Partiya sədrlərindən səfirə məktub

partiya-sedrlerinden-sefire-mektub
Oxunma sayı: 690

VİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiyalar iki qardaş ölkə - Azərbaycanla Türkiyənin münasibətlərinə kölgə sala biləcək yolverilməz davranışları qəti şəkildə pisləyir və bu halların bir daha təkrarlanmamasına çağırır. Qeyd olunanlardan çıxış edən VİP sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan İ.Əliyevlə bağlı baş vermiş insidentin obyektiv surətdə araşdırılmasına yardım göstərməsi üçün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri cənab Hulusi Kılıça birgə məktub ünvanlayıb.

Məktubda dünyada bənzərsiz qardaşlıq münasibətlərinə sahib olan Azərbaycan və Türkiyə arasında mənəvi-mədəni və siyasi-iqtisadi əlaqələrin xüsusilə son dövrlərdə daha da inkişaf etdirilməsindən böyük məmnunluq duyurduqları bildirilir: “Müsbət məqamları önə çəkməklə bərabər, təəssüflə qeyd edirik ki, bəzi hallarda həm Azərbaycan, həm də Türkiyədə qürurla xatırlatdığmız qardaşlıq münasibətlərinə kölgə salan məsuliyyətsiz davranışların şahidi oluruq. Belə arzuolunmaz hallardan biri 2011-ci il dekabrın 7-də İstanbul Atatürk Hava Limaında Azərbaycanın tanınmış hüquqşünası, ictimai əhəmiyyətli şəxs olan İntiqam Əliyevlə əlaqədar yaşanıb. Atatürk Hava Limanının gömrük və polis məmurlarının qeyri-etik davranışlarına etiraz edən İ.Əliyev təzyiqlərlə üzləşərək, bir neçə saat ərzində əsassız saxlanılmaya məruz qalıb və qanuni hüquqlarının qorunmasına imkan verilməyib. Yalnız yerli hüquq müdafiəçilərinin və medianın insidentə müdaxiləsindən sonra gərginlik nisbətən aradan qaldırılsa da, İ.Əliyevin Türkiyədən deportasiya olunması haqda fikrimizcə, qeyri-adekvat qərar qəbul olunub.
Cənab səfir!
Bu xoşagəlməz fakt Azərbaycanın, eyni zamanda, Türkiyənin demokratik çevrələrində ciddi təəssüflə qarşılanıb. Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə yönəlik ardıcıl cəhdlər fonunda belə arzuolunmaz halların baş verməsindən və bunun mənfi presedentlərə yol aça biləcəyindən ciddi surətdə qayğılanırıq. Bu deyilənləri əsas götürərək, nüfuz və səlahiyyətlərinizin imkan verdiyi dərəcədə İ.Əliyevlə bağlı insidentin obyektiv surətdə araşdırılmasına yardım göstərməyinizi xahiş edirik. Aparılacaq araşdırmanın Azərbaycan ictimaiyyətində yaranmış narahatlığın aradan qaldırılmasına müsbət təsir göstərəcəyinə inanırıq. Bütün hallarda ümidvarıq ki, haqqında danışılan insident Azərbaycan vətəndaşlarının Türkiyədə, Türkiyə vətəndaşlarının isə Azərbaycanda yaşadıqları sonuncu problem olacaq”.