Böyüməz ölü cocuqlar...

boyumez-olu-cocuqlar
Oxunma sayı: 3085

Nərmin Dadaşova

Nazım Hikmət yaradıcılığı ilə təzə-təzə tanış olduğum zamanlar idi. Təxminən 6-7 il əvvəl, yeniyetməlik romantikasına qapılıb vurulmuşdum “mavi gözlü div”ə. Yaşıdlarım Elton Jhonun şəklini dəftərlərinə yapışdıranda mən Nazım Hikmətin şəklini çarpayımın baş ucundan asmışdım. Yəqin Pirayəyə yazdığı məktubların təsirindən idi.

Sonra bir gün bir şeir oxudum. Oxudum, sonra bir də oxudum. Və ertəsi gün yuxudan duran kimi, Nazımın şəklini divardan qopardım. Çünki bu şeiri tezliklə unutmaq istəyirdim, çünki bu şeir məni çox ağrıtmışdı. Beş bəndlik şeirə bütün dünyanı, dünya savaşlarını, terroru, müharibəni, qanı, şiddəti, əzabı sığdıran şairim məni məyus etmişdi. Sən demə, həyat sevgi şeirlərindən, romantikadan, Pirayədən, havada uçuşan rəngli kəpənəklərdən, vitrindəki balaca uşaq paltarlarından ibarət deyilmiş. Sən demə o zaman mənim yaşadığım dünyada müharibələr, ölən uşaqlar, uşağı ölən analar, anası ölən oğullar, oğulları tikə-parça olan atalar da varmış. Atom bombası varmış, Hiroşima varmış, Çernobel varmış, böyük dünya savaşı, daha nələr, nələr varmış.

Təsəvvür edin, 1914 ci ildir. İyun ayıdır. Mən yenicə doğulmuş körpəyəm. İlk dəfə insan görürəm, anamı görürəm atamı, sonra diqqətlə barmaqlarıma baxıram, səsləri təqib etməyə başlayıram. Bir gün anam mənə günəşi göstərmək istəyir. Həmin gün Serb terrorçusu Qavrilo Prinsip tərəfindən qətlə yetirilir və birinci dünya müharibəsi başlayır, mən günəşin qamaşdırdığı gözlərimi bir də heç vaxt aça bilmirəm... Səmanı, kəpənəkləri, quşları, ağacları görə bilmədən ölürəm...

Ya da 1941- ci ildir, mənim 6 yaşım var, sentyabr ayıdır, atam hərbiçidir, mən onu çox sevirəm və bir gün anamın hönkürtü səsinə yuxudan oyanıram. Atam Almaniya ordusunun Polşaya hücuma başladığı ikinci dünya savaşında can verir.

1945-ci ilin isti avqust günləridir, mən 7 yaşlı bir qızam. Yaponiyanın Hiroşima şəhərində yaşayıram. Dünyada ilk atom bombası işə düşür. 13000 ton ağırlığında. Adı da “Kiçik adam”. Mən yanıb kül oluram... və bundan 11 il sonra Nazım Hikmət bu şeiri yazır:

“Hiroşima'da öleli
oluyor bir on yıl kadar.
Yedi yaşında bir kızım,
büyümez ölü çocuklar.”

1918-ci ilin, 31 martı. Daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Və mən Novruz bayramından on gün sonra gülləyə tuş gələn on iki min azərbaycanlıdan biri, on yaşlı oğlan uşağıyam. Böyüyüb həkim olacaqdım.

1991-ci il, Dağlıq Qarabaq müharibəsi, mən hələ doğulmamışam. Erməni quldurları məni anamın bətnindəcə öldürüblər...

İl 2016, Ankara, İstanbul, Pakistan, Fransa... Və “canlı bomba”ların, terrorun, vəhşiliyin qurbanı olan onlarla gənc.

Və hər gün içi-içini yeyən, narahat, gərgin, üzgün on minlərlə insan!

Təəssüf ki böyümək, yaşa dolmaq bizə çox şeyi unutdurdu. Məsələn, sevgi şeirləri oxumağı, sevimli şairlərinin, sevimli şeirlərini dəftərlərə köçürməyi, gündəlik yazmağı, bir-birimizə baxıb səbəbsiz gülümsəməyi...daha nələri, nələri. İçimizdə ölməyənsə bircə ümid hissimiz oldu. Məsələn, bizi intihara sürüklüyən musiqilər, gerçəkləri daş kimi sifətimizə çırpan şairlər, yeni şeirləri, yeni bəstələri ilə nəfəs verdilər bizə yenidən. Albinoni G minoru bəstələdi, qulaq asıb sakitləşək deyə, Nazım “Güzəl günlər görəcəyiz, çocuklar” dedi.

Bu ümidin əlindən tutub üzü günəşə sarı getmək isə bizim əlimizdədir.

Gəl elə səndən başlayaq, əziz dost. Məmləkətin üçün edə biləcəyin ən yaxşı şeyi et. Qanunlara əməl et- işıqfordan başla, təbiəti qoru, əlindəki kağız parçasını yerə atma. Övladına yaxşı tərbiyə ver, qoy sabah əlinə silah almasın- kitab alsın, çiçək alsın...

Qoy həmişə Günəş olsun!