“Partiyamızı gücləndiririk” – Müsahibə

partiyamizi-guclendiririk-musahibe
Oxunma sayı: 654

- Hazırda Vətəndaş və İnkişaf, eləcə də Azərbaycan Yaşıllar Partiyası ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın tarixçəsi 2010-cu ilin parlament seçkilərinə gedib çıxır. İndi mümkün ola biləcək işlərin görülməsi ilə məşğuluq. Partiyamızı gücləndiririk. Bu yaxınlarda Ədalət Partiyasından əməkdaşlıqla bağlı bizə təklif daxil olmuşdu. Üç partiya olaraq həmin təklifləri dəyərləndirməklə məşğuluq. Yəqin ki, bununla bağlı "üçlük"də yığılıb, müzakirə aparacağıq. Həm də planımızda Ədalət Partiyasının sədri ilə görüşmək niyyətimiz var.

- Yeri gəlmişkən, kütləvi informasiya vasitələri Vətəndaş və İnkişaf, Liberal, Yaşıllar Partiyasının "Ədalət"lə müttəfiqlik edəcəyini vurğulayır. Müzakirələrin sonu olaraq yeni birlik, koordinasiya mərkəzi təsis edilirmi?

- Daxil olmuş təklifin hal-hazırda üç partiya tərəfindən dəyərləndirilməsi prosesi gedir. Obyektivlik naminə deyim ki, dörd partiyanın bir yerdə hansısa siyasi birlikdə təmsil olunacağı ilə bağlı məsələdə o qədər də nikbin deyiləm. Həm də bizə daxil olmuş təklifin dəyərləndirilməsi yekunlaşdıqdan sonra hər üç partiya bu məsələyə ümumi münasibətini ifadə edəcək. Eyni zamanda partiyaların hansı mövqeyə gəlmələri ilə bağlı fikir mübadiləsi aparmaq niyyətindəyik. Ola bilər, bu dörd partiya hansısa formatda birləşə bilsin. Ancaq bu gün belə bir qərarın həyata keçməsi ilə bağlı ümidlərim o qədər də önəmli deyil.

- Bayaq da qeyd etdiniz ki, nikbin deyiləm. Bu, nədən irəli gəlir?

- Partiyalar canlı orqanizmdir və hər bir siyasi təşkitlatın öz marağı, proseslərə yanaşma tərzi, münasibəti var. Aparılan müzakirələr nəticəsində belə qənaətə gəlmişəm ki, hamı bu təklifə birmənalı yanaşmır. Təbii, mövqe də arqumentləşdirilir. Eyni zamanda təklif müəlliflərindən də mətbuata müəyyən açıqlamalar verilir. Partiya sədri olaraq maraqlıyam ki, təklifin müəllifi olan Ədalət Partiyası ilə gələcəkdə hər hansı formada birgə əməkdaşlığımız baş tutsun. Mövqelərimizin uzlaşdırılması işi bizim çiynimizə düşür. Çalışacağıq ki, mövqeləri uyğunlaşdıra bilək.

- İctimai Palatanın növbəti aksiyasına dəstək verəcəksinizmi?

- Dəstək məsələsi belədir - biz onları qəbul etdikləri qərarda haqlı sayırıq. Amma hal-hazırda həmin qurumla heç bir əməkdaşlığımız olmadığından dəstək vermək niyyətimiz yoxdur. Bununla yanaşı, partiya üzvlərimizə, həmin aksiyaya qatılmaq niyyətində olan fəallarımıza hər hansı qadağa qoymamışıq. Bu tədbirlər ilk qaranquşlardır. Vətəndaşlar hər hansı məsələlərə münasibətlərini ifadə etmək imkanlarına malikdirlər. Bizim dəstəyimiz bundan ibarət ola bilər.

- Artıq ikinci dəfədir beş siyasi təşkilat bir araya gələrək müzakirələr aparır. Amma Vətəndaş və İnkişaf, habelə Liberal Partiyası həmin müzakirələrdən kənarda qalır. Hər iki partiya nə üçün müzakirələrdən kənardadır?

- Birincisi, o tədbirin təşəbbüskarı konkret olaraq bir partiyadır. Qeyri-formal bir formatdır. Yəqin tərəfləri təşkilatçı müəyyən edib dəvət edir. Amma nə bizə, nə də Liberal Partiyasına belə bir dəvət daxil olub. Lakin bu format çox maraqlı formatdır. Mən bunu izləyirəm. Çünki belə formatlar təsadüfdən yaranmır. Hesab edirəm ki, bu prosesləri ictimaiyyət izləməlidir. Öz qənaətimi bölüşmək istəmirəm. Amma "beşlər" formatı kifayət qədər maraqlı və birmənalı olmayan tərkibdir.

Gündəlik Bakı