Paytaxtın kriminal xəbərləri

paytaxtin-kriminal-xeberleri
Oxunma sayı: 704

Aprelin 17-də Hövsan qəsəbəsində Firdovsi Əhmədov mübahisə zəminində Saday Quliyevə bıçaq xəsarətləri yetirdiyinə görə Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

S.Mirhəsənağa küçəsində kirayədə yaşayanlar Biləsuvar rayon sakini Mirxalid Kazımova məxsus noutbuk, datakart, mobil telefon, Masallı rayon sakini Elmar Mustafazadəyə məxsus fotoaparat, Kürdəmir rayon sakini İbrahim Əmirxanova məxsus geyim əşyaları və Şirvan şəhər sakini Elşən Nəcəfova məxsus, içərisində pul olan çanta aprelin 17-də oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Əliyev tutulub.

Aprelin 17-də M.Useynov küçəsində Qobustan qəsəbə sakini Pərviz Yüzbaşov kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə KTM-ə yerləşdirilib. Səbail RPİ CAŞ və 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Murad Ramazanov aprelin 17-də tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Məmmədov və Amil Beydullayev aprelin 17-də tutulublar. Məlum olub ki, onlar aprelin 16-na keçən gecə Mirqasımov küçəsində Bakı şəhər sakini Elnur Cəfərova məxsus “VAZ-2107” markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon oğurlanıb, elə həmin gün sözügedən küçədə Mustafa Nəsibova məxsus “Hunday” markalı avtomobilin təkərini oğurlamaq istəyərkən avtomobil sahibi görüb hadisə yerindən qaçıblar.

Aprelin 14-dən 16-dək olan müddətdə Əbilov küçəsində yaşayan Münəvvər Tağıyevanın evindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nazim Cavadov və Nicat Zeynalov aprelin 17-də tutulublar.

Aprelin 16-da D.Bünyadzadə küçəsində yaşayan Ağanur Nəcəfov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Elşən Xankişiyev aprelin 17-də tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Sahib Əsgərov aprelin 17-də tutulub.