Partiya prezidenti humanist addım atmağa çağırdı

partiya-prezidenti-humanist-addim-atmaga-cagirdi
Oxunma sayı: 657

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ta verilən məlumata görə, iclasda BQP başqanı, millət vəkili Fazil Mustafa daxili və xarici ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. Müzakirələrdən sonra bir sıra məsələlər üzrə bəyanat və müraciətlər qəbul olunub.

Partiya İran tərəfindən Türkmənçay müqaviləsinin ləğvinə dair səslənən mövqeni rəsmi Tehranın atdığı ən mənasız bir addım kimi qiymətləndirib, Azərbaycan hökumətini belə bir addım qarşısında Güney Azərbaycanda yaşayan 35 milyondan artıq soydaşımızın adı insan hüquqlarının olmaması məsələsini, eləcə də İran tərəfindən 1920 və 1945-1946-cı illərdə Güney Azərbaycan ərazisində mövcud olmuş və qanla boğulmuş Azərbaycan xalqının milli dövlətinin bərpa olunması iddiasını beynəlxalq birlik qarşısında rəsmi şəkildə qaldırmağa çağırıb.

BQP digər bir bəyanatında “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvlərinin Sabirabaddakı toplantısının qarşısının alınması və onun rəhbər şəxslərinin polis tərəfindən saxlanılması faktını pisləyib, Azərbaycan hakimiyyətini QHT-lərin və siyasi partiyaların bölgələrdə sərbəst toplaşmaq azadlığına qarşı zorakı tədbirlərdən çəkinməyə çağırıb.

BQP Siyasi Qurulunun Azərbaycan prezidentinə ünvanladığı müraciətdə sonuncu əfv fərmanı təqdir olunmaqla yanaşı, hələ də həbsxanalarda bir sıra vicdan məhbuslarının olması faktı vurğulanıb. Partiya beynəlxalq təşkilatların, o cümlədən ABŞ-ın nüfuzlu senatoru Con Makkeynin müraciətlərinin nəzərə alınaraq həmin şəxslərin həbsdən azad edilməsi üçün prezidenti daha bir humanist addım atmağa çağırıb. Müraciətdə eyni zamanda Milli Məclisin yaz sessiyasında Novruz bayramı ərəfəsində geniş amnistiya verilməsi ideyasının da dövlət başçısı tərəfindən dəstəklənməsi xahiş olunur.

BQP Siyasi Qurulu Azərbaycan Milli Məclisinə də müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Uzun müddətdir “Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə geniş müzakirə olunsa da, indiyədək bu qanunun qəbul olunması istiqamətində real addımlar atılmamaqdadır. Qanunun qəbulunun Milli Məclisdəki hakim çoxluq tərəfindən süni şəkildə uzadılması BQP tərəfindən ölkədə plüralist demokratiyanın bərqərar olmasını ləngitmək cəhdi kimi qiymətləndirilir. Partiya Milli Məclis rəhbərliyindən yeni qanun layihəsini yaz sessiyasında gündəliyə daxil edib müzakirələrə başlamağa çağırır”.