Böyük Britaniya ilə müqavilə imzalandı - Fotolar

boyuk-britaniya-ile-muqavile-imzalandi-fotolar
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, çıxış edən rektor Elmar Qasımov bildirib ki, günü-gündən inkişaf edən ölkəmizdə beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir. Bakı Ali Neft Məktəbinin yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi ölkə başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizinin əyani sübutudur . Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulduğunu qeyd edən rektor Elmar Qasımov Heriot-Vatt Universitetei ilə əldə olunmuş razılaşmaya əsasən Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin Heriot –Vatt Universitetinin tələblərinə uyğun həyata keçiriləcəyini və bunun nəticəsi olaraq BANM məzunlarına həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomlarının veriləcəyini bildirib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin həm bütün sahələrdə inkişaf edən Azərbaycan dövləti üçün, həm də Azərbaycana böyük investisiyalar yatırmış və gələcəkdə bu sahədə işləri genişləndirməyi düşünən Böyük Britaniya üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bu gün həmçinin Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Böyük Britaniyanın Edinburq şəhərində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman hər iki ali təhsil müəssisəsi arasında 2013-2017-ci illər ərzində birgə mütəxəssis hazırlığı üzrə əməkdaşlıq haqqında razılaşma imzalayıb.

Razılaşmanın məqsədi Bakı Ali Neft Məktəbində Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığını təşkil etməkdir.

Razılaşmanın şərtlərinə görə tədris proqramlarının Bakı Ali Neft Məktəbində tətbiqi 5 il müddətində Heriot-Vatt Universitetinin tədrisi idarəetmə strukturlarının nəzarəti və pedaqoji heyətinin iştirakı ilə həyata keçiriləcək.

Tədris prosesinin gedişində aralıq monitorinqlər hər iki ali məktəbin əməkdaşları tərəfindən birgə, semestr imtahanları isə Heriot-Vatt Universitetinin əməkdaşları tərəfindən keçiriləcəkdir. Bu yolla pedaqoji heyətin tədrisdə, tələbələrin isə təhsildə motivasiyasının gücləndirilməsi təmin olunacaq.