Pənah Hüseynə qarşı daha bir şok iddia

penah-huseyne-qarsi-daha-bir-sok-iddia
Oxunma sayı: 735

“Qafqazinfo”nun məlumatına görə, o, “Bizim yol”a açıqlamasında bildirib ki, Əbülfəz Elçibəy prezident olduqdan sonra AzTV-yə 3 milyon dollar pul ayırıb. Çünki həmin vaxt televiziyanın texniki imkanları dağınıq durumda idi, olanlar da köhnə idi. Bundan sonra televiziyaya yeni texnika gəlməyə başladı. Ancaq sonra məlum oldu ki, bu texnika da köhnədir. Aydınlaşdı ki, pulu yeyiblər.
Müstəntiqin araşdırma apardıqdan sonra böyük yeyinti faktının aşkarlandığını deyən Xaliq Bahadır bildirib ki, yoxlamadan xəbər tutan kimi Pənah Hüseyn şirkətə gəlib direktor Məmməd İsmayıl və müavini Səfər Alışarlı ilə saatlarla müzakirə apardı: “O zaman Milli Təhlükəsizlik Nazirliyinin (MTN) televiziyada kuratoru vəzifəsində çalışan Ərəstun Oruclu ilə razılaşmışdıq ki, bu işin üstünü açaq. Bizə məlum oldu ki, onlar bizə qarşı iş görürlər və çalışırlar ki, istintaqı dayandırsınlar”.

X. Bahadır iddia edib ki, AXC iqtidarı dönəmində televiziyada baş verən yeyintinin başında sədr və müavin durub. Onun fikrincə sonradan Pənah Hüseyn də bu işdə ortaq olub: “Ola bilsin, indi bunu təkzib edəcək, lazım gəlsə, Qurana da and içəcək. Bəs hansı səbəbdən mənimsəmə ilə bağlı aparılan araşdırma dayandırıldı? Fakt budur ki, Pənah Hüseyn bu cinayəti ört-basdır elədi”.

Ərəstun Oruclu isə bildirib ki, araşdırmalar zamanı yeyinti ilə bağlı heç bir fakt üzə çıxmadı, yalnız şübhələr var idi. Araşdırmalara heç bir müdaxilənin olmadığını deyən Ə. Oruclu bildirib ki, sadəcə olaraq 4 iyun hadisələri bu araşdırmaların davam etdirilməsini aktuallıqdan çıxardı.

Deyilənlərə Pənah Hüseyn də münasibət bildirib. Onun sözlərinə görə, Məmməd İsmayılın, Səfər Alışarlının hər hansı bir cinayət etməsi barədə deyilənlərin heç bir əsası yoxdur və ola da bilməz: “Qərəzli, mənasız söhbətdir. Tərəfimdən hər hansı bir məsələnin ört-basdır edilməsi barədə iddialar da tamamilə əsassızdır. Konkret olaraq söhbətin nədən getdiyini bunları ortaya atan şəxs, yaxud da başqa bir nəfər desə, konkret də aydınlıq gətirmək olar. Hərçənd ki, nəsə ciddi bir şeyin ortaya çıxması, məncə, çətin ki olsun”.

Fatimə Kərimli