Paytaxtın paytaxtı “Eurovision”a hazırlaşır – Fotosessiya

paytaxtin-paytaxti-eurovisiona-hazirlasir-fotosessiya-
Oxunma sayı: 641

Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqənin keçiriləcəcyi Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən inşa olunan 23 min yerlik “Baku Cristal Hall”ın tikintisi böyük sürətlə aparılır. Hazırda həmin ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, burada yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır. Müsabiqə ərəfəsində Bakıda yeni mehmanxanaların tikintisi də davam etdirilir. 2011-ci ildə rayon ərazisində istifadəyə verilmiş “Hilton-Baku” mehmanxanası ilə yanaşı hazırda Azneft Meydanında yeni “Four Seasons” və Neftçilər prospektində “Marriot” (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində misli görünməmiş “Flame Tower” (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaq üzrədir.
Bu gün “Şəhidlər Xiyabanı” Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır, burada Həzi Aslanovun abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir, şəhərimizin simvollarından biri olan Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması, Səbail rayonunun rəmzi olan “Qız qalası”nda bərpa və konservasiya işləri aparılır.
Milli Bulvarda genişmiqyaslı yenidənqurma işləri və Bulvarın genişləndirilməsi, burada Xalça Muzeyinin tikintisi və “Kiçik Venesiya” şəhərciyinin salınması, mərkəzdə binaların üzlənməsi və fasadların təmiri aparılır.
Hazırda Dövlət Musiqili Komediya Teatrının, “Səadət sarayı”nın və Dövlət Filarmoniyasının binalarında əsaslı təmir aparılır, Xalq şairi Səməd Vurğunun ev-muzeyinin təmirinə başlanılıb.
Bu gün Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının, Bakı Oksford məktəbi üçün yeni tədris korpusunun, Zərifə Əliyeva küçəsində “İş Adamları Mərkəzi”nin, Neftçilər prospektində yeni yeraltı keçidin, yeni “İçərişəhər”, “Yeni Bayıl” və “Bayraq Meydanı” yarımstansiyalarının, İncəsənət Muzeyi üçün əlavə korpusun, “Azadlıq” Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qaracların, 20-ci yaşayış sahəsində “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Bibiheybət stadionunun əsaslı təmir-yenidənqurması və burada yeni müasir stadionun, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi işləri aparılır.
Qeyd olunanlarla yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun qəsəbələri və yaşayış sahələrində geniş abadlıq və təmir-tikinti işləri aparılır. Hazırda Badamdar qəsəbəsində ümummilli lider Heydər Əliyevin büstü ucaldılacaq Heydər Əliyev parkında əsaslı təmir-yenidənqurma işləri aparılır.

Nigar Məmmədli