Polis Abbas Bağırovun maşınını soydu – Eksklüziv

polis-abbas-bagirovun-masinini-soydu-ekskluziv-
Oxunma sayı: 795

Maşından düşən müğənniyə avtomobilin bu şəkildə idarə edilməsinin düzgün olmadığı, “plyonka” və pərdələrin sökülməsinin zəruriliyi çatdırılıb. Lakin Abbas Bağırov mübahisə edərək əmrə tabe olmaq istəməyib. Paytaxtın Üzeyir Hacıbəyov küçəsində baş verən bu mübahisədə yol polisinin əməkdaşları qətiyyətli davranaraq müğənninin maşınına şəxsən əl gəzdirməli olublar. Onlar maşında artıq hesab etdikləri, yəni istifadəsinə icazə verilməyən pərdə və “plyonka”ları soyublar.

Qeyd edək ki, Azərbaycanda pərdə və “plyonka”lardan istifadə uzun müddət həllini tapmayan məsələlərdəndir. Bu mövzuya hətta dövlət başçısı səviyyəsində münasibət bildirilib. Bir neçə il əvvəl prezident İlham Əliyev xüsusi ilə məmurları hədələyərək onların “plyonka”lı maşınlarda gəzməsinin yolverilməz olduğunu demiş, bu neqativin aradan qaldırılmasını tələb etmişdi. Həmin vaxt heç kəsə şans verilmədən bütün yüksək vəzifəli məmurların belə avtomobilləri yolun ortasında saxlanaraq pərdə və “plyonka”ları soyulmuşdu. Və qeyd edək ki, bu tədbir kifayət qədər cəmiyyətdə müsbət rəy yaratmışdı. Lakin bu hadisədən bir müddət keçəndən sonra hər şey “köhnə hamam, köhnə tas” prinsipinə dönməyə başladı. Artıq son vaxtlar Bakıda bir qədər imkanı olan istənilən şəxsin az qala avtomobilinin qabaq şüşələrinə yüzlük “plyon”ka vurduğunu da görmək olar. Bu azmış kimi Bakını əcaib siqnallar başına götürüb gedir. Onlardan ən çox istifadə olunanı isə məşhur “Bəyin oğurlanması” filmindəki “Ələsgər, ay Ələsgər” ifadəsidir. Gör biz mədəniyyətimizi harada və necə istifadəyə layiq bilmişik? Bu siqnallar mövzusunda “Qafqazinfo” oxucularına ayrıca bir yazı da söz veririk.

Yeri gəlmişkən, dünən növbəti dəfə Baş Dövlət Yol Polisi bu barədə növbəti məlumatı yayıb. Həmin məlumatda qeyd olunur ki, nəqliyyat vasitələrinin ban şüşələrinin tündləşdirilməsi ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Baş DYP İdarəsi bir daha avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
- Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %
- Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 %
- Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %
Qeyd edirik ki, göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və inzibati məsuliyyətə cəlb edilir.