Böyüdük ki, canımıza azzar olsun?

boyuduk-ki-canimiza-azzar-olsun
Oxunma sayı: 1542

Aysu Kərimova

Bu sabahı da vidayla başladıq şükürlər olsun. May da belə getdi. Günlər, aylar bizdən işıq sürəti ilə qaçır. Zamandı deyirik gedənə, xalis ömürdü yeyib bitirdiyimizin adı. Hər şey sürətlə keçmiş zaman olur. Hər yaşantı xatirə olmağa tələsir. Və, bu heç kimin vecinə deyil. Hər kəs öz məişətində, öz canının, öz qayğısının hayındadı. Bəli, artıq iyundu. Bu gün Bakı küləklidi...hətta hava praqnozuna baxıram "günəşsiz" göstərir. Dünya "uşaqlar günü"nü qeyd edir. 

Mən, uşaqlığımdan neçə yüz il uzaqlaşmışam düşüncəsinə qapılıb, Oqtay Ağayevdən "Sən ey uşaqlıq" dinləyirəm. Kədərliyəm. Küçə dilənçilərinin üzündəki yazıqlıq kimi hiss edirəm özümü. Düşünürəm. Axı bütün pis adamlar vaxtı ilə yaxşı uşaq olublar. Böyüdük ki, canımıza azzar olsun? Nə üçün bir qab su atmadıq gedən saf uşaqlığımızın arxasıyca? Niyə nə bir gül dəstəsi, nə də bir oyuncaq görmədik?  

Niyə ata səsin, ana səsin  doyunca eşitmədik..? 

Elə bu dəmdə keçən ilin bu günün gətirirəm gözümün önünə. Tələbə yoldaşlarımla Bakıdan kənar "uşaq evi"nə gedişimiz yadıma düşür...  Avtobusdakı sükut, sürücü dayının səngiməyən siqarət tüstüsü. Tozlu-torpaqlı, nahamar, adamsız, boz, darıxdırıcı yolları beynimdə təzələyirəm. "Detdom uşaqlarının küçəsi də yetim olur deyəsən" qənaətim. Yadıma düşən Kamal Abdullanın şeiridi: 

Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox...

Və, duyğusal hisslərimdən uçuq, sökük binanı görməyimlə aralaşmağım...hə gəldiyimiz ünvan kədərin də bağrın çatladan "Kimsəsiz uşaqlar evi" idi. Mənə elə gəlir, bütün "uşaqlar evi"nin adı "qəm pəncərəsi" olmalıydı...Nəsə qəfil gəlişimizdən narahatçılıq keçirən, hətta bir xeyli həyəcanlanan müdiriyyət, müəllimlərinin dizləri üstə dayanmağı bacarmayan körpələrə dizləri üstə pəncərə sildirməkləri, bizi görər-görməz uşaqların gülüşməkləri, sevinməkləri...Avtobusa əl sallamaqları, yanlarına çağırmaqları, pəncərədən dəqiq eşidə biləmədiyim səsləri yadıma düşür.
Təşkilatçıların uzun-uzadı dil tökməyindən sonra minnətlə, nazla çəkilişsiz içəri keçməyimizə razı olurlar. 

Uşaqların bəziləri üstümüzə atılır, bəziləri bir küncdə oturur. Bəziləri hürkərək gözlərimizə zillənir... Amma, hər biri əllərimizə baxır.. Ki, nə gətirmişik onlara.

Hədiyələri, ərzaqları yerbəyer etdikdən sonra keçdim uşaqların yataq otağına.

 Bir ana görürəm...bizdən çox əvvəl gəlibmiş... uşaq ağlamasın deyə yatırdıb getmək istəyir...özü ağlayaraq layla oxuyur:

 Yat ey könülümün şirin məramı

Susun qərib quşlar, oxumayın susun!

Yetimlər gözəli balam yatsın...'' özümü güclə saxlayıb, tez ordan uzaqlaşıram. Mətbəxə keçirəm. Sarışın, çəlimsiz bir qız. 15-16 yaşı olar təxminən. Qripdi. Başın stolun üzərinə qoyub, halsız, amansız gözlərin yumur, bağlayır...Yaxınlaşıb dodaqlarımla onun alnına toxunub, öpürəm. (Mən qızdırmalı olanda atam belə edərdi həmişə). Uşaq qızdırma içərisində od tutub yanır. Qiblə tərəfdən yemək bişirən qadın kobud və etinasızca :

- 2 gündü boğazından su belə keçmir. Sağalar, onların canı daşdandı, cin kimidirlər. 

Uşağa toxunuram. Bir də görürəm əllərimi götürüb gözlərinin üstünə qoyur, gah da üzündə gəzdirir. Sayıqlayır: Anamın əlləri kimidi. Onunku da belə idi, hə, mən öz evimizdə olanda da belə xəstələnmişdim. İndiki kimi. Anam işdən gələndə yorğun olurdu həmişə. O gün biləndə istiliyim var üzümü əlləri ilə sıxmışdı. Amma ondan gedib, əriştə bişirməyini istəmişdim. Anam da, tez ayağa qalxıb mətbəxə getmişdi. Kaş deməzdim, əlləri bir az da  qalardı üzümdə. Anamı istəyirəm, anamı əllərini aparma. Anam getməsin....

Çox əlaqəsiz yadıma bir anlıq soyuq qış gecəsində anamın çörək əvəzinə-nağıl deyib yatırtmağı düşdü.

Həmin gündən sonra günlərlə gecələr o qadının yanıqlı laylası, o uşağın ana deyib sayıqlamağı yuxumu ərşəyə çəkdi...

Həmin gündən sonra bu dünyada çox evlər var deyə düşündüm. Doğum evi, dəlilərin evi, dustaqların, qocaların evi, hə bir də Allahın evi- yəni, səadətin həndəvərinə belə dolana bilməyən kimsəsiz uşaqlarınkı. 

Mən həmin gündən sonra elə bilirəm ki, Allahın evində də tavan damır, hər gün damır, hətta yağış yağmayanda da...