BP Azərbaycanla bağlı planlarını açıqladı

bp-azerbaycanla-bagli-planlarini-aciqladi
Oxunma sayı: 2308

BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq Abşeronun dayaz sularında (SWAP layihəsi), biri – “Şəfəq-Asiman” yatağında, digəri isə “Qobustan”  onşor yatağında qazılacaq.

B.Aslanbəyli bildirib ki, növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq.

İstehsalat planlarına gəldikdə isə, mənbənin dediyinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” kimi ölkənin ən böyük yataqlarından istehsalatı bu ilki səviyyəyə (AÇQ-də sutka ərzində ortalama istehsal 588 min barrel, “Şahdəniz”də isə - 48 milyon kubometr təşkil edib) uyğun saxlanılması nəzərdə tutulub.

Qeyd edək ki, BP Azerbaijan “AÇQ” , “Şahdəniz”, “Shallow Water Absheron Peninsula”, “Şəfəq-Asiman” və “Qobustan” yataqlarının operatorudur.