“Pənah Hüseynin “cik-cük”lü açıqlama verməsi etikadan kənardır

penah-huseynin-cik-cuklu-aciqlama-vermesi-etikadan-kenardir
Oxunma sayı: 690

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu “Reytinq” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Xalq Parlamenti yalnız parlamentar fəaliyyət göstərməlidir: “Əgər bu gün rəsmi parlament legitim deyilsə, bu o deməkdir ki, oradan saxtakarlıqla kənarda qalan adamların təşkil etdiyi parlament legitim olacaq. Bir də, biz qarşımıza məqsəd qoymuruq ki, müxalifətin simvolik parlamentini yaradaq. Bizim məqsədimiz demokratik ənənələrin həzm olunmasıdır. Bu gün İctimai Palatanı qəbul edirik ki, belə bir qurum var. Ona görə də, İctimai Palatanın Xalq Parlamentini qəbul etməmək üçün arqumenti olmayacaq”.

Pənah Hüseynin Xalq Parlamentinin İctimai Palatanın qarşısında səngərcik rolunu oynamayacağı ilə bağlı fikirlərinə gəldikdə S. Cəlaloğlu bildirib ki, Xalq Parlamenti İctimai Palatanın "razmer"indən çox böyükdür: “İkincisi, Xalq Parlamenti İctimai Palatanın ölçüsünə biçilməyib ki, onun qabağında ya səngər ola, ya da səngərcik. Biz elə fərqli yollarla irəliləyəcəyik ki, üz-üzə gəlib, bir-birimizə mane olmayaq. Pənah Hüseynin indidən narahat olması, "cik-cük"lü açıqlamalar verməsi isə yersiz və etikadan kənardır. Kimin "cik-cük"lü olmasını zaman göstərəcək. Hər halda bu gün İctimai Palatanın hər hansı böyük miqyaslı işi ortada deyil. Bu səbəbdən də Pənah Hüseynin yaradılması istiqamətində müzakirələr gedən bir təşkilatla bağlı bu cür əsassız və məntiqsiz fikirlər səsləndirməsi doğru sayılmır”.