Böyük Xalq Hərəkatı Parisdə görüş keçirdi

boyuk-xalq-herekati-parisde-gorus-kecirdi
Oxunma sayı: 643

BXH-nın həmtəsisçilərindən biri, Parisdə yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli bu gün Sərhədsiz Reportyorlar(RSF) təşkilatının Parisdəki mərkəzi ofisində görüş keçirib. RSF rəhbərliyi ilə 1 ay ərzində ikinci görüşünü keçirən Elnur Məcidli, Rafiq Tağının qətli, Azərbaycanda müstəqil medianın inkişafıyla bağlı birgə fəalliyət yönündə müzakirələr aparıb.

Görüşdə həmçinin Paris meriyasına müraciət edilərək Parisdəki küçələrdən birinə Elmar Hüseynovun adının verilməsi məsələsi də gündəmə gəlib.

Daha öncə bu məsələnin dissident jurnalist Eynulla Fətullayevlə də birgə müzakirə etdiklərini deyən Elnur Məcidli, Azərbaycanın azad mediasının simvollarından olan mərhum jurnalist Elmar Hüseynovun Parisdə heykəlinin qoyulması və adına küçə olmasının çox əhəmiyyətli bir layihə olduğunu bildirərək heykəlin Bakıda hazırlanaraq gətirilə biləcəyinin mümkünlüyünü vurğulayıb.

RSF rəhbərliyi Elmar Hüseynovla bağlı bu layihənin həyata keçməsi üçün, o cümlədən Paris meriyasıyla bu mövzuda danışıqlarda öz köməkliyini əsirgəməyəcəyini bildirib.

Həmçinin bu yaxınlarda bıçaqlanaraq, xəstəxanada müəmmalı şəkildə vəfat edən jurnalist Rafiq Tağının ailəsinə maddi yardımların davam etdirilməsi də müzakirə olunub.

Qeyd edək ki, bir müddət əvvəl də Rafiq Tağının ailəsinə yardım məsələsi müzakirə olunmuş, bu çərçivədə mərhum jurnalistin ailəsinə RSF tərəfindən yardım edilmişdi.

Görüş zamanı Azərbaycanda yeni müstəqil nəşrlərin çap edilməsinə dəstək verilməsi də əsas müzakirə obyektlərindən biri olub.

musavat.com