“Böyük Səkkizlik” Kemp-Deviddə toplaşdı

boyuk-sekkizlik-kemp-devidde-toplasdi
Oxunma sayı: 646

Sammit işgüzar naharla açılıb. Naharda İran və Şimali Koreyanın nüvə proqramları və Suriyadakı vəziyyət müzakirə olunub. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Rusiya, İtaliya və Kanada liderlərinin bu günki müzakirələrində isə əsas mövzunun Yunanıstandakı siyasi vəziyyət və Avrozona ilə bağlı olacağı gözlənilir.

“Böyük Səkkizlik” liderləri sammitin ilk günündə ümumi razılığa gəliblər ki, Şimali Koreya “təxribat yolu ilə getməyə davam edərsə”, daha çox təcrid olunma ilə üzləşəcək. Liderlər həmçinin bildiriblər ki, rəsmi Tehran İranın nüvə proqramının dinc məqsəd daşıdığını sübut etməklə bağlı öhdəlik daşıyır. Suriyaya gəldikdə isə Rusiyanın baş naziri Dmitri Medvedev də daxil olmaqla, liderlər BMT-nin dəstəklədiyi sülh planının tam icrasının vacibliyini vurğulayıb və hazırda siyasi keçid dövrünə doğru irəliləməyə ehtiyac olduğunu bildiriblər.

Sammitin açılışından əvvəl isə ABŞ prezidenti Barak Obama Fransanın yeni prezidenti Fransua Ollandla görüşüb. Hər iki lider Avropada iqtisadi artım üzərində diqqəti cəmləşdirmək niyyətini açıqlayıb. Fransua Olland həmçinin Böyük Britaniyanın baş naziri Deyvid Kəmronla da görüşüb və Avrozonadakı iqtisadi məsələlər müzakirə edilib. Deyvid Kəmron Yunanıstanın avrozonada qalmaq istəyi ilə bağlı qərarı özünün verməli olduğunu deyib.

Bu gün axşam “Böyük Səkkizlik” sammiti başa çatdıqdan sonra liderlər mayın 20 və 21-də NATO sammitində iştirak etmək üçün Çikaqoya gedəcək. NATO sammitində əsas müzakirə mövzusu Əfqanıstan olacaq. sammitdə iştirak edəcək bəzi liderlər artıq Çikaqoya gəlməyə başlayıb.

anspress