“Ozrət əz qonahəş bədtər əst...”

ozret-ez-qonahes-bedter-est-
Oxunma sayı: 692

Biz sabah İranda yaşayan soydaşlarımızın Azərbaycan Respublikasının vətəndaşları olacaqlarına ümid edirik və bunu arzulayırıq. Siz hesab etməyin ki, bu Quzeydə yaşayan bir azərbaycanlının arzusudur. Bu Güney Azərbaycanda yaşayan azərbaycanlıların apardıqları əzmkar mübarizə, hətta idman yarışısında belə «Azərbaycan bir olsun paytaxtı Təbriz olsun» deyən milyonlarla insanın arzusudur.

Əfşar bəy deyirsiniz ki, beynəlxalq hüquqa görə onlar İran adlı bir ölkənin vətəndaşıdırlar. Amma sizə xatırlada bilərəm ki, az əvvəl biz də Sovet İmperiyasının, SSRİ-nin vətəndaşları idik. Amma bu gün biz artıq müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Bütün imperiyalar kimi farsların da qurduqları imperiya bir gün mütləq çökəcək. Bu imperiyalar hansı adlasa mövcudluqlarını qoruyub saxlamağa çalışsalar da, gec-tez dağılma baş verəcək.

Yazınızda qeyd edirsiniz ki, İranda yaşayan 50 milyonluq əhalinin sayı ilə bağlı statistikaya əsasən orada yaşayan azərbaycanlıların sayı 35 yox, 25 milyondur. Amma bilin ki, Güney Azərbaycanın əhalisinin sayı 37-38, hətta 40 milyona bərabərdir. Bu gün 25 sizinlə İranda 25 və ya 35 milyon azərbaycanlının yaşaması məsələsini dartışmaq istəmirəm. Hətta oradakı azərbaycanlıların sayı sizin dediyiniz kimi 25 milyondursa, bu İran əhalisinin yarısı deməkdir. Əhalinin yarısı azərbaycanlılardan ibarətdirsə, deməli dövlət bizimdir. Biz sadəcə olaraq farslardan daha çox demokratik davranıb onlara dövlət qurmaq haqqını tanımışıq. Eyni zamanda biz də İranda yaşayan azərbaycanlıların dövlət qurmaq haqqının çatdığını deyirik.

Siz rəmzi konsulluqlarla bağlı məsələyə toxunursunuz. Tarixdə belə nümunələr kifayət qədərdir. Əgər tarixi araşdırsanız bununla bağlı faktlara asanlıqla rast gələ bilərsiniz. Azərbaycanda yaşayan milli azlıqların, ləzgilərin, talışların da başqa ölkələrdə rəmzi konsulluqları açılsın kimi bir iddia ilə çıxış edirsiniz. Hesab edirəm ki, bu yanaşma hüququ və beynəlxalq praktikanı bilməməkdən irəli gəlir.

Əvvəla tarixdə ləzgilərin və talışların hər hansı bir halda dövlət qurmaq iddiaları və bundan əvvəl dövlətçilik ənənələri ilə bağlı faktlar yoxdur. Azərbaycan daxilində isə azərbaycanlıların kifayət qədər problemləri var. Ölkə vətəndaşlarının hüquqi, məhkəmə, korrupsiya, sosial problemləri kifayət qədər çoxdur. Amma bu problem fərq yaratmır ki, bu konkret olaraq ləzginin, talışın və Azərbaycan türkünün problemidir. Bu insanlar Azərbaycanda demokratik mübarizə üçün bir yerdə ola bilirlər. Amma İranda Azərbaycan türküsən diyə dilin yoxdur, məktəbin, universitetin yoxdur. Sən türksən deyə hətta dövlətin parlament tribunasından aşağılanırsan və sair. Bu kimi hallar olanda isə bir millət öz dövlətini qurmağa çalışır və bunun uğrunda mübarizə aparır.

1928-ci il Türkmənçay müqaviləsini Rusiya ilə Persiya arasında bağlanan fakt kimi təqdim edirsiniz. Bu müqavilə ilə mən də tanışam. Mən həm də II Dünya Savaşının sonu olaraq bağlanan müqavilələrlə də tanışam. ABŞ, Böyük Britaniya və SSRİ arasında bağlanan müqavilələr Almaniyanın və digər bir neçə dövlətin taleyini həll etmişdi. Amma bü müqavilələr nəyi dəyişdi? Sonradan Sovet İmperiyası dağılandan sonra həmin müqavilələr nə qədər qüvvəsini saxlaya bildi? II Dünya Savaşının sonucu olaraq bəyəm Almaniya Gönsberqi, indiki Kalinqradı könüllü olaraq Rusiya vermişdimi? Bütün bunlar ayrı-ayrı dövlətlərin tarixin müxtəlif dönəmlərində yanaşmalarından doğan nəticələrdir. Və tarix bu hüquqi nəticələri zaman-zaman aradan qaldırır. Misal üçün Berlin divarları yıxılır, iki Yəmən dövləti birləşir və sair.

Sizə məlumat üçün deyə bilərəm ki, Azərbaycan BMT-də bölünmüş xalq statusunu alıb. Əgər beynəlxalq hüquqdan danışırıqsa, o zaman bölünmüş xalqların birləşmə haqqı var və biz də birləşəcəyik.

İranla Azərbaycan arasında vizasız gediş-gəliş haqqında danışırsınız. Əmin olun ki, Güney Azərbaycan müstəqillik əldə etdikdən sonra nəinki vizasız gediş-gəliş, hətta şəffaf sərhədlər də olacaq. O zamana qədər ki, vahid Azərbaycan qurulacaq. Amma bu gün siz və sizin kimi yançıların təhlükəli addımlarından, ehtiyatlanaraq vizasız rejimə şərait yaratmırıq. Çünki bu vizasız rejimin tətbiqi İranın fars şovinizmini, İslam inqilabı idealojisini təbliğ edənlərə yaşıl işıq yandırmaq olardı. Yoxsa siz elə bilirsiniz ki, biz güneydə yaşayan azərbaycanlılarla aramızda sərhədmi çəkmək istəyirik?
Biz bir millət olaraq 89-cu illərdə aramızdakı tikanlı məftilləri götürmüşük. Bircə qalıb o məftilləri bundan sonra hardan çəkəcəyik, onu da gözəl bilirik.

Sadəcə olaraq sizə bir tövsiyəm var, Əfşar Süleymani!

Ananız sizə beşiyinizin başında yəqin ki, Azərbaycan türkcəsində laylay çalıb, bayatı oxuyub. Adınızda, soyadınızda, yazılarınızda nə qədər fars sözləri olsa belə bu Güney Azərbaycanda yaşayan soydaşlarının haqq və hüquqlarını müdafiə etmək İqbal Ağazadədən çox, sizin borcunuz olmalıydı.

Yazınızda farslar demişkən, niyə farslar deyirəm, o səbəbdən ki, siz yazınızda özünüzü daha çox fars kimi təqdim edirsiniz – «Ozrət əz qonahəş bədtər əst...» Yəni üzrün günahından betər oldu, Mister Əfşar Süleymani!