“Parlament və hökumət üzvlərinin xatirəsinə abidə qoyulsun”- Mövqe

parlament-ve-hokumet-uzvlerinin-xatiresine-abide-qoyulsun-movqe
Oxunma sayı: 667

Hörmətli millət vəkilləri, Sizi və xalqımızı müstəqilliyimizin 20 illiyi münasibətilə təbrik edirəm. Hesab edirəm ki, sovet imperiyasının saxlanması üçün referendumun keçirilməsinin əleyhinə olmuş 43 istiqlalçı deputat haqda MM-in müvafiq sənədi qəbul etməsi bu günlərdə çox əhəmiyyətli olar. Müstəqillik aktı qəbul edilməklə 1918-1920-ci illərdə mövcud olmuş ADR-in varisliyi təmin edildi. Biz o dövrdəki parlament və hökumət üzvlərinin xatirəsinə abidə kompleksinin qoyulması təşəbbüsü ilə çıxış etsək, yerinə düşər.
Payız sesiyasında sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində də müəyyən qanunvericilik aktlarının qəbulu vacibdir. Heç kimə sirr deyil ki, dövlətin maliyyə nəzarətindən sürüşüb çıxan, buna baxmayaraq bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmadan sosial bərabərliyə nail olmaq olmaz. Əldə edilmiş qanunsuz gəlirlər müxtəlif sferalarda istifadə edilir və özünün “kölgə iqtisadiyyatı” adını alan əmtəə-pul münasibətləri sistemini əmələ gətirir. Məsələ burasındadır ki, rəsmi statistikada ölkənin ümummilli məhsuluna daxil edilməyən iqtisadi fəaliyyətin bütün məcmusu bazarın vəziyyətini müəyyənləşdirir. Tədarükçülərin və istehlakçıların istehsal parametrlərinə, bazar və sosial həyata psevdo- dövlət və psevdo-şəxsi korporasiyaların təsir imkanlarını minimuma endirmək lazımdır.
Qiymətlərin dinamikasında, maliyyədə disproporsiyaların artmasını önləyən addımlar atılmalıdır. Əks təqdirdə, inhisarlaşdırılmış sahənin əl-qolunun açılmsı, inhisarlaşdırılmamış sahələrdə resurslar, idarəetmə, texnologiyalar sonda defisit yaradır. İnhisarçılığın xeyirinə davamlı əyrilik isə sosial bərabərsizlik üçün ciddi əsasdır. Bu bölücü iqtisadi münasibət cəmiyyətin iki qeyri-bərabər hissəyə parçalanmasına səbəb olur: İqtisadiyyatın imtiyazlı, güclü korporotivləşdirilmiş sektoru və tənəzzül edən qeyri-inhisarçı sektor. Cəmiyyətin bölünməsinin və sosial bərabərsizliyin aradan qaldırılması üçün biz payız sesiyasında müzakirələri gündəliyə salmalı və müvafiq qanunlar qəbul etməliyik.
Yeri gəlmişkən, sovet dönəmindən qalmış əmanətlərin qaytarılması məsələsi də məncə, payız sesiyasında müzakirəyə çıxarılmalıdır.
Payız sesiyasında mütləq Dağlıq Qarabağla bağlı dinləmələr keçirməliyik. Bu məsələni mən keçən payız sesiyasında da qaldırdım. Həm də Qarabğla bağlı Milli Məclisin komisiyasının yaradılmasını da təklif etdim. Bu məsələlər mütləq bu sesiyada müzakirə mövzusu olmalıdır.
Mən Qənirə Paşayevanın Güney Azərbaycanla bağlı fikirlərini tamamilə dəstəkləyirəm, bu tələblərə qoşuluram və Qənirə xanıma öz dərin təşəkkürlərimi bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.