“Palma”da iki gün - Fotosessiya

palmada-iki-gun-fotosessiya
Oxunma sayı: 907

İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və 4 ulduzlu “Palma” İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil edildi. Qafqazinfo.az-ın müxbirinin də qatıldığı həmin infotur 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə nəzərdə tutulmuşdu. Layihənin məqsədi respublikanın ən gözəl rayonlarından olan Xaçmazda yerləşən “Palma” İstirahət Mərkəzinin turizm potensialını, mövcud infrastrukturunu, əsas turizm xidmətlərini nümayiş etdirmək və turizm şirkətləri ilə mərkəz arasında aktiv əməkdaşlığı stimullaşdırmaq idi. İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, ölkənin turizm şirkətlərinin əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələrindən və xarici qonaqlardan ibarət 120 nəfərlik heyət iştirak edirdi.
Turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eyni zamanda mədəni-tarixi abidələrlə və rayonun təbiəti ilə də tanış oldular.

Səfərimizin ilk günü Beşbarmaq ziyarətgahında dayanacaqdan sonra Azərbaycanın qədim yaşayış məskənlərindən olan qədim Şabran şəhərinin qalıqlarına ekskursiya ilə başladı. Buranın tarixi barədə iştirakçılara məlumat verildi. Sonra avtobuslar “Palma” İstirahət Mərkəzinə yol aldılar. Avtobuslar dayanar-dayanmaz istirahət mərkəzinin rəhbərliyinin və işçilərinin qonaqpərvərliyi ilə qarşılandıq. Bu qonaqpərvərlik qaldığımız iki gün ərzində də bizi müşayiət etdi. Səfərimiz həm də “Palma”nın 10 illik yubileyinə təsadüf etdiyindən burada bayram ab-havasını onlarla bərabər biz də yaşadıq. Burada hamımıza istəyə uyğun olaraq 1, 2 və 3 mərtəbəli kottejlərin açarları verildi. Nahardan sonra İstirahət Mərkəzinin istirahət zamanı belə qonaqlara işləmək imkanı verən konfrans zalında toplantı keçirildi. Konfrans iştirakçıları 2011-ci ilin ölkədə turizm ili elan olunduğunu bir daha xatırladaraq, ölkənin turizm sektorunda görüləcək işlərdən söz açdılar. Belə tədbirlərin təşkil olunmasının turizmin inkişafına töhfə verəcəyini qeyd etdilər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin I müavini Akif Mərdanov bildirdi ki, il ərzində 300 minə yaxın qonaq Xaçmaz rayonun ərazisindəki istirahət mərkəzlərində dincəlirlər və bu rəqəm hər il artmaqdadır.

“Palma” Ticarət mərkəzinin rəhbəri Qəndalı Məmmədov turizmin inkişafına naminə bütün işləri həyata keçirməyə hazır olduqlarını söylədi.

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirdi ki, bu il institutu 300-ə yaxın tələbə bitirəcək və həmin tələbələr ölkənin turizm bazarına daxil olacaqlar.
“SKAL” Bakı Turizm Professionalları Assosiasiyasının və Millenium Tourizm & Conqress şirkətinin rəhbəri Ruslan Quliyev də çıxışında turizm sahəsində əsas işin, bu sahədə peşəkarların çalışmasının vacib olduğunu dedi: “Bu səfər “Azərbaycanda yeni marşrutla kəşf edək” layihəsi çərçivəsində həyata keçirilən növbəti infoturlardan biridir. Məqsəd regionunun turizm potensialını daha dərindən öyrənmək, bölgədə mövcud olan turizm obyektləri ilə və konkret “Palma” İstirahət Mərkəzi ilə turizm şirkətlərinin işgüzar əlaqələrinin yaradılmasıdır. Artıq yeni turizm mövsümü açılmaq üzrədir. Bu münasibətlərdə də bütün müqavilə öhdəlikləri və qiymətlərdə sabit rejimin saxlanılması və ümumilikdə bəlli bir endirimlərə nail olmaq istəyirik. Əsas məqsəd bu bölgəyə daha çox xarici turistlərin və Azərbaycan vətəndaşlarının cəlb olunmasıdır. Əslində biz turizimçilər bu ildən çox şey gözləyirik və güman edirəm ki bu ilin elan olunması da təsadüfi hadisə deyil. Turizm şirkətləri belə obyektləri sərgilərdə, öz formatlarında dünya turistlərinə çatdırılmasında həlledici rol oynayır”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkə turizminin problemlərinə toxunaraq əlavə edib ki, Azərbaycan turizminin inkişafının öz modeli və yolu olmalıdır: “Biz Türkiyə, Fransa turizminin 60 ildə keçdiyi yolu birdən etmək istəyirik. Qiymətlərin endirilməsi üçün də zaman lazımdır. Artıq ölkədə turizm sahəsində kəmiyyət göstəricilərindən keyfiyyət göstəriciliyinə keçməyin vaxtıdır”.

Sonra qonaqların şərəfinə “Palma” İstirahət Mərkəzinin milli və Avropa mətbəxinin nümunələrinin təqdim olunduğu restoranında təşkil olunan axşam ziyafəti başlandı. “SKAL” Bakı Turizm Professionalları Assosiasiyasının və “Palma” İstirahət Mərkəzinin birgə təşəbbüsü ilə infoturda iştirak edən hər kəsə aktiv iştiraklarına görə sertifikatlar və hədiyyələr paylandı. Sonra isə milli musiqi sədaları altında qonaqlar hamılıqla rəqs etdilər. Gecə “Palma”nın nəzdində fəaliyyət göstərən Disko klubda davam etdi. Burada gecə saat 12-də yubiley tortu kəsildi.

Səfərin ikinci günü də maraqlı anları ilə yadda qaldı. İstirahət Mərkəzində olan su hovuzları, futbol meydançası, voleybol, tennis, bilyard oyunları, yaradılan şərait qonaqların başını elə qatdı ki, hətta proqram üzrə nəzərdə tutulan meşə ekskursiyaları təxirə salındı. Nahar yeməyindən sonra isə qrup halında xatirə şəkilləri çəkildi. Və avtobuslar sakitliyin, istirahətin hökm sürdüyü Nabrandan, gərginliklərlə dolu Bakıya yola düşdülər.

Sonda paytaxtın qaynar həyatının əlindən ikigünlüyünə də olsa bizi alan, səfərin təşkilində əməyi olan bütün təşkilatçılara - Mədəniyyət və Turizm Nazirliyinə, “Palma” İstirahət Mərkəzinə təşəkkür edirik.

Nigar Məmmədli