Partiya sədri prezidentliyə iddiasını ortaya qoydu

partiya-sedri-prezidentliye-iddiasini-ortaya-qoydu
Oxunma sayı: 652

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ölkədəki ümumi vəziyyət, müxalifətdaxili inteqrasiya, təşkilatlanma və cari məsələlər müzakirə olunub. Tədbirdə birinci məsələ ətrafında çıxış edən Siyasi Şura üzvləri ölkənin ümumi durumunda müəyyən gərginliklərin olduğunu müşahidə etdiklərini qeyd ediblər. Onlar hakimiyyətin bu gərgin durumdan uğurla çıxmaq mexanizmini siyasi partiyalarla heç bir ayrı-seçkilik salmadan bir masa arxasında oturub müzakirələrə başlamasında gördüklərini bildiriblər. Bu cür təşəbbüslər dəfələrlə, müxtəlif vaxtlarda irəli sürülsə də hakimiyyət həmişə gələn təklifləri rədd edib. Zamanın tələblərinin dəyişdiyini deyən MMP-çilər hakimiyyət nümayəndələrini ölkə və xalq naminə birliyə və həmrəy olmağa dəvət edib. Sonra “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin Milli Məclis tərəfindən qəbulunun gecikdirilməsinin insanlar arasında ciddi narahatlıq doğurduğunu bildiriblər və hakimiyyətin ləngimədən narazılıq doğuran bütün məsələlərin həllinə başlamasının vacibliyini diqqətə çatdırıblar.

SŞ-da müxalifət qüvvələrinin bir araya gəlmələrinin artıq vaxtının çatdığını və bu yöndə bir çox görüşlər və danışıqlar apardığını qeyd edən və bu proseslərin gedişi haqda məlumat verən MMP sədri Hafiz Haciyev partiyanın məqbul saydığı prinsip və mümkün əməkdaşlıq formatlarını açıqlayıb. Siyasi Şura MMP sədrinin bu istiqamətdə fəaliyyətini davam etdirməsini və açıqlanan prinsiplər əsasında qərarlar verməsini məqsədəuyğun sayıb.

Partiya daxilində 2012-ci ilin MMP-nin yenidən təşkilatlanma ili kimi qəbul olunduğunu önə çəkən Siyasi Şura üzvləri bu çərçivədə görülən işlər barəsində məlumat verərək, əlavə təkliflərini irəli sürüblər. İclasda MMP-nin ideoloji prinsiplərinə yenidən baxılmasına dair partiyanın yerli təşkilatlarından daxil olan müraciətlər ətrafında fikir mübadiləsi aparılıb və bu məsələnin geniş müzakirəsi üçün Partiyanın 4-cu Qurultayında baxılması münasib görülüb.

İclasda cari məsələlərin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib. Daha sonra MMP-nin bir neçə vaxt bundan öncə Binəqədi, Nəsimi, Abşeron, Ucar rayon təşkilatlarında edilən dəyişikliklər haqda Təşkilati Məsələlər Üzrə sədr müavini F. Əliyevin hesabatı dinlənilib və həmin təşkilatlara yeni seçilmiş sədrlərin səlahiyyətləri təsdiq edilib. SŞ bu barədə rayon İcra Hakimiyyətlərinə rəsmi məlumat verilməsi üçün Təşkilati Şöbəyə göstəriş verib.

Toplantının sonunda 2013-cü il prezident seçkisində MMP sədri Hafiz Haciyevin iştirak etməsi üçün partiya üzvlərinin çoxsaylı müraciətləri müzakirə edilib. Partiya üzvlərinin müraciətinə hörmətlə yanaşdığını qeyd edən partiya sədri yaxın gələcəkdə bu məsələnin geniş müzakirəyə çıxaracaqlarını bir daha qeyd edib.