Partiyadan Qubanın icra başçısına cavab

partiyadan-qubanin-icra-bascisina-cavab
Oxunma sayı: 643

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan iclasda VİP-in ideoloji prinsiplərinin qətiləşdirilməsi və təşkilati-struktur dəyişiklikləri ilə əlaqədar partiyanın Mərkəzi Aparatının hazırladığı təkliflər, VİP-in müxalifətdaxili inteqrasiya prosesində iştirakı və cari məsələlər müzakirə olunub. Mərkəzi Aparatın Siyasi Şuraya təqdim etdiyi təkliflər layihəsi haqqında ətraflı məlumat verən sədr Əli Əliyev müzakirəyə çıxarılan sənədin hal-hazırda sağ-mərkəzçi mövqedə dayanan VİP-in ideologiyasının milli və dini dəyərlərin vəhdətinə əsaslanan prinsiplərə uyğunlaşdırılmasını nəzərdə tutduğunu diqqətə çatdırıb. Bu məsələyə dair fikirlərini bildirən Siyasi Şura üzvləri VİP-in ideologiyasına yönəlik dəyişikliklər təklifinin əsaslı olduğunu önə çəkərək, partiyanın yerli təşkilatlarından da bununla bağlı müvafiq müraciətlərin daxil olduğunu xatırladıblar. Məsələnin yetərincə əhəmiyyətli olduğunu nəzərə alan Siyasi Şura üzvləri irəli sürülən təkliflərin layihədə öz əksini tapması və sənədin daha da təkmilləşdirilməsi məqsədi ilə müzakirələrin növbəti iclasda davam etdirilməsini məqbul sayıblar.

Partiyanın təşkilati strukturunun təkmilləşdirilməsi və daha çevik fəaliyyətə imkan verən prinsiplər əsasında formalaşdırılması zərurətini yeni dövrün tələbi kimi qiymətləndirən Siyasi Şura təşkilatlanmaya dair irəli sürülən təklifləri müsbət qarşılayıb. Daha sonra müxalifətdaxili inteqrasiya prosesində VİP-in iştirakı haqqında məlumat verən Ə.Əliyev bu çərçivədə məsləhətləşmələrin davam etdirildiyini bildirib. Siyasi Şura üzvləri təqdim olunan məlumatı dəyərləndirərək, VİP-in konkret formatda təmsilçiliyi haqqında milli və partiya maraqları əsasında qərar qəbul olunmasını məqsədə uyğun hesab ediblər.

Siyasi Şuranın iclasında Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun bir neçə gün əvvəl internetdə yayımlanan və rayon əhalisinə yönəlik təhqiramiz ifadələrin yer aldığı çıxışına qiymət verilməsi haqqında VİP Quba Rayon Təşkilatının müraciətinə də baxılıb. İcra başçısının internetdə yayılmış çıxışında təhqir hədəfi olaraq, kimlərin nəzərdə tutulmasının qeyri-müəyyən qaldığı nəzərə alınsa da, Siyasi Şura üzvləri müvafiq dövlət orqanlarından R.Həbibovun Quba rayonu əhalisinə qarşı belə yolverilməz davranışının araşdırmalarını və ölçü götürmələrini tələb edib.

İclasda partiyanın fəaliyyətinə dair cari məsələlər də müzakirə olunub və müəyyən qərarlar qəbul edilib.