Partiya elm adamının həbsi ilə bağlı bəyanat verdi

partiya-elm-adaminin-hebsi-ile-bagli-beyanat-verdi
Oxunma sayı: 639

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, çoxsaylı tənqid və çağırışlara baxmayaraq, Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş fikir və özünüifadə azadlığına şərait yaratmaq əvəzinə, insanların fəaliyyət sərbəstliyini məhdudlaşdırmaq siyasətini davam etdirir: “Çox təəssüf ki, hakimiyyətin bu arzuolunmaz siyasətinin əsas hədəfi kimi əksər hallarda elmi və yaradıclılq fəaliyyəti ilə məşğul olan insanlar seçilir.

Mayın 19-da qondarma ittihamla polisə aparılaraq, barəsində 10 sutkalıq həbs qərarı verilən ilahiyyatçı, fəlsəfə doktoru Füzuli Şəfiyevin aqibəti hakimiyyətin vətəndaş hüquq və azadlıqlarına sayğısız münasibətinin real göstəricisidir. Acınacaqlı haldır ki, ciddi elmi fəaliyyətlə məşğul olan daha bir inanclı ziyalı yazdığı məqaləyə və “polisə müqavimət” qondarma ittihamı ilə həbsə atılıb. Bakıda artıq startı verilən “Eurovision” ərəfəsində özünü Azərbaycanın beynəlxalq nüfuzunun qoruyucusu kimi göstərməyə çalışan hakimiyyət əslində bu addımı ilə ölkəyə başucalığı gətirməyən növbəti qanunsuzluğa imza atıb.

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilahiyyatçı, fəlsəfə doktoru Füzuli Şəfiyevin şəxsində Azərbaycan vətəndaşlarının düşüncə və fəaliyyətinə görə həbsə atılmalarını qətiyyətlə pisləyir və F.Şəfiyevin barəsində çıxarılmış həbs qərarının dərhal ləğv olunmasını tələb edir. VİP növbəti dəfə Azərbaycan hakimiyyətini vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmağa və Azərbaycanın onsuz da müsbət olmayan beynəlxalq imicini daha da korlayan addımlardan çəkinməyə çağırır”.