Peyğəmbəri təhqir edənlər

peygemberi-tehqir-edenler
Oxunma sayı: 654


Səfirin öldürülməsi

Böyük Britaniyanın "Independent" qəzeti ABŞ-ın Liviyadakı səfiri Christopher Stevensin öldürüldüyü hücumdan 48 saat əvvəl Washingtonun Binqazidəki konsulluğuna və Qahirədəki səfiriliyə hücum ola biləcəyi ilə bağlı xəbərdarlıq edildiyi, amma buna baxmayaraq, zəruri olan həssaslığın göstərilmədiyini iddia edib. Xəbərə görə, Binqazidəki konsulluqda öldürülən səfir Stevens ölkəyə təzəcə qayıtmışdı. Səfirin Binqazi səfərinin təfərrüatları da gizli saxlanmışdı. Ancaq konsulluğa hücum edənlər dörd binadan ibarət olan konsulluqda əsas olaraq səfirin içində olduğu binanı hədəf olaraq seçmişdilər. Qəzet binalardan götürülən gizli sənədlərin ölkədə ABŞ-la əməkdaşlıq edən liviyalıların siyahısını, digər təhlükəsiz ərazilərin yerlərini və neft müqavilələrini ehtiva etdiyini iddia edib.

Məsələnin siyasi tərəfi

11 sentyabr terror hadisələrinin 11-ci ildönümündə və ABŞ-dakı prezident seçkilərinə ay yarım qalmış bu hadisələrin baş verməsi heç bir halda təsadüf sayıla bilməz. Həmçinin paytaxtda olmalı olan bu etirazların Binqazidə baş verməsi, səfirin paytaxtdakı qərargahında olmalı olduğu halda, Binqazidəki konsulluqda olması, bir çoxunun bilmədən bir yerə yığışmalı olduğu təqdirdə raketlərlə silahlanaraq məhz konsulluğa hücuma keçmələrinin heç biri təsadüf ola bilməz. Hətta səfir bəzi qruplara xidmət edən xüsusi xidmət orqanları tərəfindən də öldürülmüş ola bilər.
"Ərəb baharı"nın davam etdiyi bir ərəfədə Yaxın Şərq müsəlmanlarının küçələrə axın etmələrinin istəyənlərin bir neçə səbəbləri ola bilər:
1. Ərəb baharı üçün xarici müdaxilənin zəruriləşdirmək və ya buna münbit şərait yaratmaq.
2. Bu təxribatın yaradacağı nəticələrdən ABŞ-dakı prezident seçkilərində həlledici təsir meydana gətirmək.
3. Seçki ərəfəsində təkidlə Suriya mövzusunda uzaq dayanmaq üçün dirənən Obama hökumətini bu müdaxiləyə təhrik emək. Çünki bir səfirin öldürülməsinə heç bir prezident bəyanat verməklə kifayətlənə bilməz.
4. Demokrat partiyasının proqramında Qüdsün İsrailin paytaxtı olduğuna dair ifadəni çıxaran və Buşun kavboy siyasət tərzi ilə dağılan ABŞ-ın etibarını düzəltməyə çalışan Obamaya seçim ərəfəsində sürpriz hazırlamaq.
5. Film təxribatından istifadə edən İranın bölgə ölkələrinə mesajı kimi də başa düşülə bilər. Hizbullah liderinin insanları etiraz aksiyalarına çağırması və özünün də iştirakını qeyd edə bilərik. ABŞ-ın bölgədən uzaqlaşdırılmasını təmin etmək.

Bütün bunlardan da aydın olur ki, bu hadisələr hansısa məhəlli və ya fərdi təxribat deyil, ümumilikdə qlobal provokasiyanın təzahürüdür.

Müsəlmanların etirazları

Həqiqətən də film özünə, dininə, peyğəmbərinə az da olsa sevgisi olan bir müsəlmanın etinasız qala bilməyəcəyi təhrikedici bir filmdir. Müsəlmanlar əlbəttə, etiraz etməlidir. Amma etiraz edərkən diqqətli olmaq lazımdır. Haqlı olduğun halda haqsız vəziyyətə düşməmək üçün. Kiminsə hansısa gündəmi dəyişmək üçün sınaqdan çıxmış bu cür metoddan istifadə etməsinə müsəlmanlar da sınaqdan çıxmayacaq şəkildə etiraz etməməlidir. Çünki bu cür etirazlar İslamın mahiyyətinə ziddir. Müsəlmanların "Məni qızışdarsan, səni döyərəm" düşüncəsindən sıyrılıb, "tərbiyəsizlik etsən, özünü məsxərəyə qoymuş olarsan. Sənə əl qaldırmadan da ədəbimlə, sənin etdiyinlə sənə və səninkimilərə cavab verərək səni bunu etdiyinə peşman edərəm" üslubu ilə əvəz vermək lazımdır. Çünki unutmayaq ki, bu dini göndərən Allah dinini də, kitabını da qoruyacaqdır. Çünki buna Allah özü zəmanət verərək belə buyurur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" ("Hicr" surəsi, 15/9). Bu cür açıq-aşkar ifadə edilən bir ayə olduğu halda axmaq birinin axmaqlığına niyə axmaqcasına etiraz etməliyik" Unutmayaq ki, İslamda zülm zülmlə aradan qaldırılmaz. Təhqirə də daha böyük təhqirlə cavab verilməz.

Yanğınlar, nümayişlər, ölümlər, qarşıdurmalar, yaralamalar, dava-dalaşlar, iğtişaşlar... Bunların heç biri İslamın adındakı sülhə uyğun gəlmir. Bütün bunları İslamla uyğunlaşdırmaq absurd olduğu kimi, bir qrup insanın küçələrdəki etirazlarını da dünyadakı bütün müsəlmanları bu cür qələmə verərək tanıtmaq eyni dərəcədə absurddur.

Biz nəyə və nə üçün etiraz edirik? Filmdə Peyğəmbər təhqir olunduğuna görə. Bəs Peyğəmbər sağlığında bu cür və ya bundan daha betər təhqirlərə necə reaksiya vermişdi? Bəli, bunu nəzərə almaq lazımdır. Və nəzərə almaq lazımdır ki, Peyğəmbəri müdafiə etdiyimizi iddia edərək etiraz edərkən elə Peyğəmbərin özünə müxalifət etməyək. Peyğəmbər nə vaxt səfirlərin, elçilərin, məsələ ilə əlaqəsi olmayan insanların öldürülməsinə icazə verib? Əksinə Muhəmməd peyğəmbər elçilərin öldürülməsini birmənalı olaraq qadağan etmişdi. Səfiri öldürmək həm insan öldürmək baxımından ən böyük günah, həm də təmsil etdiyi ölkə ilə bağlı müqavilərə qarşı hörmətsizlik və cinayətdir. Bu işi edənlərin İslamdan xəbərsiz olduqlarını rahatlıqla demək olar.

Müsəlmanlar səfirliklərə hücum edərək İslamın qadağan etdiyi bir hərəkəti deyil, əksinə səfirliyin qarşısına həmin ölkənin dilində hazırlanmış Peyğəmbərin həyatından bəhs edən kitabı, hətta üzərində də gül verərək müsəlman imici göstərmələri daha gözəl olmazmı?

İslamı təhqir edən "müsəlmanlar"

Bu gün müsəlmanların özlərinin də İslamı başa düşmək problemi var. Müsəlman ölkədə dünyaya gələn, gözünü açıb özünü müsəlman adlandıran valideynlərin ailəsində yetişənlər belə bu gün Avropalıların təhqirindən də betər şəkildə İslamın əsasları ilə lağ edə bilir. Azərbaycanımızda Peyğəmbəri necə bilirlər? Necə tanıyırlar? Özünü müsəlman adlandıran bir azərbaycanlı da Peyğəmbər haqqında filmdə işlədilən təhqir ifadələrini rahatlıqla deyə bilir. Çünki bilmir. Çünki İslamı öyrənməyib. Valideyni özünü müsəlman adlandırdığı üçün, o da özünün müsəlman olduğunu hesab edir. Bugünkü toylarımız, yaslarımız, din xadimlərimizin etdikləri və yaşantılarımız nə dərəcədə müsəlman olduğumuzu göstərir. Sonra da biz başqalarında xətalar axtarırırıq. İlk növbədə özümüzlə məşğul olmalıyıq, dinimizi öyrənməliyik. Bu gün təhqir olunan Peyğəmbərimizin heç olmasa həyatını bilməliyik. Peyğəmbərin bizə gətirdiyi Allahın sözü olan Quranı ölülüər üçün olan kitab halından çıxarıb həyatımıza tətbiq etməliyik. Bunları bilmədən, öyrənmədən başqalarının bizə bu cür münasibətlərini də bilməyəcəyik.

Bu cür etirazlara etiraz edirik

Bu gün İslamı bilməyən bir insan müsəlmanların bugünki etirazlarına, aksiyalarına, nümayişlərinə baxaraq "insanları məhv etməyə gəlmiş bir din" kimi görməyəcəkmi? Təsəvvür edin, müsəlmanlarla bağlı çəkilən filmlərin, İslamdan bəhs edən kinoların, serialların demək olar ki, əksəriyyəti "Allahın qılıncı", "İslamın qılıncı" kimi ifadələrlə zəngindir. Filmlərin demək olar ki, əksəriyyəti qılınc, müharibə, döyüş səhnələri ilə doludur. Bunun səhvini niyə başqasında axtarırıq? Biz necə bir müsəlman kimi bu dinin mesajını düzgün tərzdə qonuşuluğumuzdakı ruslara, Avropadakı norveçliyə, ispana, çinliyə çatdıracağıq?

Əsri düzgün analiz etmək lazımdır. Dünyada baş verən prosesləri göstərildiyi kimi deyil, göstərilməyən tərəfləri ilə müsəlman bəsirəti ilə görməyə çalışmalıyıq. Məsələlərə dar çərçivədən deyil geniş üfüqlərdən baxmağı bacarmalıyıq.

Bu cür etiraz edənlərə İslamın ümumbəşəri mesajını necə daraltdıqları, hətta universal mesaja zidd şəkildə göstərdiklərini başa salmaq lazımdır.

Dinc insanları hədəf alan zorakılıq, əksinə onları müdafiə etməli olan dinin ruhuna xəyanətdir. Müsəlmanlar etirazlarını İslamın məğzinə uyğun tərzdə ifadə etməyi bacarmalıdır. Unutmamaq lazımdır ki, əgər davamlı müsbət dəyişikliklər istəyiriksə, bunu ədalətlə və qarşı tərəfin daha gözəl başa düşəcəyi şəkildə həyata keçirmək lazımdır. Allah Quranda belə buyurur: "Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun! Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır" ("Maidə" surəsi, 5/8).