Peyğəmbərin təhqir edilməsi...

peygemberin-tehqir-edilmesi
Oxunma sayı: 785

Muhəmməd peyğəmbər yenə təhqir olundu. Bu təhqirlər isə nə ilkdir, belə görünür ki, nə də son olacaq.

Peyğəmbərin sağlığından günümüzə qədər Allahın Elçisi müxtəlif mərhələlərlə təhqir olunub və olunur. Bəs nəticə? Nəticə isə ikitərəflidir: haqlı olduğu halda haqsız vəziyyətə düşən müsəlmanlar, haqsız olduqları halda müsəlmanların haqlı etirazlarını haqsız göstərən təhqirçilər. İki tərəfi bir yerə yığanda isə bir nəticə ortaya çıxır: Haqqı müdafiə etmək istəyən müsəlmanlar müdafiə etdiklərini haqqı ilə edə bilmədiklərinə görə haqsız vəziyyətdədirlər. Müsəlmanların bu vəziyyətdən çıxa bilmələri üçün İslamı və Peyğəmbərini təhqir edən filmi əsas alaraq bu haqda söhbət açacağıq. İlk olaraq Peyğəmbərin sağlığında təhqir olunması və bu təhqirlərə hansı münasibəti bəsləməsinə qısa olaraq toxunaq.

Peyğəmbərin sağlığında onu təhqir edənlər

Abdullahın oğlu Muhəmməd sakit, başıaşağı olduğu dövrlərdə hər kəs tərəfindən "Etibarlı Muhəmməd" mənasına gələn "Muhəmmədul Emin" adı ilə tanınır, hamı ona güvənirdi. Müxtəlif mənfiliklərin "kişilik" hesab edildiyi cəmiyyətin palçığına bulaşmayan Muhəmməd səssiz-səmirsiz həyatını yaşayırdı. Bu səssizlik özünü aktivliklə əvəz edəndə, başqalarının mənfəət pətəyinə tüstü buraxanda artıq sancmalar özünü göstərdi.

İlk təhqir edən əmisi olur

Muhəmməd ilk dəfə Allahdan başqa ibadətə layiq haqq məbud olmadığını, özünün də Allahın Elçisi və bəndəsi olduğunu hayqırandan sonra təhqirlər başladı. Amma Muhəmməd onların dediklərinə, etdiklərinə səbr edirdi. Bilirdi ki, onlar bilmirlər. Onlar isə bilmədən bilənə qarşı bilgisiz davranırdılar. Abdullahın oğlu artıq Allahın Elçisi olduğunu bildirəndə ilk etiraz və təhqir də Abdullahın qardaşı olan Əbu Ləhəbdən, yəni Muhəmmədin əmisindən gəldi. Ardınca əmisi yoldaşı bu karvana sarvanlıq etməyə başladı. Karvana qoşulanların sayı isə gün keçdikcə artdı. Əmisi Əbu Ləhəb Peyğəmbərin ardınca gedir, kimə İslamı anlatsa, dərhal: "Mən onun əmisiyəm. Muhəmməd sizi ata-babalarınızın dinindən döndərmək istəyir, nəbadə ona inanasınız", - deyirdi. Hətta qardaşı oğluna olan düşməçiliyi o həddə çatmışdı ki, Peyğəmbərin qızları Ruqiyə və Ummu Gülsümlə evli olan oğlanları Utbə və Uteybəyə onları boşatdırmışdı. Peyğəmbər isə bunları ancaq səbrlə qarşılayırdı.

Üzərinə dəvə cəmdəyi atırlar

Ukbə bin Əbu Muayt İslama düşmən olan məkkəlilərdən biri idi. Bir dəfə Muhəmməd Peyğəmbəri Kəbədə namaz qılarkən görüb özünü ətrafındakılara göstərmək və Muhəmmədin gətirdiyi İslama etirazını bildirmək istədi. Bu məqsəd üçün dəvə içalatısı gətirdi və Peyğəmbər namaz qıldığı ərəfədə, səcdə anında əlindəki cəmdəyi onun kürəyinə atıb kənara çəkildi. Allahın Elçisi çətin bir vəziyyətdə qalmışdı. Ukbə və ətrafındakılar qarınlarını qaşıyaraq bu əməllərindən ləzzət alır və qəhqəhə ilə gülürdülər. Peyğəmbərimiz uzun müddət başını səcdədən qaldıra bilmədi. Nəhayət, bu hadisəni uzaqdan görən Peyğəmbərin qızı Fatimə qaça-qaça atasının yanına gəldi. Göz yaşları sel kimi axan balaca Fatimə bir tərəfdən bu işi edənlərə əsəbləşir, digər tərəfdən də atasının üstünü təmizləyirdi. Rəsulullah istəsəydi, orada düşmənləri yerlə-yeksan olar, layiq olduqları cəhənnəmə gedərdilər. Amma O, həmişə dözümlülük və mülayimlik yolunu seçmişdi, bu gün olmasa da sabah mütləq başa düşüb haqqa gələcəklərinə ümid edirdi. Hıçqıraraq ağlayan qızına isə bunları deyirdi: "Qızım, ağlama! Bil ki, Uca Allah atanı düşmənlərinin şərrindən qoruyacaq və onlara qalib edəcəkdir".

Əl-qol hərəkəti edənlər də var idi

Mənfəətləri əllərindən çıxdığı üçün İslama və onu insanlara çatdıran Peyğəmbərinə etiraz edərək düşmən olanlardan biri də Uməyyə ibn Xələf idi. O da, hər dəfə Rəsulullahla rastlaşanda əl-qol hərəkətləri ilə Peyğəmbərimizi təhqir edir, göz vuraraq və ya ağzını-üzünü oynadaraq Onu alçaltmağa çalışırdı. Bir müddətdən sonra bu haqda Allah ayələrini göndərdi: "Vay halına qaş və göz hərəkətləri ilə, əl və qol oynadaraq alçaltmağa çalışanların...". Ayədə belə bir hərəkətin necə bir aqibətə düçar olacağını bildirirdi ("Huməzə" surəsi, 104/1-9), "Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, möminləri gördükdə isə deyirdilər: "Həqiqətən, bunlar azmışlardır!"" ("Mutaffifin" surəsi, 83/29-32).

Bədəni qanlar içində qaldığı an

Bir misal da Peyğəmbərin Taif səfərindən verək. Taif bağ-bostanları və yaşıllıqları ilə məşhur olan bir yer idi. Məkkədən təxminən 90 kilometr aralıda yerləşirdi. Burada Allah Rəsulunun ana tərəfindən qohumları yaşayırdı. Həmçinin Taif həyatının ilk dövrlərini yaşadığı süd anası Həlimənin yaşadığı yerə də yaxın idi. Rəsulullah əvvəlcə Səqif tayfasının yanına getdi. Çünki həmin vaxtlar səqiflilər Taifin tanınmış əyanları sayılır və onlara hörmətlə yanaşılırdı. Rəsulullahın qarşılaşdığı ilk şəxslər Amr bin Umeyrin üç oğlu Abdiyaleyl, Məsud və Həbib idi. Muhəmməd onlara haqqı çatdırdı. Onlar isə Peyğəmbərə lağ edir, onu məsxərəyə qoyurdular. Rəsulullah kədərlənmişdi. Çünki bu qədər yolu "bəlkə nəsə başa düşərlər" fikri ilə payi-piyada cənnətə bir qapı açmaq üçün gəlmişdi.
Taifdə daha betər məyus oldu. Çünki orada da haqq dini çatdırmasının əvəzində daşlanmaqla cavab verildi. Hətta daşı uşaqlara atdırırdılar. Allahın sevimli bəndəsi Peyğəmbərin ayaqlarından qan damcıları süzülürdü. Taifdən uzaqlaşaraq bir ağacın altında dincəlmək üçün dayandı. Allah Rəsulu iki rükət namaz qıldı. Aydın idi ki, belə vəziyyətlərdə güc və qüdrətin həqiqi sahibinə ürəkdən üz tutmaq lazım idi. Əlbəttə ki, bütün bunlar hirslə ayağa qalxıb ziyanla oturmamaq üçün ümmətinə edilən bir mesaj idi. Çünki O, hər cəhəti ilə nümunə götürüləcək bir model idi. Bir bəşər kimi hirslənməli olduğu vəziyyətlərlə də üzləşəcək və belə vaxtlarda da ümmətinə necə hərəkət etmək lazım olduğunu şəxsən göstərəcəkdi.
Bəli, Peyğəmbər namazını qılıb qurtarandan sonra əllərini yuxarı qaldırdı və yalvararaq dua etməyə başladı... Rəsulullahla birlikdə səfərə çıxan və bütün olanları birlikdə yaşadığı Zeyd heyranlıqla ona baxırdı. Bir az da diqqətlə qulaq asanda Allah Rəsulunun belə dediyini eşitdi: "Allahım! Güc və qüvvətimdəki zəifliyi, həllini tapa bilmədəki əlacsızlığımı və insanların məni təhqir etmələrini, alçaltmalarını Sənə həvalə edirəm".
Peyğəmbərimiz duasını hələ qurtarmamışdı ki, birdən yanında Cibril adlı mələklə və dağlara baxan mələk gəldi. Aydın idi ki, kədərli Peyğəmbərin yalvarışları Ərşi titrətmiş və Allah Onun köməyinə iki mələyi göndərmişdi. Cibril belə dedi:
- Ey Muhəmməd! Şübhəsiz ki, Allahın qövmünün Sənə dediklərindən və üz döndərdiklərindən xəbəri var. Budur, Sənə bunları layiq bilənlərə istədiyin hər şeyi etməsi üçün dağlara baxan mələyi göndərdi! Əgər Sən istəsən, bu iki dağı yerindən qaldırıb onların üstünə tökəcək. O bunun üçün gəlib.
Rəhmət Peyğəmbərinin fərqliliyi burada da özünü göstərdi. Heç nəyə baxmayaraq verəcəyi qərar özündən sonrakılar üçün də bir metod kimi qəbul ediləcəkdi. Buna görə də Allah Rəsulu qəti etiraz etdi: "Xeyr, qətiyyən! Ümid edirəm ki, Allah bunların da nəslindən Ona heç bir şeyi şərik qoşmayan bəndələr yaradacaq".

Mədinədə təhqirlərə necə cavab verdi?

Bəlkə bunların ancaq Məkkə dövrü ilə və həmin dövrdəki müsəlmanların zəifliyi ilə bağlı olduğu düşünülə bilər. Amma Muhəmməd peyğəmbər eyni münasibəti İslamın güclü olduğu dövründə də sərgiləmişdir. Buna Vəhş bin Hərblə bağlı hadisəni və onu el-obasından didərgin salan məkkəlilərə qarşı misallarla göstərə bilərik.

Əmisini öldürəni bağışladı

Müsəlmanların ən çətin vaxtında çox həlledici Uhud döyüşündə Peyğəmbərin əmisi Həmzəni öldürən Vəhşini və əmisinin ciyərlərini çıxaran Hindi İslamın güclü olduğu bir dövrdə bağışlamışdı. Sadəcə Vəhşidən xahiş etmişdi ki, onun gözünə görünməsin ki, hər dəfə Həmzəni öldürməsini xatırlamasın. Vəhşi özü bunları deyir: "Həmin gündən etibarən mən Peyğəmbərin gözünə görünməməyə çalışırdım. Əgər məclisdə insanlar onun qarşısında əyləşirdilərsə, mən onun arxasında bir yer seçib otururdum. Rəsulallah dünyasını dəyişənədək, onun bu sözündən çıxmadım".

Sui-qəsdçiləri əfv etdi

Hudeybiyədə hücum edərək Muhəmməd peyğəmbəri öldürmək istəyən bir qrup zərərsizləşdirilmişdi. Peyğəmbərin yanına gətirilən qrupu yenə Allah Rəsulu bağışladı (Muslim, "Cihad", 132, 133).

Qızının düşmənini də öldürtmədi

Habbar bin Əsvəd də İslama və Allahın Elçisinə düşmən olanlardan idi. Hətta bu şəxs Məkkədən Mədinəyə köç edən Peyğəmbərin qızı Zeynəbi hamilə olduğu halda nizəsi ilə vuraraq dəvədən yıxılmasına səbəb olmuşdu. Zeynəb bətnindəki salmış, özü də yaralanmışdı. Bu yara Mədinədə vəfatına səbəb olmuşdu. Həbbar bu cür bir çox cinayət törətmişdi. Məkkənin fəth edilməsindən sonra qaçıb canını qurtardı. Sonra Rəsulullah Mədinədə səhabələri ilə oturub söhbət etdiyi ərəfədə Peyğəmbərin yanına gələrək müsəlman olduğunu bildirdi. Allahın Elçisi bu cür bir adamı da bağışladı. Hətta onun təhqir edilməsini də qadağan etdi (Vaqidi, II, 857-858).

İslamın Fironunun oğlu da bağışlananlar oldu

İslam ümmətinin fironu sayılan Əbu Cəhl kimi oğlu da müsəlmanların düşmənlərindən idi. Məkkə müsəlmanlar tərəfindən fəth ediləndən sonra da şəhərdən qaçaraq Yəmənə sığınmışdı. Həyat yoldaşı İslamı qəbul edən İkriməni Peyğəmbərin yanına gətirdi. Allah Rəsulu İkriməni gözəl qarşıladı: "Ey köçəri süvari, xoş gəldin!", - dedi və etdiyi zülmləri üzünə vurmayıb onu bağışladı (Tirmizi, İstizan, 34/2735).

Peyğəmbəri zəhərləmək istəyən yəhudi qadın

Xeybərin fəth edilməsindən sonra bir qadın Allah Rəsulunun yeməyinə zəhər qoymuşdu. Rəsulullah əti ağzına aparan kimi zəhərli olduğunu bildi. Yəhudi qadın yeməyə zəhər qoyduğunu etiraf etdiyi halda, Allahın Elçisi həmin qadını bağışladı (Buxari, "Tibb", 55; Muslim, "Salam", 43).

Şairləri ilə cavab verdi

Şairlərin sözləri çox təsirli olduğu üçün onların təhqirləri bəzən ağızda-ağıza dolaşırdı. Peyğəmbərimiz də onlara Hassan bin Sabit, Kab b. Malik və Abdullah bin Rəvaha kimi müsəlman şarilərin şeirləri ilə cavab verdirirdi. Hətta Peyğəmbərimiz Hassan bin Sabitə buna görə dua da etmişdi.

Onu el-obasından çıxaranlara cavabı

Boya-başa çatdığı el-obasından köçmək məcburiyyətində qalan Rəsulullah on min nəfərlik bir ordu ilə Məkkəyə tərəf səfərə çıxdı. Məkkəyə daxil olaraq Kəbəni bütün bütlərdən təmizlədikdən sonra Kəbənin ətrafın yığışaraq onlar haqqında nə hökm verəcəyini gözləyən əhaliyə üzünü tutdu: Ey Qureyşlilər! İndi sizin haqqınızda mənim nə edəcəyimi gözləyirsiniz"", - deyə soruşdu. Onlar: "Sən yaxşılıq sahibi olan bir qardaşsan! Comərdlik və yaxşılıq yiyəsi olan bir qardaş oğlusan! Bizə səndən ancaq xeyir və yaxşılığın gələcəyinə inanırıq", - cavabını verdilər. Aləmlərə rəhmət olaraq göndərilən ("Ənbiya" surəsi, 21/107) Muhəmməd peyğəmbər isə onlara belə dedi: "Mənim sizinlə olan münasibətimiz Yusif peyğəmbərlə qardaşlarının vəziyyəti kimidir. Mən də Yusifin qardaşlarına dediyi kimi sizə deyirəm: "Bu gün sizə heç bir məzəmmət yoxdur. Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Çünki O, rəhm edənlərin ən rəhmlisidir" ("Yusif" surəsi, 12/98). Gedin, siz azadsınız!"

Məscidi çirkləndirənə dediyi sözlər

Bir nəfər bədəvi məsciddən ayaqyolu kimi istifadə etməyə başladı. Bunu görən insanlar dərhal reaksiya vermək istədilər. Lakin Peyğəmbər: "Ona dəyməyin!", - deyərək bir vedrə su istədi. Həmin yeri su ilə təmizləyəndən sonra səhabələrinə belə buyurdu: "Unutmayın ki, siz çətinləşdirmək üçün deyil, asanlaşdırmaq üçün göndərilmisiniz". Sonra Peyğəmbər həmin adamı yanına çağıraraq ona belə dedi: "Məscidlərin bu cür batırılması doğru deyil. Bu yerlər ancaq Allahı zikr etmək, namaz qılmaq və Quran oxumaq üçündür".

Ona qarşı edilənlərə Peyğəmbərin duası

Təhqirlərə və əziyyətlərə məruz qalan Peyğəmbər tez-tez Allaha belə dua edərdi: "Ey Allahım! Ümmətimi bağışla, çünki onlar bilmirlər" (İbn Macə, "Mənasiq", 56; Əhməd b. Hənbəl, "Musnəd", IV, 14).
Bəli, bağışlamağın ən məqbulu gücün çatdığı halda bağışlamaq, yaxşılıqların ən gözəli isə pisliyə qarşı yaxşılıqla əvəz verməkdir. Mərhəmətin ən üstünü isə sənə zülm edənlərə şəfqətlə yanaşmaqdır. Bütün bunlara görədir ki, Muhəmməd peyğəmbər dininə görə qızlarını boşayanları, Uhudda dişini qıranları, öldürmək üçün gələnləri bağışlayıb. Rəsulullah bütün bunları Allahın bu ayəsinə uyğun olaraq həyata keçirib: "Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər" ("Əraf" surəsi, 7/199).
Bəs bizlər?

kaspi.az