir keçər zaman ki...” daha maraqlı olaylar vəd edir. Yeni bölümlərdə elə hadisələr olacaq ki...Həmin o sürücüdən bəzi detalları öyrənə bilmişəm. Gavur qızı Karolinə görə öz ailəsinə olmazın əziyyətlər verən, bizim xanım tamaşaçıların yeddi mərtəbəli qarğışını qazanan Ali kaptan deputat seçiləcək. Daha doğrusu, onun əzazilliyini, anasına, həyat yoldaşına və övladlarına münasibətini nəzərə alan iqtidar belə kadra “yaşıl işıq” yandıraraq Ali kaptanı seçki qutusundan qalib çıxaracaq. Ali kaptan bu xasiyyətinə görə təkcə mandat yox, həm də kreslo, katibə, para, ən son model araba qazanacaq. İmtiyazlarından istifadə edən Ali kaptan gavur qızı Karolini Müdafiə Nazirliyində mühüm bir vəzifəyə təyin etdirəcək. Əvvəlki ailəsinə kömək göstərməyə çalışan, keçmiş həyat yoldaşı Cemile xanımı saf hisslərlə sevən Balıqçını- Hİkmet Karçını bir xoruza yük edəcək. Deputat Ali kaptan mandatından istifadə edərək belə demək mümkünsə, rəqibini diz çökdürəcək. Hikmet Karçının toxuculuq kombinatına gələn Vergilər Nazirliyinin əməkdaşları guya vergidən yayınma halları aşkar edəcəklər. Polis şöbəsi isə qonşuların müraciəti əsasında kombinatın anbarından iki ədəd “AKM” silahı, 123 patron və qumbaraatan qurğunun istifadəsi üçün lazım olan metro kartı tapacaqlar. Dövlət televiziyası Hikmet Karçının qanunazidd hərəkətlərini pisləyən silsilə verilişlər yayımlamağa başlayacaq. Adana, Manisa, Trabzon, Qars və İqdırda keçirilən toplantılarda zəhmətkeşlər Hikmet Karçının ömürlük həbs olunması üçün müraciət qəbul edəcəklər.
Hikmet Karçının həbsindən sonra deputat Ali kaptanın əvvəlki ailəsinin yenidən qara günləri başlayacaq. Cemile xanın kombinatdakı işindən azad ediləcək. Yaşadığı ev dövlət əhəmiyyətli tikintinin ərazisinə düşdüyü üçün bir gecənin içində başına uçurdulacaq. Evin sənədləri buldozerin altında qaldığına görə Cemilə xanım təzminat davası aça bilməyəcək.
Deputat Ali kaptan böyük oğlu Metedən də qisas alacaq. Musiqiçi dostlarıyla növbəti məşqə gedərkən Metenin gitarasından 4 kilo narkotik tərkibli bitki, tank əleyhinə istifadə oluna bilən 50 qəpik xırda pul müsadirə ediləcək, polisə müqavimətlə bağlı maddə də öz yerində. Metenin cibindəki Ramiz Rövşənin şeirlər kitabı cinayət işinə “İranın nüvə planları” adıyla əlavə olunacaq. Meteyə hüquqi yardım göstərmək istəyən vəkil Vəkillər
Kollegiyasından xaric ediləcək, maşınının təkərləri oğurlanacaq.
Cemile xanımın qızı Aylinin qaynı- tanınmış iş adamı Soner bu dar gündə ailəyə heç cür kömək edə bilməyəcək. Çünki millət vəkili Ali kaptanın diqtəsiylə Soner bəyin başı olmazın bəlalar çəkəcək. Soner bəyin şirkətlər qrupuna məxsus mebel fabrikindən istifadə müddəti keçmiş qatıq tapıldığı üçün bütün sərvəti talan ediləcək.
Ailənin o biri qızı ali məktəbdən xaric ediləcək. Sevdiyi oğlan sosial şəbəkələrdə iqtisadi islahatlardan narazılıq bildirdiyi üçün həbs olunacaq. Üstəlik hərbi xidmətdən yayınmağı ürəyindən keçirdiyiyinə görə də ayrıca cəzalanacaq.
Sonbeşik Osman bu il ilk dəfə məktəbə gedəcək. Lakin onun bu sevinci uzun sürməyəcək. Sinif müəllimi, bir vaxtlar direktor işlədiyi müddətdə qardaşı Meteyə olmazın haqsızlıq etmiş adam Osmandan fond pulu istəyəcək. Deyilən vaxt fond pulunu gətirə bilmədiyi üçün Osmanı sinif yoldaşlarının yanında təhqir edəcək. “Uşaqlar, Osmanın bacısının qaynı müxalifəti maliyyələşdirir”- deyib onunla danışmağı hamıya yasaqlayacaq...
“Öylə bir keçər zaman ki...” serialının çəkilişlərində sürücü işləyən adamdan hələlik bunları öyrənə bilmişəm. Filmdəki hadisələrin sonrakı gedişini o heç özü də dəqiq bilmir. Amma türk seriallarını yaxından təqib edən xanımlarımızı yeni mövsümdə əsl bayram gözlədiyi dəqiqdi. Həyəcan, göz yaşı, qarğış bol olacaq. Türk kanallarını dəyişməyin!