“Böyük oyun”un ölüsü də gözəldir

boyuk-oyunun-olusu-de-gozeldir
Oxunma sayı: 651

Elsevər Məmmədov

Çox yaxın qohumumun toyuna getmədim. Daha doğrusu, futbol sevgisi qoymadı getməyə. Seçimimi şadlıq evində yox, stadionun üzərində saxladım.  Fikirləşirdim ki, yəqin oyun toydakı şənlikdən, 50-50 süzüb içməkdən çox valeh edəcək məni. Xəyallarımda uzun illərdir ki, çempionat oyunlarında görmədiyim ab-hava canlanmışdı. Tofiq Bəhramov adına Respublika stadionunda ən azı 15 min azarkeş, meydanda gərginlik, əsəblər, futbolun nirvanasına çatan qarşıdurma. Çünki böyük ölçüdə çempionluğun taleyinə aydınlıq gələcəkdi. Əlimizdə qalan budur: iki çempionluq uğrunda yarışan klub və onların mübarizəsi. Göz önündə festival, tamaşa, film canlanırdı. Amma olmadı... 

Məsələn: bir az əvvələ qayıdın. Çox uzağı demirəm, elə 2015-2016-cı illərə. İndi Xəzərin sularında gedən gəmilər kimi geridönüşü gözlənilən və mövcud olmaya-olmaya ən çox haqqında danışılan “Xəzər Lənkəran” can versə də, sağ idi. Çingiz Abdullayevin detektivlərinin də qatilini tapa bilmədiyi “Neftçi” zirvələr uğrunda döyüşürdü. Ən azı bakılılar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün oynayırdı. Bu iki komandanın oyununu boş yerə “Böyük oyun” adlandırmamışdılar. Qarşıdurmanı böyük edən komandalar yox, ətrafındakı ab-hava idi. Elə biz mətbuatdan tutmuş stadionun təmizlikçisinə qədər hər kəs hazırlaşırdı. Komandalar arasındakı son duellərdən birini xatırlayaq: Lənkəranda yerli komanda əzəli rəqibini 3:2 hesabı ilə məğlub edir. Özü də gənclərlə, legionersiz. Komandanın qələbə qolunu 16 yaşlı İbrahim Qədirzadə vurur. Matçda olan ab-hava isə indiki çempionluq yarışının gərginliyini kölgədə qoyur. 

Deyəcəksiniz ki, Lənkəran bölgədir və komandası orda oynayırdı. Məsələn, bu komandalar arasında Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən oyuna paytaxtda 17 min azarkeş gəlmişdi. 

Ölüb Azərbaycan çempionatı! Bəlkə də “Böyük oyun”la birlikdə ölüb. Dözmədi ayaqlarının onu buraxıb getməsinə!

Böyük oyunun internetdə elə görüntüləri var ki, üstündən illər keçməsinə baxmayaraq izləyəndə adamın tükləri biz-biz olur, özünü bir anlıq həmin oyuna qaytarırsan, soyuq tər keçir bədənindən, media üçün “çörəkli matç” deyə yada düşür o illər. İndi baxırıq, köks ötürərək deyirik: “Dövlət bəyin ölüsü də gözəldir!”

Qayıdaq mərkəzi arenada baş tutan çempionluq duelinə. Oyuna 20 dəqiqə qalmış stadionun girişinə yaxınlaşarkən sakitlik olduğunu görəndə artıq anşlaqdan uzaq, gərgin keçməyən bir matç olacağını təxmin etmək olardı. Amma içimdəki son ümid qığılcımları ilə stadiona yollandım. Təxminlərimdə yanılmadım. Sönük, sakit mərkəzi arena... O qədər durğunluq idi ki, yağışın oturacaqlara dəyən kiçik damlalarının səsi belə eşidilirdi. 

Qarşılaşmanın start fitindən sonra komandalar nisbətən hücumlara can atırdı. İlk yarının ortalarına doğru isə stadiondakı kimi komandalar arasında olan gərginlik də sükuta qərq olub getdi. “Qarabağ”a sərf edən heç-heçə fonunda matç ona uyğun da davam edirdi. Qarşılaşmanın ikinci hissəsində üstünlüyü ələ alan “köhlən atlar” dominantlıq edərək istədiyini qazandı. “Qəbələ” isə çempionluq şansını 1 faizə qədər azaltmış oldu!

Oyuna marağın olmamasının səbəbləri isə olduqca maraqlıdır. Əslində bu matçı süni olaraq gözümüzdə böyütmüşük. Çünki “Qəbələ”nin ev oyunlarında belə 2000-dən çox azarkeş stadiona gəlmir. “Qarabağ”ın isə azarkeşləri hər zaman göz önündədir. Maksimum 800-1000 arası. Bu matça 8 min azarkeşin gələcəyi elə PFL-in protokolunda qeyd olunan kimi yalan və xəyaldır. 

Komandaların gərginlikdən uzaq olmasına səbəb isə “Qəbələ”nin rəqibinə kifayət qədər təzyiq edə bilməməsi idi. Qələbə qazanmaq üçün ikiqat güclə çıxış etməli olan “ağ-qaralar” heç “Zirə”yə qarşı göstərdiyi oyunu mərkəzi arenada oynaya bilmədi. Roman Qriqorçukun heyətdəki dəyişiklikləri də öz bəhrəsini vermədi. Kubok oyununda “İnter”ə qarşı yaxşı çıxış edən Baqali Dabonu Daniel Subotiçin əvəzinə meydana atan ukraynalı istədiyinə nail ola bilmədi. Müdafiənin mərkəzində də Qəbələdə 2:0 qalib gəldikləri oyundakı kimi Rəşad Sadiqov mübarizə aparırdı. “Qarabağ” isə 3-cü dövrədə səfərdə göstərdiyindən fərqli daha inamlı çıxış edirdi. Xüsusən ikinci hissədə Qara Qarayev və Muaremin meydana girməsi ev sahiblərinin üstünlüyünü bir qədər də artırdı. Qonaqların heyətində Daniel Subotiçlə Asif Məmmədovun “döyüşə girməsi” ümumi görüntünü dəyişmədi. Beləcə 0:0 hesablı başa çatan matç 3 turdan sonra “Qarabağ”ın birinciliyi bayram etməsinə işarə idi!