BP-nin vitse-prezidenti ADNSU tələbələrinə təlim keçib

bp-nin-vitse-prezidenti-adnsu-telebelerine-telim-kecib
Oxunma sayı: 937

BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təlim keçmək məqsədilə universitetdə olub. 

“Qafqazinfo”nun məlumatına görə, tələbələrlə görüşdən əvvəl ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqla görüşərək tələbələrlə belə görüşlərin və təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Elxan Məmmədov ADNSU-nun məzunu olduğunu və doğma ali məktəbdə olmaqdan məmnun olduğunu qeyd edib.

Sonra qonaqlar ADNSU-da yeni istifadəyə verilmiş Azİİ Elektron Kitab Evində olublar. Burada onlara Azİİ Elektron Kitab Evinə daxil olmuş yeni nəşrlər, o cümlədən BP şirkətinin universitetə təqdim etdiyi kitablar nümayiş olunub, tələbələrin bu kitablardan həvəslə istifadə etdikləri haqda məlumat verilib.

Sonra BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov tələbələr üçün təlim keçib.

“BP-nin biznes fəaliyyəti haqqında silsilə mühazirələr” çərçivəsində gerçəkləşən bu dəfəki təlimin mövzusu “Neft və qaz sektorunda texnologiya, modernizasiya və transformasiya” olub. İngilis dilində keçirilən təlimdə universitetin “Geoloji Kəşfiyyat”, “Neft-Qaz Mədən”, “Kimya-Texnologiya” və digər fakültələrinin ingilis dilində tədris alan tələbələri və müəllimlər iştirak edib.

Təlim zamanı dünya üzrə ən böyük neft-qaz yataqlarında istifadə olunan ən son texnologiyaların Azərbaycanda tətbiqi və inkişafı barədə ətraflı məlumat verilib, tələbələrə video çarx  təqdim olunub. Eyni zamanda, vitse-prezident Elxan Məmmədov BP-nin gələcək fəaliyyəti, neft-qaz sektorunun dünya standartlarına uyğun olaraq təkmilləşdirilməsi və fundamental transformasiyası üçün şirkətin missiyası haqqında danışıb.

Bundan əlavə, tələbələrə təmiz enerji təminatı üçün hazırda neft-qaz yataqlarında tətbiq olunan yeni texnoloji avadanlıqlar haqqında maraqlı məlumatlar verilib.